Məlum olduğu kimi, COP-29 ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində distant formada təhsilə keçid ediləcək. Baş nazirin qərarına əsasən, 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək.
Sözügedən qərar universitetlərə də aiddir. Bəs ali təhsil müəssisələri distant formada dərslərə hazırdırmı?
Modern.az mövzu ilə bağlı universitetlər arasında sorğu keçirib.
Bakı Dövlət Universitetindən bildirilib ki, BDU COP 29 günlərində onlayn tədris prosesinə yüksək səviyyədə hazırdır: “2021-ci ildən BDU-da "Blackboard" rəqəmsal tədris platformasının tətbiqinə başlanılıb və pandemiya dönəmində uğurla tətbiq edilib. COP29 günlərində onlayn tədris də bu sistem vasitəsilə həyata keçiriləcək”.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən qeyd edilib ki, bu dövrdə ADPU-da dərslər "Microsoft Teams" platforması üzərindən təşkil olunacaq: “Bunun üçün bütün lazımi infrastruktur mövcuddur, tələbə və müəllimlərimizin korporativ hesabları tam işlək vəziyyətdədir. Bununla belə, proses zamanı yaranacaq hər hansı problemlərə qarşı qabaqlayıcı tədbirlər görmək üçün artıq test rejimində onlayn qruplarda dərslərin təşkili prosesi yoxlanılır. Qeyd edək ki, COP29 dövründə ADPU-da onlayn dərslər adi dərs qrafikinə uyğun olaraq eyni saatlarda təşkil olunacaq”.
Azərbaycan Dillər Universitetindən qeyd edilib ki, ADU dərslərin onlayn formada təşkili üçün bütün zəruri hazırlıqlar var: “Yaxın keçmişdə - pandemiya günlərində dərslər tamamilə onlayn qaydada keçirilmişdir. Bu təcrübə var, hazırda bütün maddi-texniki təchizat onlayn təhsilə imkan verir”.
Azərbaycan Texniki Universitetindən verilən məlumata görə, AzTU artıq pandemiya dönəmindən onlayn tədris təcrübəsini uğurla həyata keçirib: “Ona görə də düşünürəm ki, universitet olaraq onlayn tədris prosesinə tam hazırıq. Bunun üçün bütün imkanlar mövcuddur. Dərslər "Microsoft teams" platforması üzərindən keçiriləcək. Cədvəldə heç bir dəyişiklik edilməyib”.
Bakı Slavyan Universitetindən qeyd edilib ki, noyabrın 14-22 tarixlərində Bakıda keçiriləcək COP-29 konfransı ilə əlaqədar təlimata uyğun olaraq BSU-da da distant formada təhsilə keçid ediləcəkdir:
“BSU onlayn tədris prosesinə yüksək səviyyədə hazırdır. Bununla bağlı artıq akademik heyət və tələbələrlə maarifləndirmə işləri aparılıb. Professor-müəllim heyəti və təhsilalanların TEAMS platformasında təşkil ediləcək dərslərə girişinin təmin edilməsi üçün login-parollar işlək vəziyyətə gətirilib. Dərslərin distant şəkildə tədrisi üçün bütün lazımi tədbirlər görülüb və şərait yaradılıb”.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, AZMİU-da bundan əvvəl də onlayn tədrisin təşkili ilə bağlı təcrübə mövcuddur: "Bildiyimiz kimi COVID-19 pandemiyası zamanı ölkəmizdəki ali təhsil müəssisələrində, o cümlədən Azərbaycan Memarlıq və İnşaat Universitetində tədris onlayn şəkildə təşkil olunmuşdu. Həmin zaman universitetimizdə onlayn təhsilin təşkili və idarə olunması ilə bağlı böyük bir təcrübə əldə edilmişdi. İndi də COP29 konfransı ilə bağlı Bakı və Sumqayıtda yerləşən ali təhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Artıq universitetimizdə də bununla bağlı hazırlıq işləri görülüb. Fakültə və kafedralara tapşırıqlar verilib. Müəllimlərin kompüter və internetlə təminatı məsələsi yoxlanılıb. Tələbələrə bununla bağlı məlumat verilib. Dekanlıqlar və tələbə təşkilatları vasitəsilə onlarla fərdi və ümumi söhbətlər aparılıb. İnternet bağlantısı problemi olan tələbələrə hansısa şəkildə yardım olunsun və onların internet təminatı təmin edilsin".
Azərbaycan Universitetindən qeyd edilib ki, COP29 dövründə dərslər onlayn keçiriləcək: “Dərslərin məsafədən təşkili ilə bağlı bizim pandemiya səbəbilə çox yaxşı təcrübəmiz var və bu prosesə hazırlıqlıyıq. Artıq bir neçə ildir elektron universitet modeli uğurla tətbiq olunur. Bu model bizim onlayn tədris prosesini daha da asanlaşdıracaq və pandemiya dövründəki bəzi çatışmazlıqlar artıq olmayacaq. Onlayn dərslər üçün bütün imkanlara sahibik və tam hazırıq. Tələbələr üçün artıq təlimat hazırlanıb və bu günlərdə izah və təlimat onlara təqdim olunacaq”.
UNEC-dən verilən cavabda qeyd olunur ki, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil proseslərinin rəqəmsallaşması və distant təhsillə bağlı işlərə 2015-ci ildən başlanılıb.
"2018-ci ildə sinxron və asinxron distant dərslərin tədrisi üçün nəzərdə tutulan UNEC EXTERN Mərkəzinin rəsmi olaraq açılışı həyata keçirilmişdir. İlk distant dərslər Heydər Əliyev Fondu və Pekin Xarici Dillər Universiteti, eləcə də Konfutsi İnstitutunun dəstəyi ilə təşkil olunan çin dili kursları, həmçinin pilot layihə kimi qeyri ixtisas fənnlərinin sinxron olaraq distantı formada təşkili həyata keçirildi. Bu addım UNEC-in distant təhsilin inkişafı istiqamətində atdığı mühüm addımlardan biri idi.
Pandemiya dövründə UNEC qazandığı təcrübələr əsasında qısa zamanda bütün dərslərin distant formada təşkil edilməsinə nail oldu. Həmçinin, qeyd olunan dövrdə tələbələrin biliyinin qiymətləndirilməsi imtahanlar da distant formada təşkil olunmuşdur. Bu müddətdə UNECdə istifadə olunan Eduman tədrisin elektron idarəetmə sisteminə bir sıra zəruri əlavələr edildi ki, bu da distant dərslərin təşkilini daha da təkmilləşdirdi.
UNEC EXTERN Mərkəzində yaradılmış 6 studiya ilə start verilən layihə, sonradan UNEC-in 4 tədris binasında 200 hibrid auditoriyanın qurulmasına səbəb oldu. UNEC-in auditoriya fondunun 80 faizi hibrid və onlayn dərslərin keçirilməsi üçün tam təchiz olunmuşdur.
Hazırda UNECdə Qeyri-ixtisas fənləri sinxron olaraq onlayn keçirilir, həmçinin assinxron distant dərslərin təşkili ilə bağlı da geniş işlər görülür. İxtisas fənlərinin 3000 dən artıq videodərsləri və 1000dən artıq audio formatda elektron dərsliklər müəllimlər tərəfindən hazırlanıb müəllim kabinetlərinə yerləşdirilmişdir. Həmçinin tələbələrimiz elektron kabinetlərindən bütün tədris materialları, mühazirə materialları və sınaq suallarını əldə etmək imkanlarına malikdirlər.
UNEC-də distant tədrisin inkişafı məqsədilə müəllimlər üçün müxtəlif təlimlər təşkil olunmuş, tələbələrə isə distant dərslərə qoşulma qaydaları ilə bağlı təlimatlar təqdim edilmişdir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) noyabr ayinin 11-22 tarixlərində ölkəmizdə baş tutacaq COP29 ərəfəsində bütün dərsləri dərs cədvəlində heç bir dəyişiklik etmədən onlayn formada keçirəcəkdir. Bu məqsədlə zəruri hazırlıq işləri aparılmaqda və tədbirlər görülməkdədir. Müəllimlərimizin evdən dərslərə qoşulması üçün bütün texniki tələblər təmin olunmuşdur. Ehtiyac yarandığı halda, müəllimlər universitetdən dərslərə qoşulmaq imkanına da malik olacaqlar. Tələbələr isə yaşadıqları yerləri tərk etmədən mühazirə və məşqələ dərslərinə onlayn rejimdə rahat qoşula biləcəklər.
Bu prosesin idarə olunması məqsədilə inzibati heyətin 80%-dən çoxu öz işlərini evdən davam etdirəcəkdir. Dərslər üç növbədə təşkil ediləcək və həm bakalavr, həm də magistratura səviyyəsində təhsil alan tələbələri əhatə edəcəkdir. Ümumilikdə, distant tədris prosesi 18,850 tələbə və 1075 müəllimi əhatə edəcəkdir.
UNEC-in bu addımları onun dünya təhsil tendensiyalarına uyğun olaraq rəqəmsal təhsilin genişləndirilməsi istiqamətində atdığı mühüm addımlardır. Pandemiya dövründə əldə edilən təcrübə bu keçid prosesini daha da sürətləndirərək, universitetin hibrid və onlayn tədris sahəsində qabaqcıl mövqeyə gəlməsinə zəmin yaratmışdır.
UNEC rəqəmsal təhsil sahəsində dünya tendensiyalarını yaxından izləyir və ali təhsil sahəsində rəqəmsallaşma üzrə vacib yenilikləri tətbiq etməyə davam edir".