Sabah Ukraynanın paytaxtı Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (UAR) ikinci ümumukrayna qurultayı keçiriləcək.
Bu barədə Modern.az-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov məlumat verib.
Onun sözlərinə görə, qurultay Ukrayna Azərbaycanlıları Radasının nizamnaməsinə görə hər üç ildən bir təşkil olunur:
“Bildiyiniz kimi, Ukrayna Azərbaycanlıları Radası üç ildir fəaliyyətə başlayıb. Bu üç il ərzində Rada çox böyük işlər görüb. Növbəti qurultayda Radanın yeni idarə heyyətinin tərkibi, eləcə də nizamnamədə bəzi vacib dəyişiklər müzakirə olunacaq. Radaya Ukraynanın müxtəlif vilayətlərində fəaliyyət göstərən 20-dən artıq diaspor təşkilatının daxil olması nəzərdə tutulur. Bununla bağlı artıq müraciətlər daxil olub. Həmin təşkilatların Radaya daxil olması gündəmdədir".
H.Cavadov qeyd edib ki, Ukrayna Azərbaycanlıları Radası növbəti illərdə görəcəyi işlərlə bağlı planlarını da açıqlayacaq:
"Bundan başqa qurultayda Ukraynanın rəsmi şəxslərinin iştirakı gözlənilir. Qurultayda Ukrayna Ali Radasının deputatları, bir neçə şəhərin meri, eləcə də Ukraynada diaspor işləri ilə məşğul olan nümayəndələr iştirak edəcəklər. Eləcə də Ukraynada kifayət qədər tanınmış elm, siyasət, mədəniyyat adamlarının iştirakı gözlənilir. Qurultayın nəticələri ilə bağlı məlumat veriləcək”.