Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Azərbaycan Respublikası Kioto Protokolunun Təmiz İnkişaf Mexanizmində iştirak edir. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycanda İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası (1997-ci il 30 aprel) yaradılıb. Konvensiyanın milli əlaqələndiricisi təyin edilib və əlaqədar təşkilatların ekspertlərindən ibarət işçi qrupu yaradılıb.
Ölkəmiz Paris Sazişini 2016-cı ilin oktyabrında ratifikasiya edib. Paris Sazişi ölkələrin təqdim etdiyi Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC - Nationally Determined Contribution) əsasən öhdəlikləri müəyyən edir.
Paris razılaşmasına əsasən Sazişə qoşulan ölkələr 2030-cu ilə qədər 1990-cı ilin səviyyəsinə nisbətən atmosferə karbon və digər istixana qazlarının atılmasını 35 faiz azaltmalıdır. Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədində baza ili 1990-cu illə müqayisədə istixana qazı emissiyalarını 2030-cu ilə qədər 35% azaltmaqla bağlı milli hədəflər müəyyənləşdirib. 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının 26-cı konfransında Azərbaycan qlobal səylərə öz töhfəsini vermək məqsədilə yeni hədəflə çıxış edərək 2050-ci ilə qədər əlavə öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib.
Statistik məlumatlara baxsaq görərik ki, 1990-cı ildə Azərbaycanda atmosferə istixana effekti yaradan 78.9 milyon ton qaz (CO2) atılmışdısa, 2000-ci ildə bu göstərici 42.2 milyon tona düşsə də, 2021-ci ilə doğru artaraq 58.1 milyon ton olub. İstixana effekti yaradan qazların emissiyasını 1990-cı illə müqayisədə 35 faiz azaltmaqla bağlı Azərbaycanın milli hədəfinin gerçəkləşməsi üçün 2030-cu ildə bu qazların emissiyasının həcmi 51.3 milyon tona geriləməlidir. Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərdən bəlli olur ki, Azərbaycanda istilik effekti yaradan qazların emissiyası əsasən enerji sektoru ilə bağlıdır. 2021-ci ildə ölkədə enerji sektorunda atmosfer havasına atılan istixana qazları ümumi istixana qazı emissiyalarının 81,2 faizini təşkil edib.
Dünya Bankının Azərbaycanda iqlim göstəriciləri ilə bağlı hesabatında qeyd edilir ki, dekarbonizasiya üzrə öhdəliklərini gücləndirməsinə baxmayaraq Azərbaycanda 1990-cı illə müqayisədə istixana effekti yaradan qazların emissiyası 2030-cu ilədək yalnız 28 faiz, 2050-ci ildə isə 30 faiz daha az olacaq.
Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli 1396 nömrəli Sərəncamı ilə Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə Tədbirlər təsdiq edilib.
Qeyd edilən sənəddə Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq sənədlər və dövlətdaxilində görülən bir sıra tədbirlər ətraflı qeyd olunub.
BMT-nin “İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası” (1995-ci il), Konvensiyanın Kioto Protokolu (2000-ci il), “Ozon qatının qorunması haqqında” Vyana Konvensiyası, “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” və Protokola aid olan müvafiq düzəlişlər (1996-ci il), “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında” Konvensiya (2002-ci il), “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” Konvensiya (2004-cü il), BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası (2001-ci il), BMT-nin “Ciddi quraqlıq və yaxud səhralaşma baş verən ölkələrdə, xüsusilə Afrikada səhralaşma ilə mübarizə üzrə Konvensiyası” (1998-ci ildə), “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası (2003-cü il), BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyası (2000-ci il), həmin Konvensiyanın “Su və Sağlamlıq” Protokolu (2002-ci il), “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Beynəlxalq Konvensiya 5 əlavəsi ilə birlikdə (2004-cü il), BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyası (2000-ci il), YUNESKO-nun “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Beynəlxalq Konvensiyası (Ramsar Konvensiyası) və ona əlavə edilmiş dəyişikliklər haqqında Protokol və düzəlişlər (2000-ci il), “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya (1998-ci il), YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyası (1998-ci il), BMT-nin “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, qərar qəbul edilməsində ictimaiyyətin iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” Orxus Konvensiyası (1999-cu il), “Sərhədlərarası kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Konvensiya (1999-cu il) Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdəndir.
Həmin sənədə görə Azərbaycan tərəfindən görülmüş tədbirlərdən bəziləri isə bunlardır. “Azərbaycan Respublikasının Birinci Milli Məlumatları” hazırlanıb və Çərçivə Konvensiyasının Katibliyinə təqdim edilib. Ölkədə illik istifadə edilən ozonlaşdırıcı maddələrin miqdarı müəyyənləşdirilərək həmin maddələrin istifadəsinin mərhələlər üzrə azaldılmasını nəzərdə tutan Azərbaycan Respublikasının Ozon Strategiyası hazırlanıb, Strategiyaya uyğun olaraq Azərbaycanda ozonlaşdırıcı maddələrin istifadəsinin mərhələlər üzrə azaldılması qrafiki tərtib edilərək Konvensiyanın Katibliyinə göndərilib. Azərbaycanda Qlobal Ekologiya Fondunun maliyyə yardımı ilə ozonlaşdırıcı maddələrindən istifadə edən müəssisələrdə (Bakı “Çinar Soyuducuları” və Sumqayıt kompressor zavodlarında) rekonstruksiya işləri aparılıb və həmin müəssisələrdə ozondağıdıcı sayılmayan alternativ maddələrdən istifadə etmək nəzərdə tutulub. Azərbaycan Respublikası üzrə atmosfer havasına atılan tullantılar barədə 2002-ci il üzrə məlumatların Konvensiyanın Katibliyinə verilməsi təmin olunub və sonrakı illər üzrə belə məlumatların hazırlanması davam etdirilir. Almaniyanın Təbiəti və Ətraf Mühiti Mühafizə, Nüvə Reaktorlarının Təhlükəsizliyi üzrə Federal Nazirliyinin maliyyə dəstəyi ilə “Kür çayı hövzəsində qəza vəziyyətinin xəbərdarlıq edilməsi üçün tədbirlərin hazırlanması və tətbiq edilməsi” layihəsi həyata keçirilir. Layihəyə əsasən Cənubi Qafqaz dövlətlərində Kür çayı hövzəsində qəza vəziyyətinin xəbərdarlıq edilməsi məntəqələrinin yaradılması və müvafiq avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulub. “Təhlükəli tullantıların saxlanılması” Qaydası (AR NK-nın 14 iyun 2016-cü il 228 saylı Qərarı), “Təhlükəli tullantıların pasportlaşdırılması” Qaydası (AR NK-nın 31 mart 2003-cü il 41 saylı Qərarı) və “Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası” (AR NK-nın 25 avqust 2004-cü il 117 saylı Qərarı) təsdiq edilib. Həmçinin təhlükəli tullantıların basdırılması üçün beynəlxalq standartlara uyğun poliqon inşa edilib və 2004-cü ildən təhlükəli tullantıların saxlanması üzrə Milli Mərkəz fəaliyyətə başlayıb. Ötən müddətdə Çərçivə Konvensiyasının Azərbaycanda həyata keçirilməsi haqqında Milli Məruzə hazırlanıb, Milli Fəaliyyət Planının hazırlanması üçün məlumatlar təhlil edilib, ölkənin müxtəlif bölgələrində Konvensiyanın məqsədləri mövzusunda seminarlar keçirilib və digər işlər görülüb. Hazırda səhralaşma problemləri ilə əlaqədar Meşələrin Bərpası Proqramının əməli həyata keçirilməsinə başlanıb, proqram üzrə ildə 3,9 min hektar meşə əkini və 5,9 min hektar təbii bərpaya kömək tədbirləri nəzərdə tutulub. 2004-cü ildə “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı” (AR Prezidentinin 22 may 2004-cü il tarixli 222 saylı Sərəncamı ilə) təsdiq edilib. Texnogen təsirlər nəticəsində çirklənmiş torpaqların reabilitasiyası və rekultivasiyası üzrə də bir sıra layihələr həyata keçirilir. Konvensiyanın yerinə yetirilməsi üzrə aidiyyəti nazirliklərin və idarələrin, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət Koordinasiya Şurası yaradılıb. TACİS Proqramının xətti ilə maliyyələşdirilən “Çayların birgə idarə olunması” layihəsi yerinə yetirilib. Transsərhəd çaylarda çirklənmənin monitorinqinin müntəzəm olaraq aparılması üçün Qazax və Beyləqan rayonlarının ərazisində müasir tələblərə cavab verən analitik tədqiqat laboratoriyaları yaradılıb və müvafiq avadanlıqla təmin olunub. Xəzər dənizinin mühafizəsi, o cümlədən dənizin gəmilər vasitəsilə çirklənməsinin qarşısının alınması istiqamətində fəaliyyət aparılır.
Azərbaycan Respublikasının ərazisində bütün vacib ekosistemlərin, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan flora və fauna növlərinin qorunub saxlanılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, son iki il ərzində Azərbaycan Respublikasında 6 Milli Park (Ordubad, Şirvan, Ağ göl, Hirkan, Altıağac, Abşeron milli parkları), 2 dövlət təbiət qoruğu (Şahbuz, Eldar şamı) və Qax Hirkan və Arazboyu dövlət təbiət yasaqlıqları yaradılıb, 5 dövlət təbiət qoruğunun (Türyançay, Pirqulu, İlisu, İsmayıllı, Qarayazı) ərazisi genişləndirilib.
Hazırda xüsusi mühafizə olunan təbiət əraziləri 604,5 min hektarı əhatə edir ki, bu da ölkə ərazisinin 7 faizini təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikasında bioloji müxtəlifliklə bağlı BMT-nin İnkişaf Proqramı, Qlobal Ekoloji Fond, Almaniyanın İnkişaf Bankı (KfW) və digər beynəlxalq təşkilatlarla birgə müxtəlif layihələr hazırlanır və həyata keçirilir.
Qızılağac Dövlət Təbiət Qoruğu və Ağ göl Milli Parkının İnformasiya sənədləri 2004-cü ildə yeniləşdirilərək Konvensiyanın Katibliyinə göndərilib. Ağ göl Dövlət Təbiət Qoruğunun bazasında 17 924 ha sahədə Ağ göl Milli Parkı yaradılıb, xüsusi mühafizə olunan təbiət ərazisi statusu qazanmış ətraf ərazilərdə ümumilikdə biomüxtəlifliyin qorunması təmin edilib.
Xəzəryanı ölkələr arasında ilk dəfə olaraq Azərbaycan Respublikasında “Nərəcinsli balıq ehtiyatlarının istifadəsinin və dövriyyəsinin tənzimlənməsi Qaydaları” hazırlanıb.
Azərbaycan Respublikasının ərazisində yerləşən 4 təbii abidə (Hirkan Dövlət Qoruğu, “Bakı mərtəbəsi” dağı, Lökbatan palçıq vulkanı və Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlığı) YUNESKO-nun Ümumdünya Mədəni və Təbii İrs Fondunun siyahısına daxil edilmək üçün təqdim olunub.
Hirkan Dövlət Qoruğunun daha əhəmiyyətli olduğunu nəzərə alaraq, onun layihə-smeta sənədləri hazırlanıb Ümumdünya İrs Mərkəzinə göndərilib. Lakin Hirkan Dövlət Qoruğunun ərazisi 2906 ha olmaqla nadir Hirkan meşələrini tam əhatə etmədiyindən 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 21435,0 ha ərazidə Hirkan Milli Parkı və 2005-ci ildə 2252 ha ərazidə Hirkan Dövlət Təbiət Yasaqlığı yaradılıb.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakıdakı nümayəndəliyinin yardımı ilə Ətraf Mühitə dair İctimai Məlumat Mərkəzi (Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi) yaradılıb.
Təhmin Şəkibəyov
Hüquqşünas
Davamı var