Modern.az

Kanadadakı soydaşlarımızdan erməni təxribatlarına etiraz

Kanadadakı soydaşlarımızdan erməni təxribatlarına etiraz

Diaspor

15 Sentyabr 2022, 21:14

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yaşadıqları ölkələrdə hakim qurumlara, media orqanlarına, QHT-lərə və beynəlxalq təşkilatlara çağırış etməyə davam edirlər.

 

Modern.az xəbər verir ki, diaspor fəalları dünya birliyini Ermənistanın Azərbaycana yönələn təcavüzünü pisləməyə, belə təxribatların təkrarlanmaması naminə beynəlxalq səviyyədə əməli addımların atılması üçün səylərini artırmağa çağırırlar.

 

Digər ölkələrdəki diaspor təşkilatları ilə bərabər Kanadanın Kvebek əyalətində yaşayan və fəaliyyət göstərən Azərbaycan icması da Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixli genişmiqyaslı təxribatı ilə əlaqədar dərin narahatlığını bəyan edib.

 Monreal Kanada-Azərbaycan Cəmiyyətinin sədri Rəna Müslümovanın imzası ilə yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda Ermənistanın növbəti dəfə törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilib.

 Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə iki ölkə arasında başlanan normallaşma və sülh prosesinə Ermənistanın təcavüzlə cavab verməsinin ilk dəfə baş vermədiyi, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü nəzərə çatdırılıb.

 Soydaşlarımız Kanada rəsmilərini və dünya birliyini beynəlxalq müstəvidə Ermənistanın təcavüzünü pisləməyə, Ermənistanın revanşist ideyalarına son qoyulması, bölgədə qan tökülməsinin qarşısının alınması naminə rəsmi İrəvanın sülhə sövq edilməsi istiqamətində qətiyyətli addımlar atmağa çağırıblar. 

Qeyd edək ki, xaricdə yaşayan soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəd istiqamətlərdə törətdiyi genişmiqyaslı təxribatlarla əlaqədar dünya ictimaiyyətini məlumatlandırma kampaniyasına başlayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər