Azərbaycanda keçiriləcək COP29 beynəlxalq tədbirinə bir aydan az vaxt qalıb. Dünyanın ən vacib ekoloji tədbiri hesab edilən COP-un ölkəmizdə keçirilməsi Azərbaycanın həm ekologiyasına həm də iqtisadiyyatına töhfə verəcək.
Modern.az mövzu ilə bağlı iqtisadçı ekspertlər Eyyub Kərimlinin və Altay İsmayılovun fikirlərini öyrənib.
Eyyub Kərimli bildirib ki, COP29-un ölkənin tanıtımı və yaşıl enerjinin artması məqsədilə çox əhəmiyyətli təsirləri olacaq:
“Azərbaycanın və Qarabağ zonasının geniş yaşıl enerji imkanları var. Hesab edirəm ki, COP29-da da bu imkanlar araşdırılacaq və geniş tətbiq olunacaqdır. Bu yeni investorların cəlb edilməsinə müsbət təsir göstərəcək. COP29 nəinki Qarabağın, bütövlükdə Azərbaycanın yaşıl iqtisadiyyatının inkişafına əhəmiyyətli təkan verəcək. Digər tərəfdən dəm Qarabağa investisiya cəlb olunmasına əhəmiyyətli səviyyədə kömək edəcək. Həmçinin ölkə üzrə yaşıl enerji artmasına və xarici investisiyanın cəlb olunmasına təsirləri olacaq. Bu baxımdan COP29 həm ölkə həm də bölgələrin iqtisadiyyatı üçün əhəmiyyətli tədbirdir”.
Altay İsmayılov isə qeyd edib ki, COP29 beynəlxalq səviyyədə ekoloji məsələlərə, iqlim dəyişikliyinə fərdlərin, ölkələrin daha həssas yanaşması, təhlükələrə qarşı əməkdaşlığı artırmaq təşəbbüsüdür:
“Bu tədbirin ölkəmizdə keçirilməsi kifayət qədər əhəmiyyətli bir hadisədir. Ölkə olaraq biz beynəlxalq və regional əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayırıq. Bu təşəbbüs də müxtəlif ölkələrin ekoloji məsələlər istiqamətində birgə təşəbbüsləri gücləndirmək üçün bir platforma rolunu oynayacaqdır. COP20-a ev sahibliyi edən bir ölkə olaraq biz bundan sonrakı seçimlərimizdə daha həssas olmalı, bu istiqamətdə vəzifə və öhdəliklərimizə diqqətli yanaşmalıyıq. Məhz buna görədir ki, ölkəmizin yaxın perspektivdə prioritet olaraq elan etdiyi istiqamət Yaşıl İqtisadiyyat olmuşdur.
Ekspertin sözlərinə görə, ölkə ərazisində bütün fəaliyyətlərimizdə Yaşıl İqtisadiyyat istiqaməti nəzərə alınmalıdır. Xüsusi mənada Qarabağda iqtisadiyyatın, infrastrukturun, bütünlükdə yaşayışın bərpa edildiyi bir regionda bu bizim üçün həm prioritetdir, həm də qeyd olunan məsələlərin nəzərə alınması digər regionlarla müqayisədə daha asan olacaq:
“Ona görə ki, biz Qarabağda hər şeyi yenidən qururuq. Bu, mövcud olanı dəyişdirib yenisi ilə əvəz etmək yox, dağıdılan, məhv edilən bir regionu yenidən canlandırmaq fəaliyyətidir. Bunun üçün yenidən qurulan bir coğrafiyada təbiəti nəzərə alaraq ənənəvi enerji resursları yerinə bərpaediləbilən enerjiyə keçid, kənd təsərrüfatında orqanik məhsul istehsalına üstünlük verilməsi, yaşıl nəqliyyat infrastrukturunun yaradılması, bütün sahələrdə (xüsusilə kənd təsərrüfatında) su ehtiyatlarından səmərəli istifadə, ağıllı şəhər – ağıllı kənd konsepsiyaları, ekoloji təmiz məhsul və ətraf mühitə dost texnlogiyaların dəstəklənməsi kimi istiqamətlərin inkişafı çox vacibdir. Bunun üçün isə aydın məsələdir ki, mikro və makro səviyyədə maarifləndirmə şərtdir ki, bu da yaşıl iqtisadiyyat quruculuğuna köklənən təhsil yanaşması ilə mümkündür”.