Modern.az

Azərbaycan diasporu Şəhidlərimizi YAŞAT-la yaşadacaq

Azərbaycan diasporu Şəhidlərimizi YAŞAT-la yaşadacaq

11 Dekabr 2020, 15:18

Savaş zamanı yaralanan və şəhid olanların ailələrə dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna maraq artıb. Artıq  Fonda yardımlar edilir.

 

Dünyanın ayrı-ayrı ölkəsində yaşayan azərbaycanlılar arasında da Fonda dəstək olanlar var.

 

Modern.az bir neçə diaspor rəhbərinin bu məsələyə münasibətini öyrənib.

 

Şəhid ailələrini öz ailəmizdən ayıra bilmərik

 

Azərbaycan Fransa mədəniyyət  assosiasiasının sədri, Nant Qarabağ  məktəbinin layihə rəhbəri Toğrul Zeynalov bununla bağlı soydaşlarımıza müraciət edəcəklərini deyib:

 

 

“Bildiyiniz kimi, İkinci Qarabağ savaşı bizə yaralı yerimiz olan Qarabağı qaytardı. Bu məsələdə hər birimiz şəhidlərimizə borcluyuq. Onların xatirəsini əziz tutmalıyıq və onların ailələrini öz ailəmizdən kənar tuta bilmərik. Onların hər birinə  vətən borcumuz var. Şəhid ailələrinə və yaralılarımıza dəstək məqsədilə yaradılan istənilən platformanı dəstəkləməliyik. Ona görə də xaricdə olan hər bir soydaşımız öz ailə büdcəsində bu məsələləri prioritet məsələyə çevirməli və təbliğatçı olmalıdır. Biz də yaxın günlərdə texniki məsələləri həll edib ümumi formada soydaşlarımıza müraciət edəcəyik”

 

Bizə zəfər sevinci yaşadanlara kömək etmək borcumuzdur

 

Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndiricisi və “Azər-Türk” Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova Fondun yaradılmasının əhəmiyyətini xüsusi qeyd edib:

 

 

“Vətən müharibəsində əldə etdiyimiz qələbədə döyüşən oğullarımızın xüsusi rolu var. Onlar qanları canları ilə bizə zəfər sevincini yaşatdılar. Biz xaricdə yaşasaq da, hər zaman dövlətimiz, xalqımız üçün çalışmışıq. Yenə də nə dəstək lazımdırsa, onu etməyə çalışacağıq. Təbii ki, “YAŞAT” Fonduna yardım edənlər olacaq. Nəyə gücümüz çatırsa, onu mütləq edəcəyik”.

 

“YAŞAT”la əməkdaşlığa başlamışı

 

Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov  “YAŞAT” Fondunun yaradılmasının şəffaflığına xüsusi diqqət çəkib:

 

 

“Bu Fondun yaradılması yardım etmək istəyən insanlar üçün əlçatan olacaq. Biz bu yolla ehtiyacı olan şəhid ailələrinə, qazilərimizə yardım edə biləcəyik. Hətta Fonda yardımlarımızı etməyə belə başlamışıq”.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI