Modern.az

Diasporumuz Zəfəri qeyd edir 

Diasporumuz Zəfəri qeyd edir 

Diaspor

7 Noyabr 2021, 10:28

8 Noyabr Zəfər Günü - Azərbaycanın şanlı qələbəsi münasibətilə ölkə daxilində, eləcə də ölkəmizin hüdudlarından kənarda təntənəli tədbirlərə başlanılıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, komitənin dəstəyi ilə ölkədən xaricdə 100-dən çox tədbirə start verilib:


“Dünya azərbaycanlıları Zəfər Gününə coşqu ilə hazırlaşıb. Dünya ölkələri üzrə Azərbaycan diasporunun 150-ə yaxın tədbiri keçirilir. Bu tədbirlərin xarakteri yürüşlər, konsert proqramaları, bayraqqaldırma mərasimləri, idman yarışları, rəsmi görüşlər keçirilir.

 

Azərbaycan diasporu bu proqramlar arasında  mədəni tədbirlərə xüsusi yer verib. Tədbirlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da proqram üzrə iştirak edirlər.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Amerika Birləşmiş Ştatlarına səfəri başlayıb.

 

Orada dörd ştatın beş şəhərində Azərbaycan icması ilə birgə görüşlər nəzərdə tutulur. Azərbaycanı sevən və dəstək olan digər ölkə nümayəndələri ilə də tədbirlər planlaşdırılır. Noyabrın 5-də Nyu-York şəhərindəki Linkoln Mərkəzində Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin yekun konserti, Londonda “Chealsea Old Town Hall” bələdiyyə binasında “Voices of Peace” (Sülhün səsləri) adlı qala-konsert keçirildi”.

 

Alman–Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmov bildirib ki, Almaniyanın Köln şəhərində “Qarabağ Azərbaycandır!” adlı fotosərgi keçirilib:

 


“Keçirilən sərgidə Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə törətdiyi vandalizm aktlarını əks etdirən fotomateriallar yer alırdı. Bundan başqa sərgidə Kölndə yaşayan azərbaycanlı Vahid Məmmədov Azərbaycan musiqisi səsləndirdi. Sərgidə iştirak edən alman vətəndaşlarına məlumat xarakterli broşürlər və “Zəfər Günü” münasibətilə xüsusi hazırlanmış şirniyyatlar paylanıldı”.

 

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiyası Şurasının Misir üzrə əlaqələndiricisi, eyni zamanda “Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, onun təşkilatçılığı ilə Misirdə bayramla əlaqədar tədbir keçirilib:

 

“Misirdə yaşayan həmvətənlərimiz və yerli sakinlərin iştirakı ilə geniş tədbir keçirildi. Yerli sakinlərə erməni yalanlarının ifşası istiqamətində görülmüş işlərdən bəhs edildi. Daha sonra burada fəaliyyət göstərən Azərbaycan dili kurslarının müdavimlərin Qarabağa həsr olunmuş şeirləri dinlənildi, səhnəciklərə baxıldı.

 

Həmvətənlərimiz tərəfindən Qarabağ və Azərbaycana həsr olunmuş rəsmlər qiymətləndirilib, hədiyələr təqdim olundu. Bununla bağlı müxtəlif media orqanlarında məqalələr çap etdirildi”.

 

Bundan başqa Zəfər Günü Türkiyənin İstanbul şəhərində də qeyd edilib.

 

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə baş tutan görüşdə 39 ölkədən 60-a yaxın gənc iştirak edib. Tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun hesabat xarakterli videoçarxları, eləcə də Azərbaycan diasporunun Şuşa səfərlərinə dair videoçarxlar nümayiş etdirilib.
Qeyd edək ki, müxtəlif ölkələrdə keçirilən tədbirlər həmin ölkələrin yerli mediasında geniş işıqlandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu