Modern.az

Erməni diasporunun növbəti RƏZİLLİYİ

Erməni diasporunun növbəti RƏZİLLİYİ

Diaspor

19 Sentyabr 2022, 12:28

Ötən həftə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribatlardan sonra xaricdəki diplomatik nümayəndəliklərimizin hədəf seçilməsi ermənilərin çirkin niyyətlərdən əl çəkmədiyini göstərir.

 

44 günlük Vətən müharibəsində "dəmir yumruq"la məhv edilən, ağır məğlubiyyətə düçar olan Ermənistan və işğalçı ölkənin diasporu döyüş meydanında olduğu kimi, informasiya cəbhəsində də başından aldığı ölümcül zərbələrin təsirindən hələ də ayıla bilmir.

 

Qalib ölkənin diasporu qarşısında duruş gətirə bilməyən, sivil mübarizə aparmaq mədəniyyətindən məhrum olan radikal ermənilər çıxış yolu kimi təxribatlara əl ataraq, əsl simalarını bir daha göstərirlər. Bu isə erməni diasporunun aciz durumda olmasından irəli gəlir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, erməni diasporunun xaricdə səfirliklərimizə qarşı hücumları onların rəzil durumunu bir daha sübut edir. 44 günlük müharibdəki məğlubiyyətdən dərs çıxarmayan ermənilər xarici ölkələrdə Azərbaycan diasporuna və səfirliyinə qarşı vandal cinayət əməlləri törədir.

 

Deputatın fikrincə, son hadisələr Ermənistan lobbisinin və diasporunun rəzilliyidir. M.İbrahimqızı 30 il öncə ermənilərin Türkiyə səfirliklərinə hücumunu xatırladaraq deyib:

 

“Erməni faşistləri hələ 30 il bundan öncə türk səfirlərinə qarşı total hücumlar ediblər, sui-qəsd törədiblər. Hətta, 44 günlük Vətən müharibəsində təkcə Azərbaycan səfirliklərinə, diasporuna deyil, Türkiyə səfirliklərinə və diasporlarına erməni vandallarının, cinayətkarlarının hücumlarının şahidi olmuşuq. Onlar artıq məğlub olduqlarını anlayırlar və buna görə də çirkin addımlar atırlar”.

 

Deputatın fikrincə, dünya ictimaiyyəti erməni vandallarının törətdikləri hadisələrə uzun müddət səssiz qala bilməyəcək:

 

“Dünya ictimaiyyəti 30 il ermənilərin işğalına, Xocalı soyqırımına biganə qaldı. Nəticədə, Azərbaycan öz məsələsini özü həll etməli oldu. Bugün istər Fransada, istər Böyük Britaniyada, istərsə də Livan və Gürcüstanda baş verən hadisələr göstərir ki, erməni cinayətkarlığı mütəşəkkil və transmilli xarakter daşıyır. Buna görə də, beynəlxaq aləm susmayacaq. Çünki erməni cinayətkarlığı bir müddət sonra həmin ölkələrə qarşı yönələcək. Biz buna bənzər hadisələrin şahidi olmuşuq. ABŞ senatının spikeri Nensi Pelosinin İrəvan  səfəri buna nümunədir. Ermənilər səfər zamanı özlərinin bir dövlət və xalq olaraq varlığını borclu olduğu Rusiyaya qarşı xəyənatkarlıq nümayiş etdirdi. Putinin şəklini cırıb, Rusiyaya qarşı təhqiramiz şüarlar səsləndirdilər. Rusiyanın bayrağı götürülərək Ukraynanın bayrağı asıldı. Belə riyakarlıq hələ görülməyib”.

 

M.İbrahimqızı vurğulayıb ki, Azərbaycan erməni təxribatlarına qarşı lazımi addımlar atacaq:

 

“Bununla bağlı Baş Prokurorluq cinayət işi başladaraq, interpola və hadisələrin baş verdiyi ölkələrə müraciət edib. Biz azərbaycanlılar xaricdə, beynəlxalq təşkilatlarda işbirliyimizi davam etdirərək erməni vandallarına qarşı mübarizə aparacağıq. Təkcə erməni cinayətkarlığına qarşı yox, həm də ona dəstək olanlara qarşı mübarizə aparacağıq. Azərbaycan diasporu 44 günlük Vətən müharibəsində olduğu kimi, indi də bu hadisələrə beynəlxalq hüquq çərçivəsində öz reaksiyasını göstərəcək və lazımı işlər görüləcək”.

 

Deputat hesab edir ki, Azərbaycanın dünyada nüfuzunun artması bəzi ölkələri narahat edir:

 

“Dünən Fransada baş verən hadisəyə bu ölkənin biganə qalması biabırçılıqdır və Fransanın beynəlxalq hüququ saymazlıqdır. Ancaq bilməlidirlər ki, oxşar hadisələr sabah başqa ölkədə də ola bilər. Ona görə də, heç kəs bundan sığortalanmayıb. Azərbaycanın nüfuzunun artması erməniləri və onların havadarlarını ciddi narahat edir. Heç kim narahat olmasın, biz bütün şər qüvvələrlə mübarizə aparırıq və sonadək də mübarizə aparacağıq”.  

 

Xatırladaq ki, ötən həftə erməni radikalları Livan, Fransa və Amerikada Azərbaycan səfirliklərinə hücum ediblər. Gürcüstanda isə onların hücum cəhdlərinin qarşısı polis tərəfindən dərhal alınıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır