Modern.az

Diaspor işi: Çətin, məsuliyyətli və şərəfli missiya

Diaspor işi: Çətin, məsuliyyətli və şərəfli missiya

15 May 2022, 16:54

Diaspor fəaliyyəti kifayət qədər çətin və məsuliyyətli missiyanı özündə əks etdirir. Fərqli ölkələrdə yaşayan, fərqli düşüncəyə sahib, hətta siyasi görüşləri belə müxtəlif olan insanları bir araya gətirmək, onların arasında koordinasiya yaratmaq olduqca mücərrəd proses kimi qiymətləndirilir. Lakin Diasporla İş üzrə Dövlət Komitəsinin uğurlu fəaliyyət strategiyası, Azərbaycan diasporunu birləşdirən ali dəyərlər bütün bu çətinliklərin öhdəsindən gəlməyə imkan verir.

 

44 günlük Vətən müharibəsindən qalib ayrılan Azərbaycanın post-münaqişə dövründə üzləşdiyi informasiya savaşında diaspor fəaliyyəti ilə məşğul olmaq çətin olduğu qədər, həm də şərəflidir. Bu gün fəxrlə deyə bilərik ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, soydaşlarımız birlik, həmrəylik nümayiş etdirir, Azərbaycanın dövlət maraqlarını müdafiə edir, xalqımızın adət-ənənələrini qoruyub saxlayırlar.

 

Bununla belə müharibədən sonra Azərbaycanın regionda yaratdığı reallıqlar xaricdə ölkəmizin təbliğatını aparan diaspor təşkilatları qarşısında yeni hədəflərin qoyulmasını labüd edirdi. Nəhayət, Dünya Azərbaycanlılarının 30 ildən sonra Şuşada bir araya gəldiyi Zəfər Qurultayında diaspor təşkilatlarının fəaliyyəti üçün yeni yol xəritəsi və yeni hədəflər müəyyənləşdirildi. Post-müharibə dövründə diasporun üzərinə daha böyük məsuliyyət düşdüyü bildirildi.

 

Dünya azərbaycanlılarını birləşdirən ali ideya

 

Diaspor fəaliyyəti ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Azər Kərimli bildirib ki, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq ideyasının əsasını təşkil edir:

 

“İstər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününun təsis edilməsi, istərsə də Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi harada yaşamalarından asılı olmayaraq, azərbaycanlıların öz tarixi vətənləri ilə əlaqələrinin qırılmamasına, onların milli və mədəni identikliklərinin qorunub saxlanılmasına, dilimizin, mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edib. Ulu Öndər Heydər Əliyev harada yaşamasından, məskunlaşmasından asılı olmayaraq, hər bir azərbaycanlını Azərbaycanın ayrılmaz bir parçası kimi görür, onları öz milli, mədəni mənsubiyyətləri ilə qürur duymağa çağırırdı”. 

 

 

A.Kərimli bildirib ki, Azərbaycançılıq ideyasının, eləcə də bu ideyanın soydaşlarımızın həyat fəlsəfəsinə çevrilməsinə xidmət edən dövlət siyasətinin əsas istiqamətlərindən biri bütün həmvətənlərimizi Azərbaycanın haqq mübarizəsinə cəlb etməkdən ibarət olub:

 

“Dünya Azərbaycanlılarının qurultayları bu prosesdə önəmli rol oynayıb. Dünya Azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın haqlı mübarizəsinin ayrılmaz bir parçasına çevriliblər. Vətən müharibəsi dövründə diaspor təşkilatlarının dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirmələri, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, həmçinin 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi də Azərbaycançılıq ideyasının bütün azərbaycanlıların vahid məfkurəsinə çevrildiyini, həmvətənlərimizin bir amal uğrunda birləşməyi bacardıqlarını sübuta yetirir”. 

 

Deputatın sözlərinə görə, Zəfər Qurultayı diaspor təşkilatlarının fəaliyyətində yeni cığır açıb:


"Müzəffər Azərbaycan Ordusunun qələbəsi, xalqımızın haqq işi uğrunda sonadək mübarizə aparmaq əzmi, Prezident, Ali Baş Komandan İlham Əliyevin cəsarəti və qətiyyəti hər bir azərbaycanlının başını bayrağımız qədər yüksəklərə qaldırıb. İndi bütün dünya azərbaycanlıları qalib xalqın nümayəndələri kimi öz vətənləri ilə qürur duyur, bu yolda tarixi vətənlərinin haqq işinə dəstək verənlər isə Zəfərimizin və milli birliyimizin sevincini yaşayırlar. Şübhə etmirəm ki, Zəfər Qurultayında müəyyən edilən yeni hədəflərə çatmaq üçün diaspor təşkilatlarımızın sıraları daha da genişlənəcək və azərbaycanlılar dünyanın hər yerində öz vətənlərini böyük qürur və fəxarət hissi ilə təmsil edəcəklər, Azərbaycanın adını hər yerdə öz əməlləri ilə yüksəklərə qaldıracaqlar”.

 

Azərbaycan diasporunun əsas missiyası

 

 

Deputat Azər Badamov da qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə indi daha böyük vəzifələr düşür:

 

“Şuşada keçirilən Dünya Azərbaycanlıların V Qurultayında çıxış edən Prezident İlham Əliyev dünya azərbaycanlıları üçün yol xəritəsini açıqladı. Bu, əsasən, vətənə bağlılığını daha da möhkəmləndirmək, dilini və milli-mənəvi dəyərlərini unutmamaq, ildə heç olmasa bir dəfə vətənə gəlmək və 44 günlük Vətən müharibəsində imza atdığımız böyük qələbə ilə yaratdığımız yeni reallığı dünyaya çatdırmaqdır. Təbii ki, informasiya müharibəsi davam edir. Diaspor Komitəsinin dünya azərbaycanlıları ilə təşkilatlanmış işin aparılması ölkəmizin reallıqlarını dünyaya çatdırılmasına imkan verib. Yeni rallıqda isə ermənilərin törətdiyi soyqırımları, tarixi, mədəni, dini abidələrimizə qarşı vandalllıqlar dünya ictimaiyyətinə çatdırılmalıdır. Dünyada 70-dən çox ölkədə 50 milyondan çox azərbaycanlı yaşayır.

 

Diaspor Komitəsinin soydaşlarımızla koordinasiyalı şəkildə fəaliyyəti haqq səsimizin dünya tərəfindən qəbul olunmasında böyük rolu olub. Təbii ki, diaspor fəaliyyəti çətin, məsuliyyətli və şərəfli bir işdir. Məhz bu işimizi məsuliyyətlə görməyimiz dünyada Azərbaycanın informasiya müharibəsində də qalib gəlməsini şərtləndirib. İnformasiya müharibəsi davam edir. Düşmənlərimiz yenə də informasiya müharibəsinin resurslarından istifadəyə can atırlar. Amma biz dünya azərbaycanlıları olaraq hamımızın yeganə vətəni olan Azərbaycan naminə birləşməli və düşmənlərimizə göz açmağına imkan verməməliyik. Bu işdə Diaspor Komitəsinin üzərinə böyük məsuliyyət düşür”.

 

Komitə bu çətin işin öhdəsindən uğurla gəlir

 

 

Deputat Naqif Həmzəyev isə vurğulayıb ki, Diaspor Komitəsinin işi asan görünsə də, əslində onlar çox çətin missiyanı həyata keçirirlər:

 

“44 günlük Vətən müharibəsində biz çətin prosesin öhdəsindən gəldik. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında hər bir diaspor nümayəndəsi öz üzərinə düşən işi görürdü. Diaspor Komitəsi fəaliyyəti dövründə dünyada yaşayan və çalışan soydaşlarımızı, lider şəxsləri, məşhur azərbaycanlıları bir araya gətirmək və koordinasiya etmək üçün yeni plan üzərində işlədi. İşi düzgün formada həyata keçirmək üçün bütün proses yenidən qurulmuş oldu. Vətən müharibəsi zamanı və ondan sonra Diaspor Komitəsinin üzərinə fərqli məsuliyyət düşdü.

 

Cari ildə keçirilən Dünya Azərbaycanlılarının V - Zəfər qurultayı isə diasporumuz qarşısında yeni missiyanın başlanğıcı idi. Prezident İlham Əliyev qurultayda çıxışı zamanı qeyd etdi ki, hər bir xaricdə yaşayan azərbaycanlı ildə ən azı bir dəfə öz vətəninə gəlməli, işğaldan azad edilmiş regionları gəzməli, buranı dünyaya tanıtdırmalı və bu ərazilərin inkişaf etdirilməsi üçün səfərbər olmalıdır. Diasporla İş üzrə Dövlət Komitəsi bunu anlayır və gələcəkdə keçiriləcək toplantılarda bu məsələlərlə bağlı həll yolları düşünür. Komitənin fəaliyyəti çərçivəsində xaricdə yaşayan azərbaycanlıların koordinasiyası, Azərbaycana verə biləcəyi töhfələr araşdırılacaq, bu proses daha da yüksək səviyyəyə çatdırılacaq”.

 

 

Deputatın fikrincə, Azərbaycan diapsorunun son illər qardaş Türkiyənin diasporu ilə birgə fəaliyyəti alqışlanmalıdır:

 

“Çünki bu birlik bizim gücümüzə güc qatdı. “Bir millətin iki diasporu olmaz” deyimini əsas gətirərək, görülən işlərin, birliyin nəticələrini müşahidə edirik. Hesab edirəm ki, diaspor sahəsində çalışan şəxslərə təşəkkür düşür. Bu günə qədər şərəflə bu missiyanı yerinə yetirdiklərinə görə, hər bir diaspor nümayəndəsinə minnətdaram. Diasporumuzun gələcəkdə də cənab Prezidentin tapşırıqlarını yerinə yetirmək üçün ləyaqətlə çalışacağına əminəm”.

 

 

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda hazırlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu