Bu ay Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 ili tamam olur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaradıb. Ümummilli lider bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.
Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət, birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq 2001-ci ilin may ayınn 23-də ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzalayıb.
2002-ci ilin 5 iyulunda Ulu Öndər Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalayıb. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd idi. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verib.
Ötən dövrün ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olub.
Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilib. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması məhz bu zərurətdən irəli gəlib.
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirir. Bu mənada Prezidentin "Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Sərəncamı Azərbaycan Respublikasının diaspor quruculuğu işinə verdiyi önəmin daha bir parlaq təzahürü kimi qiymətləndirilməlidir.
Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycan diasporunun gördüyü işlər və gələcək perspektivlər haqqında Modern.az-a danışan deputat Azər Kərimli bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində nəzərə çarpan dəyişikliklər, diaspor təşkilatlarının fəaliyyətinə münasibətdə obyektivliyin təmin olunması, dost, qardaş ölkələrin diaspor təsisatları ilə əlaqələrin intensivləşməsi ermənilərin Tovuz rayonu istiqamətində törətdikləri təxribat və 44 günlük Vətən müharibəsi zamanı özünü daha çox büruzə verdi.
Azər Kərimlinin sözlərinə görə, son dörd il ərzində bütün dünya azərbaycanlıları Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşdilər:
"Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda haqlı mübarizəsi haqqında həqiqətlərin bütün dünyaya çatdırılmasında, erməni yalanlarına qarşı mübarizədə xüsusi fəallıq nümayiş etdirən xalqımız öz tarixi missiyasını şərəflə, ləyaqətlə, yüksək vətənpərvərlik hissi ilə yerinə yetirdi. Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı isə bu tarixi missiyanın təntənəsi oldu və diaspor quruculuğu istiqamətində yeni bir mərhələnin əsasını qoydu.
Şübhəsiz ki, Azərbaycan diasporunun vahid birliyində, dövlətimizin, xalqımızın xoşbəxt gələcəyi naminə bir ürək kimi döyünməsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun və bütövlükdə komitənin, diaspor təşkilatlarının səmərəli fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Son 4 il ərzində Komitənin həyata keçirdiyi fəaliyyət sübuta yetirdi ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları siyasi dünyagörüşlərindən, fikir müxtəlifliklərindən asılı olmayaraq bir araya gətirmək, vahid və şərəfli bir missiyanın tərkib hissəsinə çevirmək mümkündür".
Deputat 20 illik yubiley münasibətilə komitə rəhbərliyini və əməkdaşları təbrik edib:
"Fürsətdən istifadə edib Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu, Komitənin bütün əməkdaşlarını, eləcə də Azərbaycan diaspor təşkilatlarının təmsilçilərini Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə təbrik edir, hər birinə möhkəm cansağlığı, uğur diləyirəm. Vətən təkcə ərazi deyil, həm də ona bağlı olan insanların toplusudur. Harada azərbaycanlı varsa, orada Vətənin ayrılmaz bir parçası var və biz birlikdə bütöv, sarsılmaz, qüdrətli Azərbaycanıq. Cənab Prezidentin dediyi kimi, biz birlikdə güclüyük!"