5 iyul 2022-ci il tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasından 20 il ötür. Başda hörmətli sədr cənab Fuad Muradov olmaqla, özünü bu ailənin üzvü hesab edən bütün insanları təbrik edirəm, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.
Komitədə çalışdığım 3 il – 2018-2021-ci illər ərzində bir daha şahidi oldum ki, Azərbaycan diasporu təşkilatlanma, özünü tanıtma və varlığımızı beynəlxalq miqyasda təsdiq etmək kimi gərgin, həm də qürurverici bir mərhələdən keçib. Artıq 20 ildir ki, diasporumuzu təşkilatlandıran, ona dəstək göstərən bir dövlət qurumu var və bu gün geriyə nəzər salıb, qətiyyətlə deyə bilərik ki, bizim xaricdə möhkəm, sağlam dayaqlarımız təşəkkül tapıb. Təbii ki, Azərbaycan dövlətinin, onun güclü və iradəli rəhbərliyinin sayəsində.
Diasporla İş üzrə Dövlət Komitəsi də güclənən Azərbaycan dövlətçiliyinin bir budağı, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizi birləşdirən, varlığımıza birlik gətirən bir həmrəylik mərkəzidir. 20 ildə diaspor sahəsində Azərbaycan dövlətinin siyasətini həyata keçirən qurum diasporumuzun formalaşmasından tutmuş təşkilatlanmasınadək mühüm işlər görüb, ölkədən kənarda səsimizə səs verən həmvətənlər birliyinin yaradılmasına çalışıb.
Dövlət Komitəsinin yaranma tarixi
2001-ci ildə ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayında azərbaycançılıq ideyası ətrafında birlik və həmrəyliyinin əsasını qoydu. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyasını irəli sürüldü. 2002-ci ilin 5 iyulunda ulu öndər Heydər Əliyev «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzaladı. Daha sonra 2008-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Xaricidə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi”nin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Ötən müddət ərzində Dövlət Komitəsi dünya azərbaycanlılarının təşkilatlanması, inteqrasiyası, lobbiçilik istiqamətində bir sıra işlər həyata keçirib. Bu istiqamətdə Prezident İlham Əliyevin qatıldığı Dünya Azərbaycanlılarının II, III, IV, V qurultayları hər biri böyük tarixi əhəmiyyətə malikdir. Bu yüksək səviyyəli tədbirlərdə xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi, əlaqələndirilməsində böyük rolu olub.
Diasporumuzun yenidən təşkilatlanması: 20 ilə bərabər 3 il
Son illərdə isə diaspor səsimiz güclənib, birliyimiz möhkəmlənib, həmvətənlərimizin həmrəylik istəkləri gerçək inam və adi səmimiyyət müstəvisinə keçib, şəraitdən asılı olmayaraq dayanıqlı, davamlı fəaliyyət istiqaməti müəyyənləşib, bizi birləşdirən dəyərlərə münasibət birmənalı forma çərçivəsində təkmilləşib. Yeni yaradılan koordinasiya şuraları, Azərbaycan evləri kimi mərkəzləşdirilmiş təsisatlar sadalanan yeniliklərin əməli nümunəsi, konkret hədəflərə istiqamətlənmiş yeni münasbətlərin təməlidir.
Bu münasibətlərin əsasında isə diaspor-dövlət birliyi, Azərbaycan dövlətinin harada yaşamasından asılı olmayaraq soydaşlarımıza göstərdiyi diqqət, qayğı dayanır. Soydaşlarımızın Vətənə bağlılığı, dövlətimizin dünya azərbaycanlılarına qayğısı dövlət-diaspor münasibətlərində bir sıra yeniliklər yaratdı.
Məhz yeni münasibətlər, təşkilatlanmada optimal forma dəyişiklikləri 3 ildəki fəaliyyəti, xüsusilə də diaspor tariximizə də qızıl hərflərlə yazılacaq Zəfər ilimizi – 2020-ci ili ayrıca vurğulamağa dəlalət edir.
Qloballaşan və virtual məkana daşınan dünyada informasiya cəbhəsindəki mübarizədə soydaşlarımız dövlətimizə və ordumuza dəstəyini əyani, əməli işlərlə nümayiş etdirdi, yalançı Ermənistanın və onun ikiüzlü “dostlarının” 200 illik saxta təbliğat strategiyası çökdü. Bəli, bu, faktdır və təkcə döyüş meydanındakı qələbəmizlə deyil, erməni mifinin darmadağın edilməsində xüsusi rolu olan diaspor fəaliyyətində də sübuta yetirildi. Diaspor təşkilatlarının mərkəzləşmiş qaydada apardığı sistemli və effektiv təbliğat işindən hiddətlənən erməni diasporunun əl atdığı təxribatlar, təzyiq və fərqli təsir üsulları belə soydaşlarımızın, tərəfdarlarımızın fəallığını azaltmadı, əksinə onları mətinləşdirdi, informasiya savaşının “bayraktarı”na çevirdi.
İstər sosial şəbəkələrdə, istər xarici media qurumlarında savadlı, beynəlxalq hüquq və normları çərçivəsində edilən çıxışlar, kütləvi aksiyalar, məqsədyönlü təbliğat kampaniyaları haqq səsimizi duydurdu, ümumi qələbəmizə töhfə verdi. Yeri gəlmişkən, istər cənab Prezident, istərsə də çox hörmətli Mehriban xanım Əliyeva ordumuzun Vətən müharibəsində əldə etdiyi davamlı qələbələrlə bağlı çıxışlarında, müraciətlərində Azərbaycan diasporunun, xaricdə yaşayan soydaşlarımızın da fəaliyyətini yüksək qiymətləndirdi və bütün bunlar diaspor fəaliyyətinə xüsusi stimul verdi, sonrakı fəaliyyət üçün mühüm motivasiya yaratdı.
Qeyd edilməlidir ki, 2020-ci ili müşayiət edən koronavirus pandemiyası da diasporumuzun yeni keyfiyyətlərinin üzə çıxmasına bir vəsilə oldu. Bəlli oldu ki, xaricdəki icmalarımız yalnız gündəlik qayğılar, ölkəmizin təbliğatı, inteqrasiya və adaptasiya problemləri ilə yaşamır, onların hər biri həm də böyük bir xeyriyyəçidir. İmkanları çərçivəsində nəinki darda qalan soydaşlarımıza, həm də yaşadıqları cəmiyyətdə çətinliklərlə üzləşmiş insalara əl tutmaq, maddi-mənəvi dəstək olacaq qədər keyfiyyətlərə sahibdirlər.
2018-2021-ci illərdə diasporumuzun həyatında baş verənlər təhlil edilərkən, əslində icma üzvləri arasındakı inam, etibar və etimadın bir qədər əvvələ söykəndiyini görmək mümkündür. Qısa müddətdə diasporumuzun yenidən təşkilatlanması, xüsusilə milli birliyin təmin edilməsi üçün gərgin və strateji planla aparılan, eyni zamanda uzun müddətə hesablanan fəaliyyətin nəticələri səmərə verdi. Beləliklə, yalnız 2018-2021-ci illərdə görülən işlərin xronikasındasn bəzi faktlar və rəqəmlər:
10 ölkədə 13 Azərbaycan Evi;
27 ölkəni əhatə edən 13 Koordinasiya Şurası;
İsveçrə, İsveç, Polşa və Fransada “Qarabağ” məktəbləri;
Diaspor gənclərinin Yay Düşərgəsi (2018, 2019);
“Azərbaycan Diaspor Gəncləri” şəbəkəsinin formalaşdırılması;
Azərbaycan həqiqətlərinin təbliğinə hesablanmış layihələr: “Beyin qazanma proqramı”, “Liderliyin inkişafı proqramı”, “Müxtəlif olsaq da birlikdə güclüyük”, “Azərbaycan diaspor qadınları şəbəkəsi” və s.
