Modern.az

Lev Spivak “Diaspor fəaliyyətində xidmətə görə” təltif edildi

Lev Spivak “Diaspor fəaliyyətində xidmətə görə” təltif edildi

Diaspor

19 Oktyabr 2022, 16:48

Azərbaycan diasporunu dost İsrail Dövlətində böyük ləyaqətlə təmsil edən “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının rəhbəri Lev Spivakın 60 yaşı tamam olur.

 

Modern.az xəbər verir ki, bu münasibətlə Lev Spivak Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.

 

Qeyd edək ki, L.Spivak 19 oktyabr 1962-ci ildə Bakı şəhərində anadan olub. İlk ali təhsilini Azərbaycan Politexnik İnstitutunda alıb. 2007-2019-cu illərdə “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının direktoru olub. 2019-cu ildən “Azİz”in rəhbəridir. 2012-ci ildən indiyədək “Bizim Ev – İsrail” siyasi partiyasının üzvüdür. 2019-cu ildə Qiryat-Ekron şəhərində yerli şuranın deputatı seçilib.

 

Onun rəhbərliyi ilə beynəlxalq assosiasiya Azərbaycan mədəniyyətinin təbliği, iki ölkənin dövlət qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, qardaşlaşmış şəhərlər konsepsiyasının həyata keçirilməsi, Qarabağ münaqişəsi və post-müharibə dövründə israilli jurnalistlərin Azərbaycana səfərlərinin təşkili, İsrail mediasında və  sosial media şəbəkələrində Azərbaycan həqiqətlərinin geniş təbliği istiqamətində davamlı və səmərəli iş aparmaqdadır. 

 

“Azİz”in təşəbbüsü ilə Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı dağ yəhudilərinin cuuri dilində, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında üç cildlik kitab ivrit dilində nəşr edilib. “Azİz” yəhudilərə və azərbaycanlılara qarşı törədilmiş müharibə cinayətlərinin unudulmaması naminə Holokost qurbanlarına həsr olunmuş “Əbədi xatirə və əbədi rüsvay” və Xocalı soyqırımına həsr olunmuş “Qarabağ hekayələri” kitablarının ərsəyə gəlməsində böyük rol oynayıb. 

 

“AzIz”in təşəbbüsü ilə Azərbaycandan İsrailə köçmüş 100 ən məşhur yəhudi haqqında “Kim kimdir?” məlumat kitabı və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Qalib Azərbaycan” şeirlər toplusu da İsrail ictimaiyyətində böyük maraq doğurub. 

 

L.Spivak Azərbaycanla İsrail arasında dostluq əlaqələrinin inkişafına mühüm töhfələrinə görə 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycana bağlılığını və sevgisini hər zaman öz yorulmaz fəaliyyəti ilə sübut edən Lev Spivakı 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər