Ukraynada hərbi əməliyyatların başladığı ilk gündən etibarən Azərbaycan vətəndaşlarının bu ölkədən təhlükəsiz şəraitdə təxliyəsi ən vacib tapşırıq olaraq önə çəkildi. Dövlət rəhbərliyinin göstərişinə əsasən Azərbaycan Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi dərhal gücləndirilmiş iş rejiminə keçərək, vətəndaşlarımızın təxliyəsinə başladılar. Soydaşlarımız əvvəlcə qonşu ölkələrə, oradan isə Vətənə yola salındı.
İndiyədək 5 mindən çox Azərbaycan vətəndaşı xüsusi çarter reysləri ilə ölkəyə gətirilib, hazırda digər şəxslərin də təxliyəsi istiqamətində işlər görülür, yaxın günlərdə onlar da Vətənə yola salınacaqlar.
Ukraynadakı məlum hadisələr fonunda XİN və Diaspor Komitəsinin birgə işi, eyni zamanda Azərbaycan Evlərinin əhəmiyyəti xüsusilə diqqət çəkir. Müharibə təhlükəsi səbəbindən Ukraynanı tərk etməyə məcbur qalan yüzlərlə soydaşımızın üz tutduğu ən güvənli məkan məhz Azərbaycan Evləri oldu.
Ukrayna ilə qonşu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evləri çətin anlarda soydaşlarımızın sığınacaq yerinə çevrildi. Həmyerlilərimizin orada qida məhsulları, tibbi ləvazimatlar və digər zəruri ehtiyacları yüksək səviyyədə təmin edilir.
Ukraynadan təxliyə olunan vətəndaşlarımızın sığındığı Azərbaycan evlərindən biri də Polşada yerləşir. Oradan lentə alınmış görüntüləri oxucularımıza təqdim edirik: