COP29-da yeni hədəf üzrə razılığın əldə edilməsi daha iddialı İqlim Fəaliyyətini başlamaq üçün çox vacibdir. Yekun “yeni hədəf” iddialı və reallaşdırıla bilən maliyyə öhdəliyinə malik olmalıdır. O, kimin, hansı məqsədlə, hansı müddət ərzində töhfə verəcəyini və inkişafın necə izlənəcəyini müəyyən edən aydın qaydaları ehtiva etməlidir.
Yeni hədəf ölkələr üçün çətinlikləri etiraf etmək, 100 milyard dollarlıq hədəfdən öyrəndiklərini əsaslandırmaq və artan iqlim sərmayəsinin davamlı inkişaf və yoxsulluğun aradan qaldırılması ilə paralel getməsini təmin etmək üçün mühüm fürsətdir.
Nəhayət, artan iqlim və inkişaf maliyyəsi inkişaf etməkdə olan ölkələrin iqlimlə bağlı daha iddialı öhdəliklər götürməsini, itki və zərərlə mübarizə aparmasını təmin etmək üçün açardır. COP29-da yeni hədəfin qəbul edilməsi beynəlxalq iqlim maliyyəsi sisteminə etimadın yenidən qurulması və gücləndirilməsi üçün zəmin yaradacaq. Və o, iqlimlə bağlı fəaliyyət üçün kritik anda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyi təşviq edəcək.
BMT qaydalarına əsasən, COP29-a sədrlik etmək növbəsi Şərqi Avropada idi, lakin qruplar ev sahibi barədə yekdil qərar verməli idilər. Rusiya Avropa İttifaqı ölkələrini, Azərbaycan və Ermənistan isə bir-birinin təkliflərini əngəlləyirdi.
Hər kəs belə böyük konfransa ev sahibliyi edə biləcək bir ölkə ilə bağlı razılıq əldə edilməyəcəyindən narahat olmağa başlamışdı. Lakin Ermənistan öz təklifindən geri çəkildi və Azərbaycanı dəstəkləməyə razı oldu.
Belə ki, Ermənistan və Bolqarıstan da Azərbaycanla yanaşı namizədliklərini versələr də, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Birgə bəyanatda deyilirdi: "Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir".
Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürdü. Dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib.
Azərbaycan dövləti 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək olan COP29 tədbirinə böyük diqqət ayırır, bu nəhəng beynəlxalq tədbirə ciddi şəkildə hazırlaşmaqdadır və məsələ birbaşa ölkə rəhbərinin şəxsi nəzarətindədir.
2023-cü il dekabrın 15-də BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Həmin müşavirədə Azərbaycan Respublikası Prezidenti bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın antiterror əməliyyatlarından iki ay yarım sonra dünya dövlətləri tərəfindən yekdilliklə verilməsi Azərbaycana olan sonsuz etimadın və hörmətin göstəricisidir. Bundan əlavə o bildirdi: “Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim... Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir”.
Rəsmi məlumata görə, ötən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP28 tədbirində iştirak edənlərin sayı 100 minə yaxın olub. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkə başçısı bildirib ki, Avropa Oyunlarında Azərbaycana 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlib. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizə təşrif buyuracaq.
2024-cü il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalayıb. Yanvarın 22-də Təşkilat Komitəsinin ilk iclası keçirilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini, ölkəmizin baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılması öhdəliyini götürdüyünü, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, habelə Naxçıvan Muxtar Respublikasının “Yaşıl enerji” zonası elan edildiyini bildirib. Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edib.
2024-cü il aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29-un Azərbaycan üçün əhəmiyyətindən, COP tədbirinin sülh prosesəsinə verəcəyi töhfələrdən danışıb, forum iştirakçılarına Ağ şəhər layihəsi, Bibiheybət buxtası, Xəzərin geri çəkilməsi problemi, Qarabağ və Şərqi Zəngəzurda çay sularından səmərəli istifadə, transsərhəd çaylarla əlaqədar vəziyyət, yaşıl enerji ilə bağlı məlumat verərək qeyd edib: “Keçən ilin (2023-cü ilin) oktyabrında biz 240 meqavat gücündə ilk günəş elektrik stansiyasının açılışını etdik. Bu il isə əlavə dörd günəş və külək elektrik enerjisi stansiyasının təməli qoyulacaq və onların ümumi gücü 1300 meqavat olacaq. Bu isə bizim potensialımızı 1500 və hətta ondan da artıq edəcək. Lakin bu, sadəcə, başlanğıcdır. Çünki bizim həm dənizdə, həm də quruda nəhəng külək və günəş elektrik enerjisi potensialımız var. Buraya su elektrik stansiyalarını da əlavə etsək, - sadəcə, Qarabağda və Şərqi Zəngəzurda son 3 ildə su elektrik stansiyalarının gücü 170 meqavata yaxın olub və bu, yalnız başlanğıcdır... Azərbaycanda bərpaolunan enerji resurslarının istehsalını 5 qiqavata qədər artırsaq, bu, elektrik enerjisi üçün istifadə etdiyimiz təbii qazın böyük bir hissəsini əvəz edəcək və biz bərpaolunan enerji resurslarından istifadə üzrə hədəfimizə hətta daha qısa müddət ərzində çata bilərik.”
2024-cü il 21 iyulda “4-cü Sənaye İnqilabı dövründə Yeni media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxış edən Prezident İlham Əliyev burada da yaşıl enerji mövzusuna xüsusi yer ayırıb. O bildirib ki, Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə küləyə görə Xəzər dənizinin 157 qiqavat həcmində potensialı var. Eyni zamanda Günəş enerjisi sahəsində 10 qiqavat səviyyəsində memorandumlar və sazişlər imzalanıb. Beləliklə, texniki-iqtisadi əsaslandırmaya başlanılıb. Həmin memorandumların yarısı belə həyata keçirilsə, bu, bizim üçün kifayət edəcək ki, Avropada geniş coğrafiyaya elektrik enerjisini ixrac edə bilək. Ölkə başçısı həmçinin qeyd etdi: “...növbəti ilin sonuna qədər 200 meqavat gücündə olan 30 hidroelektrik stansiyanın tikintisini başa çatdıracağıq. Artıq 50 meqavatdan çox istismara verilib... Cəbrayıl rayonunda isə demək olar ki, bir neçə aydan sonra 240 meqavat gücə malik günəş stansiyasının tikintisinə başlanacaq”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ilin iyul ayında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiq edib. Araz çayı üzərindəki “Xudafərin” SES-in ümumi gücü 200 MVt, “Qız Qalası” SES-in ümumi gücü isə 80 MVt-dır. Ümumilikdə hər iki su elektrik stansiyasının Azərbaycan tərəfinə düşən payı 140 MVt təşkil edir və stansiyalarda ildə toplam 716 milyon kVt•st (358 milyon kVt•st Azərbaycan tərəfinin payına düşür) elektrik enerjisinin istehsalı planlaşdırılır.
2022-ci ilin payız aylarında “AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan su elektrik stansiyaları (SES) silsiləsinin (Sarıqışlaq, Şayıflı, Zəngilan, Cahangirbəyli) tikintisinə başlanılıb.
Bundan əlavə, 2023-cü il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışında iştirak edib.
Ümumiyyətlə Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Dünya Bankı Qrupunun təşəbbüsü olan “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” - ESMAP çərçivəsində aparılan ilkin təhlillərə görə, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində dənizdə külək enerjisinin texniki potensialı, dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt olmaqla, ümumilikdə 157 QVt səviyyəsində qiymətləndirilib.
Hesab edirik ki, COP29 tədbirinin yekununda Tərəfdaş dövlətlərin hansısa qərar qəbul edib-etməməsindən asılı olmayaraq Azərbaycan üçün üstünlükləri ondan ibarətdir ki, dünyanın diqqəti tamamilə ölkəmizə yönələcək, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcək, ölkə başçısının da bildirdiyi kimi Azərbaycan ən yüksək liqaya daxil olmaq istiqamətində növbəti mühüm addım atmış olacaq, 50-yə yaxın kiçik ada dövləti üçün yaradılacaq fond və oraya ediləcək ianə ölkəmizə yeni tərəfdaşlar qazandıracaq, yaşıl enerji sahəsinə yeni investorlar cəlb olunması üçün əlverişli şərait yaradacaq, ölkəzin daha geniş auditoriyaya tanıdılması üçün əvəzsiz piar olacaq.
Heç şübhəsiz ki, dünyanın ən nəhəng beynəlxalq tədbirlərindən biri olan COP-a Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin apardığı çoxşaxəli siyasətinin məntiqi nəticəsi, ölkə başçımızın növbəti möhtəşəm siyasi qələbəsidir.
Təhmin Şəkibəyov
Hüquqşünas