ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində yaşayan Azərbaycan icması Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin adından “Human Rights Watch”, “International Amnesty”, “Freedom House” və digər beynəlxalq təşkilatlara ünvanlanan müraciətdə Edilli faciəsi Ermənistanın növbəti hərbi cinayətinin sübutu kimi dəyərləndirilib.
Edillidə aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsus olduğu, Ermənistan tərəfinin indiyədək 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığı, xalqımıza qarşı törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətməyə çalışdığı nəzərə çatdırılıb.
Azərbaycan əsilli amerikalıların Edilli cinayətindən dəhşətə gəldiyi və hiddətləndiyi vurğulanıb.
Mərkəz beynəlxalq birliyi Ermənistanın hərbi cinayətlərinə birdəfəlik son qoyulması, müxtəlif vaxtlarda etnik zəmində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görməyə çağırıb.