Modern.az

Diaspor gəncləri Şuşada bir araya gəlir - Yay düşərgəsi nə ilə fərqlənəcək? 

Diaspor gəncləri Şuşada bir araya gəlir - Yay düşərgəsi nə ilə fərqlənəcək? 

28 İyun 2022, 09:08

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bu il avqustun 2-dən 8-dək "Şuşa İli" çərçivəsində Azərbaycan mədəniyyətinin incisi olan Şuşada “Diaspor Gənclərinin III Yay Düşərgəsi” təşkil ediləcək. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gəncləri yay düşərgəsində iştirak edə bilərlər.

 

Düşərgənin proqramına Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.

 

Gənclər ilk növbədə tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirəcək, ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanları əldə edəcəklər.

 

Maraqlıdır, Şuşada ilk dəfə keçiriləcək “Diaspor Gənclərinin III Yay Düşərgəsi” əvvəlki düşərgələrdən nə ilə fərqlənəcək? Gələcək diaspor fəaliyyətinin möhkəm qurulması üçün gənclərimiz necə yetişdirilməlidir?

 

 

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimlinin fikrincə, "Diaspor Gənclərinin III Yay Düşərgəsi”nin Şuşada keçirilməsi önəmli hadisədir, çünki Şuşa mədəniyyətimizin paytaxtıdır:  

 

"Mədəniyyət kifayət qədər geniş anlayışdır və dilimizdən, incəsənətimizdən başlayaraq mətbəximizə kimi bir xalq olaraq fərqliliklərimizi ifadə edir. Bu baxımdan, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların övladlarının Şuşa şəhərində bir araya gəlməsi onların öz tarixi kökləri, mədəniyyətləri haqqında ətraflı məlumat almaları, bu tarixin, mədəniyyətin ayrılmaz hissələrinə çevrilmələri üçün çox önəmlidir. Digər tərəfdən, Şuşa 44 günlük Vətən müharibəsindəki Zəfərimizi, qəhrəman əsgər və zabitlərimizin rəşadətini, Vətən sevgilərini simvolizə edən şəhərdir. Gənclərimiz harada yaşamalarından asılı olmayaraq, Azərbaycanın qəhrəman övladlarına bənzəməyə can atmalı, olduqları hər yerdə tarixi Vətənlərinin adını uca tutmalıdırlar.

 

Çalışmaq lazımdır ki, dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz yaşadıqları cəmiyyətə inteqrasiya olunsalar da, mənsub olduqları xalqın mədəniyyətini unutmasınlar, milli identikliklərini qoruyub saxlasınlar, xalqımıza məxsus yüksək mənəvi dəyərləri öz əməllərində nümayiş etdirsinlər. Azərbaycana bağlı olsunlar".

 

 

Deputat, həmçinin qeyd edib ki, Azərbaycandan kənarda yaşayan həmvətənlərimiz övladlarını, həm milli ruhda tərbiyə etməli, həm də onların yaşadıqları ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmələrinə çalışmalıdırlar: 

 

"Xaricdə yaşayan hər bir azərbaycanlı Azərbaycanın səsinə çevrilməli, mədəniyyətimizi yüksək səviyyədə təbliğ etməyi bacarmalı, yaşadıqları ölkəyə faydalı olmalı və bu ölkə ilə Azərbaycanın dostluq əlaqələrinin güclənməsi üçün bacardıqlarını əsirgəməməlidirlər".

 

Xatırladaq ki, Diaspor Gənclərinin "Cümhuriyyətin 100 illiyi" adlı I Yay Düşərgəsi 2018-ci ildə Şəkidə, "Nəsimi-650" adlı II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu