Dünyada binaların və fərdi yaşayış evlərinin dam örtükləri üzərində günəş panellərinin quraşdırılması geniş yayılan prosesdir. Bu həm ekoloji, həm də iqtisadi cəhətdən müsbətdir. Ölkəmizdə bu panellərə maraq olsa da, hələ də geniş yayılmayıb.
Mövzu ilə bağlı Modern.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov bildirib ki, bunun bir neçə səbəbi var:
“Əvvəla onu deyim ki, günəş su qızdırıcılarından istifadə Azərbaycanda çox güclü effekt verə bilər. Xüsusilə şəhər binalarında bunu mərkəzləşdirilmiş şəkildə təşkil olun bilsə, bütün binaların üzərində bu panellər quraşdırılsa, evlərimizə isti suyun gəlməsini qaz enerjisi istifadə etmədən təmin edə bilərik. Bu əlbəttə çox böyük təşkilatçılıq tələb edir. Tikinti şirkətləri bu cür su qızdırıcılarının qoyulmasında maraqlı olmalıdırlar ki, öz gələcək sakinlərinə bunu təqdim edə bilsinlər”.
O qeyd edib ki, günəş panelləri də eynilə su qızdırıcıları kimi tikinti şirkətləri tərəfindən quraşdırıla bilər:
“Bununla yanaşı bu panellərdən vətəndaşlar fərdi evlərində də istifadə edə bilər. Sadəcə bu barədə bizdə biliklər çox azdır. Bununla yanaşı bu panellərin qiyməti də kifayət qədər yüksəkdir. Bir neçə il əvvəl istehsalını təşkil etmək üçün hərəkətə keçmişdilər. Amma təəssüflər olsun ki, bu yarımçıq qaldı. Bu marağı yaratmaq üçün Energetika Nazirliyi başda olmaqla əlaqəli qurumlar maarifləndirmə tədbirləri görməlidir”.