Modern.az

Diasporun növbəti UĞURU - 50-dən çox ölkədə Şuşadan DANIŞACAQLAR 

Diasporun növbəti UĞURU - 50-dən çox ölkədə Şuşadan DANIŞACAQLAR 

Diaspor

8 Avqust 2022, 14:36

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi başa çatıb. Tarixdə ilk dəfə Azərbaycanın mədəniyyət paytaxtında təşkil olunan düşərgədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri olub.

 

Belə irimiqyaslı layihənin xalqımızın Qarabağda parlaq qələbəsindən və Dünya Azərbaycanlılarının Zəfər Qurultayından sonraya təsadüf etməsi xüsusi önəm daşıyır.  

 

Xatırladaq ki, 2022-ci il aprelində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırmışdı. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.

 

Dünyanın gənc azərbaycanlılarının Şuşada bir araya gəlməsi niyə əhəmiyyətlidir?

 

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Musa Qasımlı deyib ki, Diasporla İş Üzrə  Dövlət Komitəsi tərəfindən 50 ölkədən gəlmiş azərbaycanlı gənclərin iştirakıyla yay düşərgəsinin keçirilməsinin böyük əhəmiyyəti var:

 

“Həmin düşərgədə mən də mühazirə oxudum, suallara cavab verdim. Hesab edirəm ki, bu düşərgənin böyük əhəmiyyəti var. Düşərgə iştirakçıları tələbələr və məzun olmuş gənclərdən ibarət idi. Onlar Azərbaycanın tarixi, mədəniyyəti və işğal olunmuş bölgələrimizlə bağlı dolğun məlumat əldə etdilər. Həmin gənclər bir-biriləri ilə yaxından tanış oldular, yeni platforma təşkil etdilər. Qarşıdakı illərdə öz aralarında əlaqələri genişləndirmələri özlüyündə böyük hərəkat yaradacaq. Yay düşərgəsinin digər əhəmiyyəti gənclərin mədəniyyət paytaxtında toplanması idi. Gənclər Şuşada erməni barbarlığının, vəhşiliyinin şahidi oldular və vəhşiliyi dünyaya çatdıracaqlar”.

 

 

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova isə bildirib ki, gənclər düşərgədə çox böyük qürur və fəxarət hissi ilə iştirak ediblər:

 

“Bu dəfə Yay Düşərgəsini Şuşada qeyd etdik. Bundan öncə Şamaxı və Şəkidə olmuşduq, həmin səfərlərimiz də gözəl idi. Bu dəfə hisslərimiz çox fərqli idi. Xaricdən gələn gənclərlə qələbə ruhunda görüşdük. Onların şəhid ailələrinə, dəyərlərimizə olan münasibəti bizi qürurlandırdı.

 

Düşərgənin Şuşada keçirilməsinin xüsusi önəmi var. Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət düşür. Vətən, qələbə onlara əmanətdir. Qələbəmizi, yurdumuzu qorumaq onları gələcək nəsilə ötürmək lazımdır. Mən əminəm ki, fərqli yerlərdə yaşayan gənclərimiz öz vəzifələrinin öhdəsindən gələcəklər. Diaspor gəncləri Şuşada gördüklərini, eşitdiklərini yaşadığı ölkələrdə danışacaqlar”.

 

Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində gerçəkləşdirilib. Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

 

Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu