Modern.az

20 illik diaspor işi: “İndi daha güclüyük” - Dünya azərbaycanlılarından yubiley təbriki

20 illik diaspor işi: “İndi daha güclüyük” - Dünya azərbaycanlılarından yubiley təbriki

Diaspor

3 İyul 2022, 13:07

5 iyul 2022-ci il tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi tamam olacaq.

 

Artıq 20 ildir ki, diasporumuzu təşkilatlandıran, ona dəstək göstərən dövlət qurumu fəaliyyət göstərir. Xüsusilə də son illər ərzində Diasporla İş üzrə Dövlət Komitəsi güclənən Azərbaycan dövlətçiliyinin əsas sütunlarından birinə çevrilərək, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizin birliyi, həmrəyli uğrunda böyük işlərə imza atıb.

 

Azərbaycanın dövlət siyasətini uğurla həyata keçirən Komitə diasporun formalaşmasından tutmuş təşkilatlanmasınadək çətin yol qət edib, ölkədən kənarda səsimizə səs verən həmvətənlərin birliyinə nail olub.

 

Bu gün Azərbaycan diasporunun səsi dünyanın demək olar ki, bütün ölkələrindən eşidilir. Bu da diaspor işinin düzgün şəkildə yerinə yetirilməsindən, azərbaycanlıların birlik və həmrəyliyindən irəli gəlir.

 

Bəs dünya azərbaycanlıları komitənin fəaliyyətini necə qiymətləndirir?

 

Modern.az vasitəsilə Dövlət Komitəsinə yubiley təbriklərini çatdıran soydaşlarımız indiyədək görülən işlərdən və qarşıya qoyulan hədəflərdən də söz açıblar.

 

Diaspor Komitəsi bütün azərbaycanlıları birləşdirdi...

 

 

Niderlandda yaşayan diaspor nümayəndəsi Mayisə Ağamirzəyeva bildirib ki, komitə azərbaycanlıların birləşməsində xüsusi rol oynayıb:

 

“Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin yaradılmasından 20 il ötür. 2003-cü ildən etibarən Niderlandda yaşayan azərbaycanlı kimi aktiv şəkildə diaspor fəaliyyəti ilə məşğulam. Bütün bu illər ərzində doğma Diaspor Komitəsinin gördüyü işləri yüksək qiymətləndirmək lazımdır.

 

Komitə enişli-yoxuşlu yollardan keçib, gördüyü işlərlə özünü doğruldub, bizim üçün doğma məkana çevrilib. Xüsusi ilə də son illər ərzində dünya azərbaycanlılarının aktivliyi göz önündədir. Dünyanın bir çox ölkələrində  yaşayan soydaşlarımız Azərbaycanın adını yüksəldib. Bu, bir daha sübut edir ki, dünyanın bir çox yerində ürəyi vətənlə döyünən soydaşlarımız var. Bizi birləşdirən bir amal var – o da doğma Azərbaycanımızdır.

 

Soydaşlarımız üçün yaradılan koordinasiya şuraları, Azərbaycan Evləri, həftəsonu məktəbləri, gənclərdən ibarət müxtəlif platformalar və diaspor hərəkatları komitənin son illərdəki uğurunun nəticəsidir.

 

Dünya azərbaycanlıları üçün təsis edilmiş “Diaspor fəaliyyətinə görə medalı” və təşəkkürnamələr göstərilən diqqətin nümunəsidir.

 

44 günlük Vətən müharibəsində xaricdə yaşayan azərbaycanlıların ayağa qalxması, müxtəlif ölkələrdə yaşamağımıza baxmayaraq birləşməyimiz, sosial mediada mübarizəmiz komitənin fəallığının sübutudur.

 

Pandemiya vaxtında, Ukrayna müharibəsi dövründə azərbaycanlıların təxliyə olunmasında komitə uğurlu fəaliyyət göstərdi.

 

İndi isə qarşımıza qoyduğumuz məqsəd müxtəlif ölkələrdə yaşayan gənclərimizin daha çox vətənə bağlanmasına nail olmaqdır. Bunun üçün təşkil olunan yay düşərgələri komitənin diqqət mərkəzindədir. “Vətən uzaqda deyil”, Diaspor FM, “Qarabağ Azərbaycandır” platformaları komitənin yenilikləri arasındadır. Bu il beşinci qurultayın Şuşada keçirilməsi də bizi sevindirən məqamlardan biridir. Sonda Komitənin bütün əməkdaşlarını yubiley münasibətilə ürəkdən təbik edir, daha böyük uğrlar arzulayıram”.

 

İndi əvvəlkidən daha güclüyük...

 

 

Azərbaycanın Misirdə fəaliyyət göstərən Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov Komitənin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib:

 

“Diasporla İş Üzrə Dövlət Komitəsinin fəaliyyəti göz önündədir. Xüsusilə son illər diasporun inkişafını hamı görür, cənab Prezidentin tapşırığı ilə diasporumuz artıq dünyada öz yerini tutur. Son illərdə Azərbaycan diasporu lobbiçilik mərhələsinə keçməkdədir. Bir çox diaspor təşkilatı dünyada diaspor işi ilə bərabər lobbiçilik fəaliyyəti göstərir. Bu da doğru yolun davamıdır. Xüsusilə qeyd edək ki, 44 günlük Vətən Müharibəsi zamanı hamı şahid oldu ki, Azərbaycan diasporu nə qədər inkşaf edib. Azərbaycanlıların birliyi və güclü olması üçün komitə tərəfindən nə qədər işlər görülüb.

 

Biz Azərbaycan diasporu olaraq təkcə Misirdə yox, dünyada Azərbaycanı təmsil etməyə çalışırıq. Misirdə hazırda dünyanın 115 ölkəsindən tələbə təhsil alır. Onların sayı yüz mindən çoxdur, bizim əsas məqsədimiz həmin tələbələrə Azərbaycan mədəniyyətini, tarixini təbliğ etməkdir. Hazırda Misir-Azərbaycan Dostluq təşkilatının nəzdində ödənişsiz şəkildə dünyanın 35-dən çox ölkəsindən olan 400-dən çox tələbə təhsil alır. Biz bu işlərlə Azərbaycanı təbliğ etməyə çalışırıq. Şəxsən özüm 2017-2022-ci illər ərzində Qahirə universitetində min yüzdən çox tələbəyə Azərbaycan dilini təbliğ etmişəm. Hər il yüzdən çox misirli tələbəni Azərbaycan dili dərslərinə cəlb edə bilirik.

 

Amma bu qədər gördüyümüz işlər kifayət deyil. Biz vətənimizin inkşafı naminə bir olub düynada Azərbaycan məfkurəsini təbliğ etməliyik. Ulu öndərin qoyduğu strategiyanı davam etdirərək güclü Azərbaycan naminə çalışmalıyıq. İndi qalib xalqın nümayəndəsiyik, qürurla təbliğat apara bilirik. Fürsətdən istifadə edərək 20 illiyini qeyd edən komitənin əməkdaşlarını təbrik edirəm, onlara fəaliyyətlərində yeni nailiyyətlər diləyirəm”.

 

Son illər görülən işlər göz önündədir...

 

 

Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi, İsveçdə deputat olan İradə Əliyeva Diaspor Komitəsinin böyük amal uğrunda çalışdığını vurğulayıb:

 

“Müxtəlif ölkələrdə yaradılmış diaspor təşkilatlarının güclənməsində, inkşafında komitənin rolu böyükdür. Azərbaycanlıları bir yerə yığmaq, onları bir amal uğrunda  toplamaq çətin, eyni zamanda mühüm işdir. Komitə üzərinə böyük məsuliyyət götürüb. İndiyədək görülən işlərdən razıyıq.

 

Komitə müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları öz vətənlərinə, həm də bir-birimizə yaxınlaşdırır. Onların vasitəsilə digər ölkələrdə yaşayan azərbaycanlılar bir-biri ilə əməkdaşlıq qurur, gələcək barədə müzakirələr aparır. Hazırda biz İsveçdəyik, burada Norveç, Niderland və Almaniyadan olan diaspor nümayəndələri ilə əməkdaşlıq edirik, müxtəlif tədbirlər keçiririk.

 

Komitə çox səbrlə bütün ölkələrdə yaşayan azərbaycanlılarla işləyir. Son illər böyük işlər görülür, əlbəttə, bunun da müsbət nəticələrini görürük. Bizim gələcək üçün böyük yol xəritəmiz var. Hədəflərimizə çatmaq üçün birlikdə çalışmalı, Azərbaycanımızın adını hər zaman uca tutmalıyıq. Bu yolda daim bizimlə olan Komitənin rəhbərliyini, bütün əməkdaşlarını yubiley münasibətilə ürəkdən təbik edirəm. Birlikdə daha böyük uğurlar qazanacağımıza əminəm”.

 

Xatırladaq ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaradıb. Ümummilli lider bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.

 

Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.

 

 

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət, birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq 2001-ci ilin may ayının 23-də ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzalayıb.

 

2002-ci ilin 5 iyulunda Ulu Öndər Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalayıb. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd idi. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verib.

 

Ötən dövrün ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olub.

 

Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilib. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması məhz bu zərurətdən irəli gəlib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirir. Bu mənada Prezidentin "Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Sərəncamı Azərbaycan Respublikasının diaspor quruculuğu işinə verdiyi önəmin daha bir parlaq təzahürü kimi qiymətləndirilməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu