Modern.az

Diaspor fəalı Fransa radiosunda erməni təxribatından danışdı - VİDEO

Diaspor fəalı Fransa radiosunda erməni təxribatından danışdı - VİDEO

23 Sentyabr 2022, 11:34

Fransada yayımlanan Cənub radiosunun “Berkoff bütün ştatlarda” proqramında Azərbaycan əsilli fransalı politoloq, hüquqşünas, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Zaur Sadıqbəyli ölkəmizin mövqeyini yerli izləyicilərə çatdırıb.

 

Modern.az xəbər verir ki, proqramın aparıcısı Andre Bekoffla debata çıxan soydaşımız öncə Fransa kimi demokratik ölkədə Azərbaycanın dövlət sərhədində baş verənlərin erməni lobbisinin maraqlarına uyğun şəkildə işıqlandırıldığına və Azərbaycan icmasının fikirlərinə yer ayrılmadığına görə yerli medianı sərt tənqid edib.

 

O, ermənilərin “dənizdən-dənizə” xülyasını “dinazavrutsun - tarixin dinozavrlaşdırılması” adlandırıb:Hətta (Vladimir) Solovyovun verilişinə dəvət olunmuş bir erməni "bizdə orada yaşayan dinozavrlardan sonra" ifadəsini işlətdi. Əlbəttə, bu gülüncdür. Qarabağa gəlincə, mən hüquqşünas kimi faktlarla danışmağa üstünlük verirəm”.

 

Diqqəti Kürəkçay müqaviləsinə yönəldən soydaşımız nəzərə çatdırıb ki, 1805-ci ildə Qarabağ xanlığı ilə Rusiya imperiya arasında imzalanan həmin sənəddə qeyd olunub ki, bu ərazi Azərbaycan xanlığınındır: “Bu gün bəhs etdiyimiz İrəvan, Naxçıvan və Zəngəzur da qədim Azərbaycan xanlıqlarıdır”. 

 

Ermənilərin “Stalin Qarabağı bizə verdi” iddiasının əsassız olduğu, bolşeviklərin Siyasi Bürosunun 3 iyul 1923-cü ildə Qarabağı Ermənistana verdiyi, bir gün sonra – 4 iyulda Azərbaycana qaytardığı vurğulanıb: “Daha doğrusu, “Qarabağı Azərbycanın tərkibində saxlayın və muxtariyyət yaradın” deyiblər. Bu, həddindən artıq böyük güzəşt olub”. 

 

Azərbaycanın xəritəsini təqdim edən soydaşımız Ermənistanın vaxtilə işğal etdiyi əzəli ərazilərimizə diqqəti cəlb edib. Azərbaycanın BMT TŞ-nin 4 qətnaməsinə uyğun olaraq öz ərazilərini təkbaşına işğaldan azad etdiyi və Qarabağ iqtisadi rayonundakı “Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası” adlandırılan problemin həllinin bu ərazinin tamamilə demilitarizasiya olunmasından keçdiyi bildirilib: “Bu müddəa 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişdə öz əksini tapıb”. 

 

Nəzərə çatdırılıb ki, dünyada heç bir ölkə, o cümlədən Fransa öz ərazisində separatçıları qəbul etmək istəmir. “Görün, cənab Prezident Emmanuel Makron nə deyir və mən onunla tam razıyam: “Donbaslılara və separatçı regionlara heç bir güzəşt ola bilməz”. Amma Qarabağa gələndə niyə fransız siyasətçilər “Ah, (Yuxarı) Qarabağ başqadır...” deyirlər. Halbuki bu da bölücülükdür və eyni məsələdir. Bu separatçılar əllərinə silah götürüblər, adamları öldürüblər. Bu gün “separatçılar, rədd olun” deməliyik”. 

 

Zaur Sadıqbəyli əlavə edib ki, Azərbaycan dövləti Qarabağdakı mülki erməni vətəndaşlarına humanist münasibət bəsləyir, yalnız ölkəmizə başqa dövlətin ərazisindən soxulan xarici silahlı adamları qəbul etmir. “Bu, bütün dünyada belədir”. 

 

Bildirib ki, Zəngəzur dəhlizinin bərpa olunması məsələsi Ermənistanın da imzaladığı 10 noyabr 2020-ci il tarixli üztərəfli sazişdə əksini tapıb: “Orada qeyd edilib ki, bu dəhlizin təhlükəsizliyinə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları cavabdehdir. Amma Ermənistan iki ildir bu öhdəliyi də yerinə yetirmir”.  

 

Avropa Birliyinin vasitəçiliyi ilə 31 avqust 2022-ci ildə Brüsseldə baş tutan danışıqlarda Ermənistanın Azərbaycanın 5 şərtini qəbul etdiyi vurğulanıb: “Azərbaycanın Ermənistana ərazi iddiası yoxdur. Biz hər bir dövlətin, o cümlədən Azərbaycanın və  Ermənistanın da ərazi bütövlüyünün təmin olunmasını istəyirik. Amma Ermənistan gecə vaxtı diversantları göndərir. Çünki sərhəd çox genişdir və dağlardan keçir. Biz gördük ki, diversantlar ərazilərimizdə yeni minalar yerləşdirirlər. 2020-ci ildən indiyədək 240 nəfər minalardan həlak olub. Hətta onların arasında Azərbaycan jurnalistləri də var. Bu, hiddət doğurur! Odur ki, Azərbaycanın səbrinin sonu gəldi və biz diversantları sıxışdırmağa başladıq. Biz erməniləri çox yaxşı tanıyırıq. Biz güc tətbiq edən kimi onlar say-küy salmağa, kömək üçün qışqırıq salmağa başlayırlar. İndi də bu baş verir. Hərbi diversantların təcavüzü zamanı onların bəziləri əsir düşdü və Azərbaycan Ordusu “şərti” adlanan sərhəddə yüksəklikləri nəzarətə götürdü”.

  

Zaur Sadıqbəyli fransız izləyicilərinin nəzərinə çatdırıb ki, 1918-ci ilin mart-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində Bakıda 50 min azərbaycanlı, Zəngəzurun isə bütün azərbaycanlı əhalisi qətlə yetirilib: “Həmin illərdə Şərqi Anadoluda 3 milyondan çox müsəlman həlak olub. Amma biz bu barədə danışmırıq. Əgər ermənilərin soyqırımı varsa, azərbaycanlıların, türklərin, kürdlərin də soyqırımı var. Bu, tarixi mübahisədir və Türkiyə arxivlərindəki çoxlu sayda dərc olunan sənədlər də bunu təsdiqləyir”. 

 

Qeyd edək ki, 20 dəqiqə vaxt ayrılan proqram 15 dəqiqə 54 saniyə cəkib. Aparıcının opponentinin danışmasına mane olması səbəbindən Zaur Sadıqbəyli yalnız 9 dəqiqə 17 saniyə müddətində Azərbaycan həqiqətlərini çatdıra bilib. İnternet izləyicilərinin coxsaylı  müraciətlərini nəzərə alan soydaşımız debatın transkriptini öz sosial şəbəkə səhifələrində cap edib.

 

Proqramı aşağıdakı linkdən izləmək mümkündür:

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi