Modern.az

“Əl-Cəzirə”də ermənilərin dağıtdığı mədəni irsimizlə bağlı reportaj

“Əl-Cəzirə”də ermənilərin dağıtdığı mədəni irsimizlə bağlı reportaj

28 Sentyabr 2022, 12:48

“Əl-Cəzirə” telekanalı UNESCO-nun Parisdəki mənzil-qərargahı önündə təşkil edilmiş Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən sərgi-aksiya barədə reportaj yayımlanıb.

 

Modern.az xəbər verir ki, tədbirin keçirildiyi məkandan birbaşa yayıma çıxan “əl-Cəzirə” telekanalının əməkdaşı sərgi-aksiyanın məqsədi, nümayiş olunan fotomateriallar əsasında Azərbaycanın Ermənistanda dağıdılmış tarixi və mədəni abidələri, yerlə-yeksan edilmiş Təpəbaşı məhəlləsi barədə ətraflı məlumat verib.

 

Bildirilib ki, Ermənistan bununla Azərbaycanın tarixi, mədəni və dini irsinin izini İrəvandan silməyə cəhd göstərib, hətta həmin abidələrin bəzilərini özününküləşdirməyə çalışıb.  

 

Nəzərə çatdırılıb ki, təşkilatçılar bu aksiya ilə İrəvan şəhərində bəşər mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən azərbaycanlıların tarixi Təpəbaşı məhəlləsinin UNESCO tərəfindən qorunması və mədəni irs siyahısına salınması tələbinə diqqəti cəlb ediblər. 

 

Qeyd edək ki, Sərhədsiz Ədalət və Hüquq Assosiasiyasının 20-22 sentyabr 2022-ci ildə təşkil etdiyi sərgi-aksiya Parisdə keçirilən “Mədəniyyətlərarası dialoqun yaradılması” mövzusunda tədbir çərçivəsində gerçəkləşdirilib. 

 

Aksiya zamanı İrəvan və Sərdarabad qalaları, Sərdar sarayı, Səlim karvansarası, Urud abidələr kompleksi, Təpəbaşı məhəlləsi, Abbas Mirzə məscidi, Sərdar məscidi, Rəcəb Paşa məscidi, Novruzəli bəy məscidi, Hacı Cəfər bəy məscidi, Təpəbaşı məscidi və mədəni irsimizə aid olan digər abidələrin fotomaterialları nümayiş etdirilib. Fotomateriallar uzun illər Ermənistan ərazisində Azərbaycan tarixi və mədəni irsinə qarşı kultursid siyasətinin həyata keçirildiyini sübut edir. 

 

Sərgi-aksiyanı ziyarət edən yerli sakinlər Fransa mətbuatının bu hadisələr haqqında susmasına təəssüfləndiklərini ifadə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?