Bu il Azərbaycan xalqının həyatında mühüm ictimai-siyasi, mədəni və hərbi hadisələrin baş verməsi ilə yadda qalıb. Həmçinin, 2021-ci il post-müharibə dövrüdə Azərbaycan diasporunun inkişafı və formalaşması baxımından yeni mərhələ təşkil edir. Milli diasporun formalaşmasında azərbaycanlı gənclərin yaxından iştirakı təşkilatlanmanın xarici ölkələrdə nə qədər vacib olduğundan xəbər verir.
Dövlət müstəqilliyimizin bərpasından sonra dünya azərbaycanlılarının birliyi Azərbaycan diasporunun konkret hədəflərinin nə olduğunu bəyan edib. Səmərəli dövr mərhələsində müxtəlif ölkələrdə diaspor təşkilatlarının fəaliyyətinin güclənməsi və mütəşəkkil forma alması üçün onların vahid mərkəzdə birləşməsi zərurəti elə bu minvalla reallaşdırılır və mütəmadi olaraq diaspor təşkilatları birləşməyə, koordinasiya şuraları çərçivəsində fəaliyyətə təşviq edilir. Diaspor təşkilatları mövcud koordinasiya şuralarının çətiri altında ölkəmizin mənafeyinə zidd olan addımlara daha operativ adekvat cavab verməklə mühüm işlər görür və nəhayətində diasporumuz ölkəmizin milli maraqları ilə bilavasitə bağlı olan məsələlərə təsirli reaksiya verir. Artıq sübut olundu ki, birgə və koordinasiyalı fəaliyyətə alternativ yoxdur və bu gün Azərbaycan diasporunun qarşısında duran əsas hədəf də elə budur.
Modern.az 2021-ci ildə diaspor fəaliyyətinin ən yaddaqalan məqamlarını təqdim edir:
2021-ci ildə diaspor fəaliyyətinin əsas uğurlarından biri Şuşa səfəridir.
Diaspor nümayəndələrimiz tarixi mədəniyyət paytaxtımızda gördüklərindən danışırlar...
Səfər haqqında təəssüratlarını bölüşən İsveçrədə fəal diaspor üzvü Ülviyyə Nəcəfova bildirib ki, o, 28 ildən sonra Qarabağa, Şuşaya gedib:
“O an yaşadığım duyğuları ifadə etmək, dilə gətirmək çox çətindir. Bambaşqa duyğular yaşadım. O an yaşadıqlarımı düşünəndə indi də qəhər məni boğur. 28 il sonra o torpaqlara, doğma Qarabağa qayıtdım”.
Azərbaycana qarşı ermənilərin ərazi iddiası və dinc əhalinin kütləvi qırğınları ilə başlayan I Qarabağ müharibəsi zamanı Ülviyyə Nəcəfova 8 yaşında olub və valideynləri ilə birgə yaşadığı Xocavəndin Axullu kəndindən zorla qovulub. Öz ata-baba yurdundan zorla qovularaq çıxarılan Ülviyyə Nəcəfova deyir ki, erməni terrorçuları təkcə onların yaşadığı rayonu, kəndi və ya evini yox, onun uşaqlığının ən gözəl çağlarını da əlindən alıb:
“Yaşadığım dəhşəti gözümün önünə gətirə bilmirəm. Mən o zaman 8 yaşında idim. Həmin gün elə bilirdim ki, bir də evimiz olmayacaq, valideynlərimlə birlikdə yaşamayacağıq. Hazırda İsveçrədə yaşayıram. Uşaqlıq illərində yaşadığım o dəhşətli günləri İsveçrədəki dostlarımla bölüşürəm. Sədri olduğum İsveçrə Qarabağ Azadlıq Mərkəzində Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əlimizdən gələni edirik. Şuşada olmaq mənim üçün ayrı bir xoşbəxtlik idi. Qarabağdan çıxanda 8 yaşım vardı. Mən 28 il öncə yaşadığım Axullu kəndindəki evimizi zorla tərk eləmişdim. Gələndə dostlarıma da dedim. Mən 28 ildən sonra ilk dəfə, ayaqyalın çıxdığım yolu geri qayıtdım. Buna görə də duyğularımı dilə gətirə bilmirəm. Şuşa səfəri zamanı göz yaşlarıma hakim ola bilmədim. Bu, sevinc göz yaşları idi. Çox qürurverici an idi. Şuşada aparılan abadlıq işlərini görəndə isə çox duyğulandım. Çox sevindim”.
İsveçdə yaşayan diaspor nümayəndəsi Səadət Kəriminin dediyinə görə, Şuşa səfəri zamanı diaspor nümayəndələri uzun illər işğal altında saxlanılan doğma torpaqlarımızda ermənilərin törətdikləri vandalizmi, barbar əməlləri yerindəcə öz gözləri ilə gördülər:
“Hər bir diaspor nümayəndəsinin qarşılaşdığı mənzərə nə qədər ürəkağrıdıcı və dözülməz olsa da, onlar yaşadıqları ölkələrə geri qayıdarkən Ermənistanın terrorçu mahiyyətini ifşa edəcək xeyli faktlar topladılar. Geri qayıtdıqdan sonra bütün diaspor nümayəndələri tərəfindən Ermənistanın müharibə və hərbi cinayətlərini, Qarabağda törətdikləri dağıntıları dünyanın aparıcı ölkələrində yenidən gündəmə gətiriləcək. Təkzibolunmaz faktlar nüfuzlu diaspor təşkilatlarına, müxtəlif vətəndaş cəmiyyətlərinə göndəriləcək”.
“Arxangelsk vilayətinin Azərbaycan diasporu” Təşkilatının sədri Tərlan Qasımov deyir ki, Cıdır düzü Şuşanın, Şuşa da Azərbaycanın əsas rəmzlərindən biridir:
“Ali Baş Komandan, Prezident İlham Əliyev, qüdrətli Azərbaycan Ordusu imkan verə bilməzdi ki, belə müqəddəs yerlərdə düşmən artıq hərəkətlər etsin. İndi Cıdır düzündə şərabı milli çay süfrəsi və təamlarımız, milli qürurumuza toxunan artıq hərəkət və rəqsləri isə ailə dəyərlərimiz əvəz edir.
“Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa təkcə qarabağlılar üçün yox, bütün azərbaycanlılar üçün qürur yeri, müqəddəs şəhər, hər mənada ucalıq rəmzi olub. Azərbaycanın hər qarışı bizim üçün əzizdir, amma Şuşanın qəlbimizdə yeri tamamilə başqadır. Şuşa Qarabağın əzəmətli zirvəsi, Azərbaycanın şah damarıdır”.
ABŞ-da yaşayan diaspor nümayəndəsi Nəzrin Quliyeva bildirib ki, bütün diaspor üzvləri Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşanı 28 ildən sonra ziyarət etmək sevincini yaşayıb:
“Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir. Bu qələbə xaricdə yaşayan, fəaliyyət göstərən diaspor nümayəndələri tərəfindən böyük sevinclə qarşılandı. Qələbəmizi sevinclə, qürurla qeyd etdik. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər çərçivəsində isə əziz Şuşada olmaq, bu cənnət diyarı ziyarət etmək sevinci yaşadıq”.
N.Quliyeva deyib ki, işğaldan azad olunan torpaqlarımızı seyr edərkən insan düşünür ki, sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib:
“Mənfur ermənilər hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istəklərinə nail ola bilməyiblər”.
Polşada yaşayan diaspor nümayəndəsi Nicat Həsənlinin dediyinə görə, Azərbaycan illərlə səbrli, əzmli şəkildə güclənərək iqtisadi-hərbi potensialını artırmaqla Şuşanın, ümumilikdə Qarabağın azad edilməsinə doğru irəlilədi. Nəhayət, bu tarix yaşandı, indi dünyanın aparıcı ölkələri Azərbaycan Ordusunun məhz Şuşada reallaşdırdığı hərbi əməliyyatları öz hərbi dərsliklərinə salırlar.
İsveçdən olan diaspor nümayəndəsi Qasım Nəsirli vurğulayıb ki, çox sevindirici və qürurverici haldır ki, 8 noyabr Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazılıb:
“Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu tarix Prezidentin Sərəncamı ilə “Zəfər günü” elan edilib. Bu gün əziz Qarabağımız, Şuşamız azaddır. Orada şanlı bayrağımız qürurla dalğalanır. Xalq olaraq fəxrlə əzəmətli şəhərimizi necə dəyişib cənnətə çevriləcəyi günü gözləyirik. Bu sevinci bizə yaşadan. Ali Baş Komandan, Prezident İlham Əliyevə, Qüdrətli Azərbaycan Ordusuna sönsuz təşəkkürlər. Ordumuzun qəhrəmanlıq salnaməsi yazılan Şuşa milyonlarla azərbaycanlını birləşdirən dəyərdir. Qarabağın əzəmətli qalası bizim həm də müqəddəs ziyarət ocağımızdır”.
Onun dediyinə görə, bu gün Müzəffər Ali Baş Komandanımızın və Ordumuzun sayəsində xalqımızın ən ağrılı problemi həll olunub, torpaqlarımız işğaldan azad edilib. Bu, tarixi nailiyyətdir, Azərbaycan xalqına məxsus olanın onun özünə qaytarılması missiyasıdır.
Türkiyədə yaşayan diaspor nümayəndəsi Şəbnəm Karslı bildirib ki, doğma Qarabağa, Qarabağın tacı olan Şuşaya gəldiyi, bu torpaqları ziyarət etdiyi üçün çox xoşbəxtdir:
“Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir. Qüdrətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu”.
Digər diqqətçəkən məqam isə fərqli ölkələrdə yaşayan soydaşlarımızın erməni vəhşiliklərinə qarşı birləşməsidir.
Bu ilin yay ayında Rusiyadakı soydaşlarımız Ermənistan hakimiyyətini ittiham ediblər. Rusiyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları azərbaycanlı jurnalistlərin və yerli icra hakimiyyəti nümayəndəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində mina partlayışı nəticəsində həlak olması ilə bağlı bəyanatla çıxış ediblər. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, "Moskva Azərbaycanlıları İcması"nın rəhbəri Şamil Tağıyev, "Perm vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti" regional ictimai təşkilatının sədri Çingiz İsayev, “Orenburq Azərbaycanlılarının Milli Konqresi” təşkilatının sədri İlkin Kərimov, “Azəri" Milli-Mədəni Birliyinin sədri Ağababa Dadaşov, “Dostluq” Primorsk–Azərbaycan diasporu ictimai təşkilatının sədri Ramiz Zeynalov, “Samara vilayəti Azərbaycanlılarının Liqası” ictimai təşkilatının sədri Şirvan Kərimov, “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov, Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov və “Azərbaycanlıların Konqresi” Şimali Osetiya Regional Milli Mədəni ictimai təşkilatının fəxri prezidenti Şahin Məmmədovun imzaladıqları bəyanatda bildirilib ki, ötən il noyabrın 10-da üçtərəfli Bəyanatdan indiyədək 120 azərbaycanlı mina partlayışları nəticəsində həlak olub və ya yaralanıb. Diaspor təşkilatlarının rəhbərləri təəssüflə qeyd ediblər ki, beynəlxalq qurumların təmsilçiləri Ermənistan hakimiyyətinin mina xəritələrini verməkdən imtina etməsini və beynəlxalq öhdəliklərini pozmasını sükutla izləyirlər. İrəvanın mənəviyyatdan və humanizmdən kənar hərəkətlərinə fikir verilmədiyi zaman isə Qarabağda günahsız insanlar həlak olur, Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması imkanları qeyri-reallığa çevrilir. Bəyanatda rəsmi İrəvanın antihumanist siyasəti hiddətlə pislənilib və beynəlxalq ictimaiyyətdən Ermənistan hakimiyyətini öz öhdəliklərini beynəlxalq hüquq çərçivəsində yerinə yetirməyə məcbur etmək tələb olunub.
İsveç Yönköping Regional Parlamentinin deputatı, İsveç Azərbaycanlılarının Koordinasiya Şurası idarə heyətinin sədri, İqtisadi və hüquqi məsələləri üzrə məsləhətçi İradə Əliyeva Modern.az-a deyib ki, bu il Azərbaycan diasporu üçün keçən ilə nisbətən daha yaxşı oldu:
“Keçən il bizim üçün daha həyacanlı olub. Bu il artıq biz üzərimizə düşən vəzifələri yerinə yetirməyə başlamışıq. Onlayn tədbirlərdən canlı görüşlərə keçə bilmişik. Zəfər günümüzü təntənəli şəkildə həyata keçirə bildik. Eyni zamanda qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Onu xaricdə yaşayan azərbaycanlılarla birlikdə keçirməyi düşünürük. Bu il bir daha onunla fərqlənir ki, artıq biz bayramlarımızı azad, müstəqil, ərazi bütövlüyü bərpa olunmuş xalq olaraq qey edirik. Görüdüyümüz işlərdə daha inamlı olaraq işlər görməyə başladıq. Bundan sonra da qələbəmizin haqlı olduğunu dünya ictimaiyyətinə çatdırmağa davam edəcəyik. Bütün işlərimizdə əsas prinsip budur. Pandemiyanın bizə yaratdığı əngəllərə baxmayaraq işlərimizi davam etdirəcəyik. Bu il bizim üçün önəmli və uğurlu olub. Bunun belə də davam etməsini istəyirik”.
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiyası Şurasının Misir üzrə əlaqələndiricisi, eyni zamanda “Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov qeyd edib ki, 2021-ci il artıq Azərbaycan xalqı və Azərbaycan diasporu üçün yeni dövrün başlanğıcı olaraq qiymətləndirilməlidir:
“Mən 26-dən artıqdır ki, Misirdə yaşayıram. Hər zaman qeyd etdiyimiz tədbirlərdə Qarabağın işğalı bizim əhvalımızı fərqli bir hala salırdı. Hər dəfə deyirdik ki, nə zaman bizim torpaqlar işğaldan azad olunacaq, hər gün onu düşünürdük. Bütün çıxışlarımızda bunu dilə gətirirdik. Demək olar ki, fəaliyyətimizin əksəriyyəti buna yönləmişdi. Amma artıq bu il tam fərqli şəkildə düşnməyə başladıq. Biz torpaqlarımızı işğaldan azad etdik, artıq müzəffər xalqıq. Artıq Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə də bütün azərbaycanlılar öz ölkəsi üçün çalışaraq, onun güclü dövlətə çevrilməsinə var gücünü sərf edirlər. Artıq bizim bütün hədəflərimiz bu istiqamətdədir. Azərbaycan xalqının Sovet dönəmində və ondan sonrakı mərhələdə hər zaman əhvalında böyük bir ruh düşkünlüyü olub. SSR dövründə Azərbaycanın bütün xidməti Sovetin adına yazılırdı. SSR işğalı bitəndən Azərbaycan müstəqil oldu. Daha sonra isə erməni işğalı başladı. Hər zaman biz tədbir keçirəndə demək olar ki, ancaq anım gününü keçirirdik. İl boyu hər zaman hüzn içərisindəydik. Mən şəxsən həyatımda ilk dəfə bir zəfər bayramını qeyd etdim. Bu, həqiqətən də əvəzolunmaz bir hisslər idi. Hal hazırda dünyanın 65 ölkəsindən 1500-dən çox tələbəyə rəhbərlik edirəm. Sizi inandırıram hər dəfə məni xarici tələbələr öz zəfər bayramlarına dəvət edəndə ürəyimdən keçərdi ki, görəsən zəfəri qeyd etmək Azərbaycan xalqına da qismət olacaqmı? Amma biz artıq bu qalibik. Amma arxayın olmalı deyilik. Azərbaycanın daha da güclü dövlət olması üçün çalışmalıyıq. Nə qədər güclü dövlət olsaq, xarici qüvvələr torpağımıza yan baxa bilməz. Bundan baçqa bizim üzərimizə düşən vəzifə ondan ibarətdir ki, Azərbaycan. Qarabağ həqiqətləriniz dünyaya doğru, düzgün çatdıraq. Biz buna 2021-ci ildə demək olar ki, nail olduq. İnanıram ki, Azərbaycan diasporu üçün Misirdə uğurlu keçib. Biz Misirin müxtəlif məktəklərində Azərbaycan dilinin tədrisini davam etdiririk. Şəxsən 350-dən çox tələbəyə Azərbaycan dilini öyrətmişəm. Bir xalqı təbliğ etməyin ən gözəl yollarından biri dilini təbliğ etməkdir. Biz burada demək olar ki, buna nail olmuşuq. Eyni zamanda Azərbaycan tarixini, mədəniyyətini təbliğ edirik. Bu il diaspor üçün çox uğurlu keçib və ümid edirik ki, belə də davam edəcək. Azərbaycana sadiq dostlar tapıb vətənimizi daha da layiqli tanıtmağa davam edəcəyik”.
Niderland-Belçika koordinasiya şurasının əlaqələndiricilərindən biri, diaspor fəalı İlkanə Yusifova da təəssüratlarını bizimlə bölüşüb:
“2021-ci il əslində bizim üçün çox gərgin bir il oldu. Post-müharibə dövrü olduğu üçün əlbəttə müharibənin fəsadları hələ də qalırdı. Avropa bir yandan gözümüzü açdı ki, biz ermənilərə qarşı daha aktiv olmalıyıq. Eyni zamanda azərbaycanlı gənclərimiz arasında daha çox dirçəlmə var. Baxırsan ki, onlar bu məsələlərdə daha aktiv olmağa başlayıb. Azərbaycanlı olan hər bir kəs hansısa bir yolla özünü, xalqını tanıtmaq üçün işlər görür. Məsələn, mənim özümə heç tanımadığım insanlar zəng vurur, kömək etmək istədiklərini deyirlər. Yeni idealar, layihələr üzərində işləyib necə birlikdə yaxşı işləyə bilərik deyirlər. Təəssüflər olsun ki, pandemiya üzündən bir çox layihələrimizi yerinə yetirə bilmirik, amma yenə də aktivlik qalır. Sosial mediada aktivliyimiz artıb. İnsanlar öz fikirlərini paylaşırlar. Hər kəs işlədiyi yerdə, dost çevrəsində Azərbaycanla bağlı nəyisə etmək istəyir. Ümid edirəm ki, pandemiya bitdikdən sonra aktivliyimiz daha da artacaq. Müharibə, gərginlik olmadan belə artıq tariximizi, mədəniyyətimizi təbliğ edə biləcəyik. Mənmi üçün maraqlı oldu ki, nəyinki azərbaycanlılar, həm də xaricilər Azərbaycanla bağlı xəbərlərdə daha aktiv olmağa başladılar. Əvvəllər insanlar xəritədə Azərbaycanın yerini bilmirdi. Amma indi Azərbaycanla bağlı düşüncələr dəyişib. Biz bu il buna nail ola bildik. Yeni ildə də artan bu vətənpərvərliyi davam etdirmək niyyətindəyik. Hər kəsə, bütün Azərbaycana uğurlu bir il diləyirəm. Mən şəhid bacısıyam, çoxlarının acısını bilirəm. Ona görə də üstümə daha çox vəzifə düşürdü. Şəhidlərimiz, qazilərimiz haqqında daha çox informasiya paylaşmağı özümə borc bilirəm. Bacardığım qədər öz töhfəmi verməyə çalışdım”.
Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov bildirib ki, diasporun üzərinə düşən çox vəzifəni layiqli yerinə yetirib:
“Kim desə ki, mən bu gün görünənlərdən razıyam, belə şey qəbuledilməzdir. Bizim diaspor quruculuğumuz isə əvvələ baxanda xeyli yol qət edib. Azərbaycanda Diasporla iş üzrə Dövlət Komitəsinin yeni rəhbəri Fuad Muradov təyin olunandan sonra isə xeyli dəyişikliklər oldu. O, diaspora sahəsinə bir canlılıq gətirdi. Bunu həm rəsmi, həm həmkar, həm də bir dost kimi səmimi olaraq deyirəm. Birincisi, istər Ukraynada, istərsə də dünyanın digər yerlərində olan azərbaycanlılar çoxlu təşkilatlanmaya getdilər. Təkcə Ukraynanın özündə 50-yə yaxın Azərbaycan təşkilatı var. Fuad müəllim gəldi və birinci ideyası o oldu ki, Koordinasiya Şuraları yaradılsın və birləşmə olsun. Bu ideyanın ilk başladığı yerlərdən biri Ukraynadır və ən uğurlu proyektlərdən biri də burada oldu. Burada üç, sonra isə iki böyük diaspora təşkilatı birləşdirildi. Bu təşkilatlarının birləşməsindən UAR əmələ gəldi. Ona görə deyirəm ki, tarix olaraq gənc olsa da, ideya olaraq çoxdan var idi. Fuad müəllim gəldikdən sonra təqribən 27 ölkədə 11 Koordinasiya Şöbəsi yaradıldı. İlk dəfə olaraq komitə layihələrə, tədbirlərə maddi dəstək verməyə başladı. Bu, çox önəmlidir. Mən Ukraynada 2004-cü ildən yaşayıram və gələn vaxtdan diaspora fəaliyyətinin içindəyəm. Quruculuqda bu qədər sistemli yanaşma olmamışdı. Bir məsələ budur. Digər önəmli adım Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu ölkələrdə yaradılan "Qarabağ" adlı həftəsonu məktəblərinin təşkil olunmağa başlamasıdır. Bu layihə indi də davam edir. Bunun üçün, xüsusilə Avropa ölkələrində dərsliklər çap olundu. Çünki xaricdə yaşayan azərbaycanlıların övladlarının Azərbaycan dili, tarixi, mədəniyyəti, ədəbiyyatını və s. öyrənməyi problemdir. Çünki məktəblərdə tədris olunmur. İndi isə həftəsonu məktəblərində soydaşlarımızın övladları Vətənimiz haqqında öyrənə bilirlər”.