“Azərbaycan Diaspor Könüllüləri” Proqramı
“Türkdilli diasporların inkişafına dair Strateji Yol Xəritəsi” işlənib hazırlanıb,
Ankarada “Türkiyə-Azərbaycan” jurnalı nəşrə başlayıb
Türkiyədə uzun illər sənədsiz yaşayan soydaşlarımızın problemlərinin həlli istiqamətində konkret addımlar atılaraq soydaşlarımızın sayının dəqiqləşdirilməsi, şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi məqsədilə işçi qrupu yaradılıb, elektron qeydiyyat üçün müvafiq qurumlarla birlikdə, xüsusi sistem hazırlanıb.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün yüzlərlə soydaşımızın iştirakı ilə Avropanın siyasi mərkəzi hesab edilən Brüssel və Berlin şəhərlərində genişmiqyaslı Qarabağ aksiyaları təşkil olunub.
Soydaşlarımız və diaspor təşkilatları ilə operativ əlaqənin qurulması üçün İnfoqrafik “Diaspor xəritəsi” platforması – //www.diasporamap.com/;
Xaricdəki azərbaycanlıların bioqrafiyalarının toplandığı ətraflı axtarış sistemi – www.azerbaycan.li;
“Azərbaycan alimləri diasporu” informasiya sistemi – www.elmidiaspora.az;
Diaspor TV, Diaspor FM, “Vətən uzaqda deyil” verilişi və veriliş çərçivəsində müxtəlif layihələr hazırlanıb. Pandemiya dövründə soydaşlarımızla əlaqələrin gücləndirilməsi, problemlərin öyrənilməsi məqsədilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və üzvlərinin iştirakı ilə videokonfranslar keçirilib.
Diasporumuzun 2020-ci ili
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində tarixi qələbəsi Azərbaycan dövlətinin, xalqımızın, o cümlədən də dünya azərbaycanlıllarının birlik, həmrəylik və qürur rəmzinə çevrildi. Böyük Zəfər ölkəmizin, dövlətimizin və xalqımızın tarixində yeni bir səhifə açdığı kimi, xaricdə yaşayan həmvətənlərimizin birləşdiyi diasporumuzun da fəaliyyəti üçün yeni bir başlanğıc yaratdı. Pandemiyanın yaratdığı qlobal təhlükə ilə başlayan birliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda apardığımız Vətən müharibəsi xalqımızı, diasporumuzu daha da mətinləşdirdi, birlik, həmrəylik anlayışlarını praktik olaraq reallaşdırdı və koordinasiya imkanlarımızın, fəaliyyət potensialımızın nümayişinə şərait yaratdı...
Bu il Azərbaycan diasporu kifayət qədər mütəşəkkillik göstərdi. Bu mütəşəkkilliyin əsasında dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqəti, qayğısı dayanır. Möhtərəm cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq, çalışırıq ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı dövlətimizin, cənab Prezidentin qayğısını hiss etsin.
“Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi, “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası”nın təsdiqi, Azərbaycan Diasporuna Dəstək fondunun yaradılması və s. dövlətimizin Azərbaycan diasporuna diqqətinin daha bir bariz nümunəsi oldu.
Ümumiyyətlə, müasir Azərbaycan diasporunun formalaşması və çevikliyində Heydər Əliyev Fondunun, Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti xüsusi qeyd edilməlidir. Məhz, Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən “Qarabağ” adlı Azərbaycan məktəbləri, Xocalı soyqırımının tanıdılması istiqamətində həyata keçirilən layihə və tədbirlər soydaşlarımızın təşkilatlanması, ümummilli məsələlərdə birliyinin təmin olunması baxımından olduqca böyük əhəmiyyət kəsb edir.
Azərbaycan diasporu COVİD-19 pandemiyası dövründə
2020-ci il üçün nəzərdə tutulan fəaliyyət planı pandemiyanın başlanması ilə yeni bir müstəviyə keçdi. Bu dövrdə Azərbaycan diasporu kifayət qədər çevik və həssas proseslər yaşadı. İstər müxtəlif yerlərdə çətinliyə düşmüş soydaşlarımıza edilən yardımlar, istərsə də diasporun yerli qaydalara riayət etməklə öz aktiv fəaliyyətini qurması bunun bariz nümunəsidir.
4 aydan bir qədər çox davam edən müddət ərzində təkcə Dövlət Komitəsinə 18 minə yaxın zəng, xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının, Azərbaycanlıların Koordinasiya Şuralarının, diaspor üzvlərinin, həmçinin Komitənin ünvanlarına ümumilikdə 51 ölkədən 6 minə yaxın müraciət daxil olub. Türkiyə, Ukrayna, Rusiya, İtaliya, Gürcüstan və digər ölkələrdən edilmiş müraciətlərə əsasən 33 ölkə üzrə 6853 nəfərə maddi yardım göstərilib. Dünyanın 50-yə yaxın ölkəsindən 500-dən çox soydaşımızın qatıldığı 45 videokonfrans təşkil olunub.
Ermənistanın Tovuz təxribatı soydaşlarımızı hiddətləndirdi
Pandemiyanın ardınca Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar zamanı da diasporumuz kifayət qədər çeviklik, mütəşəkkillik və milli birlik göstərdi. Dövlət Komitəsinin müraciət və çağırışlarından daha da ruhlanan soydaşlarımız yerli qanunlara uyğun olaraq yürüş, aksiya və digər istiqamətdə fəaliyyətə keçdi. Komitə tərəfindən aksiyaların şüar, baner, bayraq, poster və s. əyani vəsaitlərlə təminatına müvafiq dəstək göstərildi, sosial şəbəkə üzərindən canlı yayımı, yerli və xarici KİV-lərdə işıqlandırılması təmin edildi. Həmin günlərdə çıxışlarının birində möhtərəm Prezidentimiz cənab İlham Əliyev də soydaşlarımızın fəallığını qeyd edərək bildirmişdir ki: “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”.
Məhz, möhtərəm Prezident İlham Əliyevin tapşırıqlarına əsasən soydaşlarımızın pozulmuş hüquqlarının yaşadıqları ölkələrin qanunları çərçivəsində və beynəlxalq hüquq normaları əsasında bərpası, eləcə də dəymiş maddi və digər zərərin aradan qaldırılması üçün bütün mümkün addımlar atıldı.
İlk dəfə milli birlik və həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin, ordusunun yanında olduğunu bəyan edən soydaşlarımız, diaspor təşkilatları dünyanın 30-dan çox olkəsində 70-dən artıq etiraz aksiyası keçirdi. Bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız, eləcə də dost xalqların - Türkiyə, İsrail, Pakistan, Ukrayna və digər xalqların nümayəndələri iştirak etdi. Soydaşlarımızın dünyanın müxtəlif yerlərində təşkil etdiyi dinc aksiyalarla bağlı fikirlərini bölüşən Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyeva da öz çıxışlarında həmvətənlərimizə minnətdarlığını ifadə etdi: “Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm. Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var - Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək. Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!”
ŞANLI ZƏFƏRƏ APARAN HƏMRƏYLİK VƏ BİRLİK MÜCADİLƏSİ
Diasporumuz Ermənistanın Tovuz təxribatı zamanı daha da möhkəmləndi və torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi dövründə özünün indiyəqədərki ən yüksək zirvəsinə çatdı, deyə bilərik.
44 günlük hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız siyasi görüşündən, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərdi. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaralanan, həlak olan, evləri dağılan dinc sakinlərə maddi, humanitar yadımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq ortaya qoydu.
Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza 2020-ci il 27 sentyabr tarixli müraciətindən dərhal sonra noyabrın 10-dək diaspor təşkilatlarımız və xaricdə yaşayan soydaşlarımıza Dövlət Komitəsi tərəfindən beş dəfə müraciət ünvanlandı. Müharibənin başlanmasından bir neçə gün sonra - sentyabrın 30-da Dövlət Komitəsində Azərbaycanda yaşayan Hind, Gürcü, Ukrayn, Rus, Polyak, Pakistan, Axıska türkləri və digər icmaların təmsilçiləri ilə görüş keçirildi. Tədbirdə icma rəhbərləri və nümayəndələri BMT-yə, Avropa Şurası və digər beynəlxalq təşkilatlara, beynəlxalq hüquq və normalara hörmətlə yanaşan bütün dövlətlərə ünvanlanmış birgə bəyanat imzalandı. Oktyabrın 2-də Azərbaycan elmini xarici ölkələrdə təmsil edən ictimai xadimlərlə görüş keçirildi, ölkəmizlə bağlı həqiqətlərin təbliği istiqamətində müzakirələr aparıldı. Azərbaycan həqiqətlərini əks etdirən 55-dan çox qısa video hazırlanaraq sosial şəbəkələr üzərindən yayımlandı.
ABŞ, Kanada, Almaniya, Fransa, Niderland, Polşa və digər ölkələrin bir sıra şəhərlərində Azərbaycan həqiqətlərini əks etdirən 100-ə yaxın afışa və posterlər yerləşdirildi. Komitənin təşəbbüsü ilə, Azərbaycana dost xalqların diaspor nümayəndələri vasitəsilə Fransa, İtaliya, İngiltərə, Belçika, Moldova, Ukrayna daxil olmaqla 14 ölkənin mediasında 45 məqalə yayımlanıb, ümumilikdə isə Tovuz təxribatlarından sonra diaspor təşkilatları 60 ölkədə 32 dildə 535 məqalə dərc etdirib. Eyni zamanda, Tovuz təxribatları, Ermənistanın işğalçılıq siyasəti, ordumuzun torpaqlarımızın bütövlüyü uğrunda apardığı hərbi əməliyyatlarla bağlı həqiqətləri əks etdirən müxtəlif dillərdə minlərlə məktub Azərbaycan Diaspor Könüllüləri, xaricdə və Azərbaycanda yaşayan gənclər vasitəsilə dünyanın aparıcı siyasətçilərinə və ABŞ konqresmenlərinə göndərilib.
Dövlət Komitəsinin koordinasiyası ilə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 500-dən artıq bəyanat göndərdi. Avropa Parlamentinin üzvlərinə 775 bəyanat çatdırıldı, müxtəlif ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və müraciətlər birbaşa təqdim olundu. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Koordinasiya Şuraları tərəfindən dünyanın aparıcı şəxsləri, beynəlxalq media nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatları, ayrı-ayrı ölkələrin parlamentləri və tanınmış ictimai-siyasi xadimlərinə Ermənistanın təxribatları, işğalçılıq siyasəti, terrorçuluq fəaliyyəti haqqında müxtəlif dillərdə ətraflı məlumatları özündə əks etdirən 4700 məktub elektron poçt vasitəsi ilə göndərildi.
Nəticədə bir sıra ölkələrin sakinləri erməni təcavüzündən daha çox xəbərdar oldu, erməni diasporunun fəaliyyət effektivliyi azaldı və Azərbaycan haqqında saxta xəbərlərin yayılmasının qarşısı alındı. O cümlədən, 8895 yerli mənbədə 505 xəbər yayımlamaqla Azərbaycan diasporunun fəaliyyəti barədə ictimaiyyətə davamlı məlumatlar verildi.
Ermənistanla mübarizədə yeni bir cəbhə - Azərbaycan diasporu cəbhəsi açıldı. Xaricdəki soydaşlarımız tərəfindən Azərbaycan dövlətinə, ordusuna və şəhid ailələrinə dəstəklə bağlı çoxsaylı müraciətlər, yardımlar edildi və edilməkdədir. Xaricdə yaşayan azərbaycanlı həkimlərdən ibarət qrupun cəbhə bölgəsinə yollanaraq göstərdiyi xidmətlər də xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə dəstəyin davamlı olması, eləcə də bütün dünyada yaşayan soydaşlarımızın bu proseslərdə aktiv iştirak arzusu nəzərə alınaraq “YAŞAT” Fondunun yaradılması da önəmli hadisədir. Fondun Himayəçilik Şurasında diasporumuzun üzvləri olan Məsud Aşina və Cahangir Novruzovun təmsil olunması isə Azərbaycan diasporuna ən ali səviyyədə göstərilən bir etimaddır, inamdır.
Bir sözlə, diasporumuz Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə mübarizədə hər zamankından daha fərqli və fəal şəkildə milli birlik, həmrəylik nümayiş etdirməklə mübarizənin ön cərgəsində böyük şücaətlə mübarizə apardı. Artıq erməni siyasətçilər də Azərbaycanın Ermənistanla mübarizəsində yeni bir cəbhə - Azərbaycan diasporu cəbhəsini açdığını təşvişlə etiraf etməkdədir. Bu cəbhənin aparıcı qüvvəsi Azərbaycan diasporunun ziyalıları, sayılıb-seçilən məşhur şəxsiyyətləri, ictimai xadimləri və ümumilikdə qəlbi daim vətənlə döyünən soydaşlarımızdır.
Möhtərəm Prezident İlham Əliyevin çıxışlarında dünya azərbaycalılarına dair səsləndirdiyi fikirlərə istinad edərək, tam əminliklə söyləyə bilərik ki, informasiya mübarizəsində düşmən üzərində əldə etdiyimiz qələbənin əhəmiyyətli hissəsi, məhz Azərbaycan diasporunun peşəkar və əzmli fəaliyyəti sayəsində əldə edilmişdir. Apardığımız haqq mübarizəsində hər bir həmvətənimiz əlindən gələni əsirgəmədən yaşadığı ölkədə Azərbaycanın haqq səsinin duyulması istiqamətində yorulmadan fəaliyyət göstərmişdir.
Xalqımız üçün belə bir həssas dönəmdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan soydaşlarımız üzərlərinə düşən ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirib. Bundan sonra da Dövlət Komitəsi və hər bir həmvətənimiz qətiyyətli addımlarla, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində böyük inamla irəliləyəcək, şanlı qələbəmizi sonsuz fəxrlə bütün dünyaya bəyan edəcəkdir.
Komitə və Azərbaycan diasporunun hər bir nümayəndəsi daima dövlətimizin, müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan ordusunun yanındadır. Azərbaycan ordusunun vətənimizin ərazi bütövlüyünü tam bərpa etmək istiqamətində apardığı mücadilə əsnasında qazandığı davamlı nailiyyətlər, qətiyyətli qalibiyyətlər, nəhayət, uzun illər ərzində haqqı olan şanlı, parlaq və əbədi qələbəsi bizim qürur mənbəyimiz, fəxarət yerimizdir!
Yeni bir mərhələyə qədəm qoyan Azərbaycan diasporu artıq fəaliyyətini daha əzmlə, qürurla və var gücü ilə davam etdirir. Bu istiqamətdə ilk növbədə biz pandemiya və Vətən müharibəsi dövründə nümayiş etdirdiyimiz birlik və həmrəyliyi qoruyub saxlamağa, döyüş meydanında qazandığımız qələbəni diplomatiya və diaspor, lobbiçilik sahəsindəki uğurlu fəaliyyətimizlə daha da möhkəmləndirməyə çalışmalıyıq.
Zəfər diasporu 2021-ci ildə
Diasporumuz Vətən müharibəsində nümayiş etdirdiyi birliyin Diasporla İş üzrə Dövlət Komitəsinin və YAŞAT Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı keçirilən “YAŞAT Marafonu”nda da şahidi olduq. Dünya azərbaycanlıları, hətta dost-qardaş xalqların icmaları da qazi və şəhid ailələrinə dəstək göstərmək üçün birləşdi, ianələr etdi və diaspor tarixində ilk dəfə baş tutan xeyriyyə marafonunda bir milyon manata yaxın vəsait toplanaraq “YAŞAT” Fonduna təqdim olundu. Bu marafon Qarabağ üçün birliyimizi, həmrəyliyimiz gücləndirmək zərurəti və gələcəyimizə aparan məqsəd, dünyaya Azərbaycan xalqının varlığını, əzmkarlığını sübut etmək üçün aparılan ümumxalq mücadiləsinin tərkib hissəsi, Vətən üçün canından keçən oğullarımızın yadigarlarını unutmamaq işinə, sağlığını itirən qazilərimizi yaşatmaq kimi müqəddəs amala töhfə vermək məqsədi daşıyırdı.
Bu gün döyüş meydanında müharibə bitsə də, informasiya savaşında mübarizə davam edir. Mənfur erməni diasporu yalan maşınını işə salaraq Azərbaycanın imicinə xələl gətirməsinə imkan verməməli, dünyaya haqlı olduğumuzu qəbul etdirmək üçün işimizi davam etdirməliyik. Eyni zamanda, dünyada azərbaycanlı imicini tanıtmaq üçün səylərimizi artırmaq, millətimizin sülhpərvər, multikultural, zəhmətkeş, tolerant olduğunu isbatlamalıyıq.
Milli maraqlarımızın müdafiəsi üçün bütün dünyada diaspor təşkilatlarımızın daha da güclənməsinə ehtiyac vardır. Bu mənada iki qardaş ölkə - Azərbaycanla Türkiyə arasında arasında müttəfiqlik münasibətlərinə dair imzalanan “Şuşa Bəyannaməsi” isə mədəniyyətimizi təbliğ edən, problemlərimizin dünyaya çatdırılmasında birgə addımlayan diasporumuzun qarşısında daha ciddi işbirliyi, birgə fəaliyyət tələb edən üfüqlər açır.
Bir millət, bir diaspor
"Şuşa Bəyannaməsi"ndə diaspor fəaliyyətinin tam olaraq birləşdirilməsi bəndinin yer alması indiyədək aparılmış birgə fəaliyyətin məntiqi davamı, ölkə başçıları səviyyəsində yüksək dostluq münasibətlərinin, xalqlar arasında mövcud bağların daha da möhkəmləndirilməsi, bütün sahələrdə birgə fəaliyyətə dayanıqlı və davamlı stimul yaradılması deməkdir.
Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən diaspor fəaliyyətinin əlaqələndirilməsi, türk dünyasının birləşmiş diaspor hərəkatının formalaşdırılması istiqamətində apardığı ardıcıl işlər artıq yeni bir müstəvidə, daha səmərəli və dayanıqlı platformalar üzərindən inkişaf etdiriləcəkdir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi arasında imzalanmış diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu "Şuşa bəyannaməsi"ndən irəli gələn yeni vəzifələr əsasında daha sıx işbirliyinin formalaşmasına səbəb olacaqdır. Belə ki, diaspor təşkilatlarımızın fəaliyyət göstərdiyi ölkələrdə artıq təcrübə mübadilələri deyil, birgə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək, yeni ortaq koordinasiya şuralarına keçid məsələləri gündəmə gələcəkdir.
Xalqlarımız üçün önəmli təqvim günləri və onların təbliği, dünyada mövqelərimizin möhkəmləndirilməsi istiqamətində daha təsirli vasitələrin tətbiqi istiqamətində birgə yeni konsepsiyanın müəyyənləşdirilməsinə, dünyada mövcud olan minlərlə türkdilli diaspor qurumlarının birləşdirilməsinə, xüsusilə Xocalı hadisələri ilə bağlı həqiqətlərin və qondarma “erməni soyqırımı”məsələsinin dünyaya bəyan edilməsində ortaq fəaliyyət strategiyasının qurulmasına zərurət yaranıb.
Bu gün Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsi vahid diaspor hərəkatında fəaliyyətimizin daha sıx birləşdirilməsinə şərait yaradıb. Artıq rəsmi sənədlə öz təsdiqini tapan “Bir millətin iki diasporu olmaz” şüarı qarşımızda qoyulan vacib bir vəzifə, yaşadığımız tarixi reallıqdır.
Bu tarixi reallıqdan irəli gələrək Azərbaycan diasporu şanlı Zəfərimizdən sonra ilk tədbirini hər zaman ölkəmizə dəstək olan qardaş Türkiyədə təşkil etdi. Dünyadakı Azərbaycan Koordinasiya Şuralarının təmsilçiləri İstanbulda toplaşaraq artıq yeni müstəviyə keçmiş diasporumuzun qarşısındakı məqsəd və vəzifələri müzakirə etdi, “Şuşa Bəyannaməsi” ilə önə çıxmış prioritetlərlə bağlı fikir mübadiləsi apararaq yeni mərhələdə görüləcək işləri, atılacaq addımları müəyyən etdilər. Amerika, Avropa ölkələri, Türkiyədən xeyli sayda diaspor nümayəndəsinin qatıldığı tədbir Azərbaycan Silahlı Qüvvələr Gününə təsadüf etdiyi üçün müzəffər ordumuza daha böyük sayğı və qayğı ilə İstanbulda müalicə alan qazilərimiz ziyarət edildi, toplantılarda onlardan bəzilərinin iştirakı təmin olundu.
Qardaş Türkiyə diasporu ilə əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılmış vacib addımlardan biri də Ankarada yaradılmış Azərbaycan Evinin yenidən qurulması və fəaliyyətə başlamasından sonra təntənəli şəkildə açılış mərasiminin təşkil edilməsi oldu. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla Türkiyənin eyniprofilli qurumu olan YTB rəhbəri Abdullah Erenin, eləcə də bir sıra nüfuzlu qonaqların iştirakı ilə baş tutan mərasim diasporlarımızın birliyinin möhkəmlənməsində önəmli fəaliyyətlərdəndir. Azərbaycan Evinin açılışında da səsləndirildiyi kimi: bu məkanla biz Azərbaycanımızı tanıtmayacaq, Evimizi paylaşacağıq. Ortaq paylaşım bizi daha güclü və qüvvətli edəcək. Bir sözlə, diasporlarımızın da perspektivi üçün proqram xarakteri daşıyan “Şuşa Bəyannaməsi”ndən sonra artıq yeni bir türk diasporu görəcəyik...
Necə ki, bunu görməkdəyik... Son dövrlər diaspor nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə silsilə səfərləri, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində Qurultayın keçirilməsi, “Diaspor gənclərinin” növbəti yay düşərgəsinin Şuşada təşkili istiqamətində işlərin aparılması, eləcə də milli-mədəni irsimizin təbliği istiqamətində işlərin həyata keçirilməsi və s. istiqamətlərdə görülən işlər Dövlət Komitəsinin və Azərbaycan diasporunun birgə fəaliyyətinin bariz nümunələridir.
Torpaqlarımızın bütövlüyü uğrunda Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı qələbəmizdən sonra daha məğrur, daha qürurlu şəkildə harada yaşamağımızdan asılı olmayaraq birlik və həmrəylimizi qoruyub saxlamalıyıq. Cənab Prezidentin dediyi kimi: “Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var Azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.