“Bizi təhdid edirdilər ki, “Şuşa” adlı məhsul satmayın”
Azərbaycanın Almaniyadakı diasporunun nümayəndəsi, əslən şuşalı olan iş adamı Yusif Təhməzov Modern.az-ın suallarını cavablandırıb. Onunla söhbətimizi təqdim edirik:
- Bildiyimiz kimi, bu yaxınlarda Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçirildi və siz də orada iştrak etdiniz. Zəfər Qurultayı ilə bağlı təəssüratlarınızı öyrənmək istərdik?
- Zəfər Qurultayının Şuşada keçirilməsi tarixi hadisədir. Əlbəttə, bir şuşalı kimi bunun mənim üçün mənəvi tərəfi də var. Çünki Şuşa illərlə düşmən tapdağı altında qalıb. Ora heç səfər etmək olmurdu. Həsrətlə baxırdıq. İndi isə Şuşaya nəinki səfər edirik, həmçinin birliyimizin simvolu olan qurultay təşkil edir, tədbirlər keçiririk. Dünya azərbaycanlıları bunun sevincini yaşayır. Bu gün valideynlərimin ruhu şaddır ki, mən doğma yurdumuza, Şuşamıza ayaq basmışam.
- Zəfər Qurultayında indiyədək görülən işlərlə yanaşı, qarşıda duran vəzifələr də müəyyən edildi. Bundan sonra diaspor təşkilatlarının qarşısında hansı hədəflər dayanır?
- Qurultay çox möhtəşəm idi. 400-ə yaxın nümayəndə orada təmsil olunurdu. Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirəm ki, belə yaddaqalan tədbir təşkil etmişdi. Cənab Prezidentin qurultayda iştirakı və çıxışı bizim üçün yeni yol xəritəsini müəyyən etdi. Bundan sonrakı fəaliyyətimizdə də məsuliyyətli olmağımızın vacibliyi diqqətə çatdırıldı. Əlbəttə, biz bu qurultaydan sonra Vətən üçün daha böyük addımların atılmasına qərar verdik. Cənab Prezidentin verdiyi tapşırıqların icrasını şərəflə yerinə yetirəcəyik. Biz bunu özümüzə borc bilirik.
Bildiyiniz kimi, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq işləri gedir. Məhz bundan sonrakı fəaliyyətimiz əsasən bununla bağlı olacaq. Yəni qarşımıza məqsəd kimi bu ərazilərə maliyyə yatırımlarını cəlb etmək, yeni investorlar gətirməyi qoymuşuq.
- Yeni hədəflərdən söz düşmüşkən, bundan sonra hansı addımların atılması planlaşdırılır?
- Qurultaydan qabaq biz çalışırdıq ki, Xocalı soyqırımını bütün dünyaya tanıdaq. Berlinin Buranderborq qapısında 10 mindən çox insanın iştirakı ilə tədbir keçirib, bütün dünyaya göstərdik ki, bizim ən ağrılı, yaralı yerimiz Xocalı soyqırımıdır. Avropanın ikili standart göstərərək, soyqırımı tanımamasını qınayırdıq və bunun tanınması üçün əlimizdən gələni edirdik. Ermənipərəst diasporlar istər seçkilər olsun, istərsə də başqa tədbirlərdə çox fəaldırlar. Onlar Avropa ölkələrində öz səslərinin müqabilində gələcək dövlət başçılarından, parlamentarilərindən Azərbaycana qarşı embarqo və digər neqativ addımlar atılmasını tələb edirdilər. Bizim Berlindəki toplantımız çox şeyə nail olmağımıza səbəb oldu. Almaniyada yaşayan tək almanlar yox, digər xalqlardan müsbət reaksiya aldıq. Bundestaqa da yazılı petisiyada göndərdik ki, heç olmasa Xocalı ilə bağlı alman deputatlara məlumat çatdıra bilək.
- Xaricdəki diaspor təşkilatlarımız Vətən müharibəsi dövründə haqq səsimizin dünyaya çatdırılmasında mühüm rol oynadılar. Xüsusilə, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə çox mühüm işlər görüldü. Bu işlərin nəticəsidir ki, bu gün biz dünya azərbaycanlılarının birliyinin, həmyərliyinin şahidi oluruq. Bəs, Almaniya ictimaiyyətinə Qarabağ həqiqətlərini çatdırmaq üçün hansı işləri gördünüz?
- Vətən müharibəsi zamanı ermənilər fəallıq göstərməyə çalışırdılar. Biz dəfələrlə yürüşlər keçirdik. Hətta Ermənistan səfirliyinin qarşısında da aksiyalarımız oldu. Ermənilər bizə mane olmaq istəyirdilər. Biz bu yürüşlərlə haqq səsimizi dünyaya çatdırmağa çalışırdıq. Bizim yürüşlərimizdə erməni diaspor nümayəndələri ilə əlbəyaxa davaların şahidi olduq. Xəsarət alanlar da oldu. Biz daha çox paytaxt Berlində yürüyüşlər keçirirdik. Kölndə də aksiyalarımız oldu. O zaman bütün diaspor təşkilatları koordinasiyalı şəkildə fəaliyyət göstərirdi. Eyni zamanda soydaşlarımıza fərdi qaydada yardımlar da edirdik.
- Azərbaycan istehsalı olan məhsullarına Almaniya və digər ölkələrdə də rast gəlmək mümkündür. Bizdə olan məlumata görə, ermənilər fəaliyyətinizə mane olmaq üçün dəfələrlə təxribatlara əl atıblar. Bu barədə nə deyə bilərsiniz?
- Vətən müharibəsinin gedişində, cənab Prezident Şuşanın işğaldan azad olunduğunu elan edəndən sonra biz nar şərabları istehsal etməyə başladıq. “Bakı-44”, “Qarabağ”, “Şuşa” adlarını patentləşdirib istifadə etdik. Bunu Almaniyaya gətirdik, Almaniyadan sonra Çexiya, Rumınya, Fransa və İtaliyaya məhsulları payladıq. Bu ölkələrdə bizim filiallarımız fəaliyyət göstərir. Satışa başlayanda çox böyük çətinliklərlə üzləşdik. Baxmayaraq ki, ermənilər uduzmuşdular, ancaq onlar məğlubiyyətlə barışmaq istəmirdilər. Erməni diaspor nümayəndələri bizdən şikayət edirdilər. Hətta gömrük orqanlarına bizdən şikayət etmişdilər. Onlar iddia edirdilər ki, Minsk Qrupu Qarabağ məsələsinə tam nöqtə qoymadan azərbaycanlılar bu adda məhsul buraxa bilməz. Biz də deyirdik ki, bu torpaqlar bütün dünya tərəfindən Azərbaycana məxsus olaraq tanınır. Şuşa da bizə məxsusdur. Hətta bizim özümüzü dəvət edib deyirdilər ki, sizdən şikayət var. İşçilərimizi sıxışdırırdılar, təhdid edirdilər. Deyirdilər ki, məhsulları satışdan götürün.
Berlinin mərkəzində bəzi mərkəzlər var ki, etnik olaraq ora hamı gedir. Avanqard, Briyonsk və digər yerlərdə bizim məhsullarımız satışdadır. Ermənilər təhdid edirdilər ki, bu məhsulları satmayın, yerinə başqa məhsullar verək. Onların bizim qələbəmizi həzm edə bilmirdilər.