Modern.az

Əlvida “Qara şəhər”, salam “Yaşıl Bakı”

Əlvida “Qara şəhər”, salam “Yaşıl Bakı”

COP29

26 Sentyabr 2024, 13:52

Ölkəmizin paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzi olan Bakı şəhəri qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir.

 

3500 ildən çox tarixi olan şəhərin adı əsasən iki ünsürlə - od və küləklə bağlı olub.

 

Qədim tarixi mənbələrdə Bakı şəhərinin adı çəkilərkən, mütləq bu iki ünsürdən biri xüsusi qeyd olunur.

 

Erkən orta əsrlərdə şəhər iqtisadiyyatının əsasını neft və duz istehsalı təşkil edirdi.

 

Karvan yolları üzərində yerləşməsi və dənizlə Şərq ölkələrinə çıxış imkanlarının olması şəhərin inkişafının mühüm amili hesab edilirdi.

 

Orta əsrlərdə Şirvanın əsas şəhərlərindən birinə çevrilən Bakıda əhali  sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradırdı.

Qara tüstünün əsiri olan “Qara şəhər”

 

Şəhərin yüksəliş dövrü 19-cu əsrin ortalarında neft sənayesinin inkişafı ilə bağlıdır.

 

1848-ci ildə dünyada ilk neft quyusu məhz Bakı şəhərində qazılmış, 1863-cü ildə Suraxanıda ağ neft zavodu tikilmiş, 1869-cu ildə isə mexaniki üsulla ilk dəfə olaraq ərazidə neft-qaz çıxarılmasına başlanmışdır.

 

1870-ci illərin əvvəlində neft sənayesi müəssisələri şəhərin böyük hissəsini tuturdu.

 

Zavodların his və tüstü buraxması ciddi narahatlıqlar yaratmağa başlayır.

 

Bunu nəzərə alan şəhər rəhbərliyi 147 neft müəssisəsini şəhərdən kənara köçürmək  haqqında qərar verməyə məcbur olur.

 

Beləliklə, 1876-cı ildə qismən Keşlə kəndi ərazisində və yerli sakinlərin bağ-bostan sahələrində Qara şəhərin əsası qoyulur.

 

1880-ci ilə qədər yeni rayonda artıq 118 sənaye müəssisəsi var idi.

 

 Burada neft müəssisələri, emalatxanalar, fəhlələr üçün evlər yerləşirdi.

 

1890-cı ildə Qara şəhərə səfər edən türk səyahətçi buranı belə təsvir edirdi: “Hər şey qaradır; divarlar, yer, hava və səma. Sən nefti hiss edirsən və tüstünü içinə çəkirsən və pis qoxu səni boğur. Sən səmanı bürüyən tüstü buludları arasında gəzirsən”.

 

İkinci Dünya müharibəsi illərində Qara şəhərdə yerləşən zavodlar cəbhənin əsas yanacaq təchizatı mənbəyinə çevrilir.

 

Müharibədən sonra burada yeni sənaye müəssisələri, idman və mədəniyyət mərkəzləri açılır.

 

Qara şəhər XX əsrin əvvəllərindən başlayaraq neftin emal olunması, saxlanılması və nəql edilməsi mərkəzi kimi fəaliyyət göstərərək bir əsrdən çox müddətdə neft sənayesinin inkişafında mühüm rol oynayır.

 

Qara şəhər iqtisadiyyatımıza və neft sənayesinin inkişafına töhfələr verməklə yanaşı, paytaxtın ekoloji mühitini korlayırdı.

 

Torpaqların neftlə çirklənməsi, kanalizasiya infrastrukturunun olmaması həmin ərazidə yaranan çirkab və istehsalat tullantılarının boş ərazilərə və birbaşa Xəzər dənizinə axıdılmasına səbəb olmuş və digər fəsadlarla nəticələnmişdi.

“Qara şəhər”in ağ günə çıxması

 

Şəhərin bu tarixi hissəsini yenidən qurmaq məqsədilə 2000-ci illərin ortalarında ciddi işlərə başlanılır.

 

Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nda paytaxtın ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasıəna xüsusi yer verilir.

 

Paytaxtın Qara şəhər adlanan ərazisində  “Bakı Ağ Şəhər” ekoloji şəhərsalma layihəsi həyata keçirilməsi nəzərdə tutulur.

 

2007-ci ildə Qara və Ağ Şəhərlərin ərazilərinin bərpa və inkişafı məqsədilə “Bakı Ağ Şəhər” layihəsi hazırlanır.

 

Azərbaycanda həyata keçirilən ən iri şəhərsalma layihələrindən biri olan “Bakı Ağ Şəhər”in  yaradılmasına  2011-ci ildə başlanılır.

 

Layihə çərçivəsində köhnə sənaye obyektləri şəhərin hüdudlarından kənara çıxarılır, yüz ildən artıq bir müddətdə neftlə çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması işləri həyata keçirilir.

 

 “Bakı Ağ Şəhər” layihəsinin Baş Planı 10 universal şəhər tipli məhəllənin salınmasını nəzərdə tuturdu.

 

Onların hər birində sakinlərin yaşayışı, işləməsi, istirahəti və əyləncəsi üçün ən yaxşı şərait yaradılması planlaşdırılırdı.

 

Ümumi sahəsi 15 milyon kvadratmetr olan “Ağ şəhər”də yaşayış və inzibati binalar evlər, ofislər, tikilir, parklar salınır və digər obyektlər inşa olunur.

 

Layihənin icrasında memarlıq, ekoloji uyğunluq və yeni ərazinin müasir şəhər ansamblına inteqrasiyası kimi mühüm istiqamətlər kimi əsas götürülür.

 

Bakının müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir və “Bakı Ağ Şəhər” layihəsini dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsinə çıxarır.

 

Buradakı infrastruktur layihələrinin hər birində ekoloji məsələlər nəzərə alınıb.

 

Xüsusilə yaşıllıq ərazilərinin salınması, maksimum park, ekoloji və estetik görünüş yaradan layihələr icra olunub və bu işlər davam etməkdədir.

 

Layihənin icrasına başlanandan 5 il sonra, 2016-cı ildə şəhərin ilk məhəlləsi istifadəyə verilir.

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər sırasında “Bakı Ağ Şəhər” layihəsini xüsusi vurğulayır: “Son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. Bakı sakinləri və qonaqlar bunu hiss edirlər ki, havanın keyfiyyəti böyük dərəcədə yaxşılaşıb. Nəyin hesabına? Çünki biz havanı çirkləndirən bir çox mənbələri ləğv etdik… Havanı, ekologiyanı böyük dərəcədə çirkləndirən “Qara şəhər” idi. İndi onun yerində “Ağ şəhər” yerləşir.”

 

 Bibiheybət, Balaxanı, Böyükşor layihələri

 

Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində ötən müddətdə bir sıra uğurlu layihələr həyata keçirilib.

 

Paytaxtda reallaşdırılan yeni layihələr sayəsində Bakının ekologiyasını böyük dərəcədə çirkləndirən yerlər və müəssisələr artıq ləğv olunur.

 

Onların yerində müasir, şəhərsalma qaydalarına uyğun yeni ictimai zonalar yaradılır.

 

Bibiheybət buxtasının yaşıllaşdırılması, neft gölməçələrinin qurudulması və təmizlənməsi buna gözəl nümunədir.

 

Vaxtilə ekoloji fəlakət yaşanan Bibiheybət buxtası indi yaşıllıq, park zonasına çevrilib.

 

Yaxın illərədək Balaxanı tullantı poliqonu da  şəhərin ekologiyasına ciddi təsir edirdi.

 

Bu acınacaqlı mənzərəyə son qoymaq məqsədilə ərazidə müasir standartlara uyğun müəssisə yaradılıb.

 

Hazırda həmin poliqonda məişət tullantılarının çeşidlənməsi və zərərsizləşdirilməsi həyata keçirilir.

 

 Son illərdə Böyükşor gölünün təmizlənməsi layihəsi də paytaxtımızın ekoloji mühitinin yaxşılaşdırılması baxımından böyük önəm daşıyır. Böyükşor da zamanında ekoloji fəlakət zonası idi. Bura həm kanalizasiya, həm də lay suları axıdılırdı. Eyni zamanda, göldən açıq səma altında neft anbarı kimi istifadə olunurdu.

 

Prezident İlham Əliyevin tapşırığı ilə göldə zəruri təmizləmə işləri həyata keçirilib. Qısa müddətdə gölün təmizlənməsinin birinci mərhələsi tamamlanıb.

 

Böyükşor gölünün ortasından çəkilən beton bənd üzərində müasir avtomobil yolu inşa olunub, həmçinin müvafiq layihə əsasında gölün kənarında bir kilometr uzunluğunda bulvar salınıb.

 

Bakı şəhərinin 2040-cı ilədək dövrü əhatə edən Baş planında da ətraf mühitin qorunması əsas inkişaf prioritetlərdən biri kimi əks olunub.

 

Baş plana əsasən şəhərin inkişafının ikinci prioritet istiqaməti ətraf mühitin regenerasiyasıdır.

 

Bura ictimai məkanların inkişaf etmiş sisteminin yaradılması, “Təmiz şəhər” yanaşmalarının tətbiq edilməsi, ekologiyaya daimi diqqətin göstərilməsi, ərazilərdən istifadəyə kompleks yanaşmanın tətbiq edilməsi kimi məqsədlər daxildir.

 

Baş planın dördüncü prioritetlərində isə müasir sənaye sahələrinin  və yeni sektorların yaradılması, Bakının regionun ən yaxşı turizm məkanına çevrilməsi, yaradıcı və neo-ənənəvi sahələrin dəstəklənməsi kimi müasir yeni dövrün çağırışlarını özündə əks etdirən tədbirlər aiddir.

Ətraf mühitin mühafizəsi “yaşıl iqtisadiyyat”dan keçir

 

Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl" iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır.

 

İqtisad elminə 21-ci əsrdə daxil olmuş bu termin iqtisad elminin ekologiya iqtisadiyyatı və ətraf mühit iqtisadiyyatı kimi sahələri ilə sıx bağlıdır.

 

“Yaşıl iqtisadiyyat insan rifahını və sosial ədaləti təmin edən ətraf mühit risklərini kəskin azaldan iqtisadi model kimi müəyyən edilir.

 

Onun əsas komponentlərindən olan “Yaşıl biznes müəssisələri”nin əsas təşəbbüsü xidmət və istehsal prosesi zamanı meydana gələn zərərli kimyəvi maddələrin, material və tullantıların təsirini azaltmaq yaxud aradan qaldırmaqdır.

 

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərində də ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası xüsusi vurğulanır.

 

Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi  bu baxımdan mühüm əhəmiyyət daşıyır.

 

COP-un son dövrlərdə neft ölkələrində keçirilməsi bu ölkələrin öz iqtisadiyyatını yaşıl enerjiyə keçid istiqamətində qurmağa doğru addımlamasının və ətraf mühit məsələlərinə həssas yanaşmasının göstəricisidir.

 

COP 29-a ev sahibliyi Azərbaycannın “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirilir.

 

Bu tədbir  ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərini nümayiş etdirmək üçün əlverişli fürsətdir.

 

Ölkəmizə qlobal diqqətin yönəldilməsi xüsusi ekoloji problemlər haqqında məlumatlılığı artıracaq.

 

Xüsusilə istixana qazlarının azaldılması, su qıtlığı, biomüxtəlifliyin itirilməsi kimi problemləri ön plana çıxaracaq.

 

COP29 işğaldan azad edilən ərazilərdəki ekoloji problemlərin həlli üçün də olduqca vacib platformadır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi