Modern.az

Bakıda yaşayanlar COP29-un yaratdığı fürsətdən İSTİFADƏ EDƏCƏK

Bakıda yaşayanlar COP29-un yaratdığı fürsətdən İSTİFADƏ EDƏCƏK

COP29

1 Noyabr 2024, 18:55

Bu ay Azərbaycan çox mühüm bir tədbirə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Dünyanın diqqət mərkəzində olan bu tədbir həm siyasi, həm enerji sektorunun, həm də miqrasiya sahələrinin inkişafı nöqteyi-nəzərindən çox vacib tədbirdir. 

 

COP29 ətraf mühitin qorunması, dayanıqlı inkişaf və gələcək nəsillərə sağlam bir dünya təslim etmək üçün qlobal miqyasda səlahiyyətli şəxsləri və mütəxəssisləri bir araya gətirir. 11-22 noyabr tarixlərində dünyanın 100-dən artıq ölkəsinin liderləri və digər vəzifəli şəxsləri daxil olmaqla on minlərlə şəxs Azərbaycana gələcək. COP29-nun Azərbaycanda keçirilməsi həm də ölkəmizin dünya üçün nə qədər əhəmiyyətli rol oynadığının bariz göstəricisidir.

 

2 həftədən artıq istirahət imkanı, təbiət və sağlamlıq…

 

Qeyd edək ki, 11-22 noyabr tarixlərində Azərbaycanda ümumtəhsil müəssisələrində payız tətili olacaq. Həmin tarixlərdə Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə distant (məsafədən) formada təhsil olacaq. Bir çox dövlət qurumunun əməkdaşı da sözügedən tarixlərdə evdən işləyəcək. Həmçinin, noyabrın 8-dən başlayaraq Azərbaycanda bayramlarla əlaqədar olaraq 6 gün iş olmayacaq.

 

Beləliklə, həm şagirdlər və onların valideynləri, tələbələr və dövlət qurumlarının əməkdaşları üçün 2 həftədən artıq istirahət imkanı yaranacaq. Ekspertlər bu imkanlardan yararlanmağı təklif edir. Həkimlər payızın gözəlliklərini yaşamaq, təbiət qoynunda dincəlmək üçün bu fürsətdən istifadə etməyi tövsiyə edir.

 

Bakıda uzunmüddətli iş və təhsil tempindən sonra rayonlara səfər etmək, ölkəmizin təbii gözəllikləri olan müxtəlif bölgələrində dincəlmək sağlamlığa müsbət təsir göstərəcək. Payız havasında təbiətdə istirahət, xüsusilə dağ havasının faydaları insanlara enerji yığmaq və stresdən xilas olmaq üçün unikal bir fürsətdir. Göygölün mavi suları, Qəbələnin füsunkar dağ mənzərələri və Qusarın yaşıllıqları insanları payızın gözəlliyinə dəvət edir.

 

Həkimlər deyir ki, payız aylarında təbitdə vaxt keçirmək, açıq havada gəzmək insanın həm fiziki, həm də zehni sağlamlığına müsbət təsir göstərir. Dağ havasında daha yüksək miqdarda oksigen olur ki, bu da şəhər mühitində yaşayan insanlara xüsusilə faydalıdır. Oksigenlə zəngin hava qanda oksigen səviyyəsini yüksəldir, enerji verir və fiziki gücü artırır. Bununla yanaşı, açıq havada hərəkət etmək ürək-damar sağlamlığını gücləndirir və metabolizmanı sürətləndirir. Araşdırmalara görə, dağ havasında dincəlmək, təmiz oksigenlə nəfəs almaq, insanın stress səviyyəsini əhəmiyyətli dərəcədə azaldır və immun sistemini möhkəmləndirir. Bu səbəbdən, Bakıda yaşayan hər kəs, uzun tətil müddətində rayonlara səfər edərək təbiətin müalicəvi gücündən faydalanmalıdır.

 

Tanınmış həkim, professor Adil Qeybulla da payız aylarında rayonlara səfər edəcək vətəndaşlara tövsiyələr verib. O, Modern.az-a açıqlamasında bildirib ki, insanlar tətil vaxtı adətən rayonlara üz tuturlar: “Əlbəttə ki, bu zaman bir sıra nüanslara diqqət edilməlidir. Məsələn, havaya uyğun geyim formaları seçilməlidir, diqqətli olunmalıdır. İnsanlar rayonlara üz tutarkən immun sistemlərinə diqqət etməli, bunun üçün vitaminli qidalanmalıdırlar. Xüsusilə meyvə-tərəvəzlə qidalanmalı, açıq havada gəzməyə üstünlük verməlidirlər. Bununla yanaşı fiziki aktivliyi artırmaq tövsiyə olunur”.

 

Daxili turizmə dəstək…

 

Uzun tətildə vətəndaşların turistik bölgələrimizə səfər etməsi, eyni zamanda Azərbaycanın daxili turizm sektoruna da müsbət təsir edəcək. Şəhər sakinləri paytaxtdan kənarda ölkənin turistik bölgələrinə axın edir, yerli iqtisadiyyata və daxili turizmin inkişafına töhfə verir. Turizm sektorunda fəaliyyət göstərən yerli sahibkarlar artıq buna hazırlaşır və obyektlərini tam hazır vəziyyətə gətiriblər. Göygöl, Qəbələ, Şəki, Qusar kimi rayonlar təbii və tarixi gözəllikləri ilə yerli turistlər üçün unikal bir cəlbediciliyə malikdir. 

 

Turizm məsələləri üzrə ekspert Rəhman Quliyev da deyir ki, COP29 zamanı Bakıda yaşayan bir çox vətəndaş regionlara üz tutacaq. “COP29-un mənfəəti nəinki Bakıya, həm də rayonlarımıza sıçradı. Bugün COP29-dan irəli gələn tədbirlər planı regionlarda böyük canlanma yaradıb. Regionlardakı hotellərimiz 80-90% doluluq səviyyəsini artıq keçib. Hesab edirəm ki, həmin ərəfədə isə doluluq səviyyəsi 100% olacaq. Bu da iqtisadiyyatımıza mühüm töhfə verir. Belə tədbirlərin ölkəmizdə davamlı keçiriləcəyi istisna deyil. Bu da öz növbəsində iqtisadiyyatımızın inkişafına təsir edir. Bu məsələlər hamısı ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Azərbaycan bütün dünyada beynəlxalq nüfuza sahib olub”.

 

Beləliklə, noyabr ayında Bakıda yaşayan insanlar üçün 2 həftədən artıq tətil imkanı yaranacaq. Şəhər sakinləri bu fürsətdən istifadə etməli, qarşıdakı uzunmüddətli iş dövrünə daha hazırlıqlı və dinamik qayıtmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi