Modern.az

İlham Əliyevin çıxışı Güney azərbaycanlıları üçün "yol xəritəsi" olacaq 

İlham Əliyevin çıxışı Güney azərbaycanlıları üçün

Diaspor

26 Noyabr 2022, 15:16

"Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır.

 

Mən başqa bir misal da gətirə bilərəm. Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir".
 

Bu sözləri ötən gün ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında Prezident İlham Əliyev deyib.


Prezidentin bu çıxışı Güney Azərbaycandakı soydaşlarımız tərəfindən necə qarşılandı?


Məsələ ilə bağlı Modern.az-a danışan Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin idarə heyətinin üzvü, Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sadiq İsabəyli bildirib ki, Prezident İlham Əliyevin ADA Universitetində söylədiyi fikirlər çox önəmlidir:
 

"İran adlanan ölkənin Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı anti-Azərbaycan siyasəti və fəaliyyəti artıq elə bir mərhələyə çatıb ki, Azərbaycan Prezidenti öz çıxışında İrana ciddi mesaj verməli olub. Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinə qarşı addımların atıla bilməyəcəyini, onun milli mənafeələrinə, milli təhlükəsizliyinə qarşı hansısa təxribati fəaliyyətlərin aparılmasına yol verilməyəcəyini açıq şəkildə vurğuladı. Artıq regiondakı geosiyasi, təhlükəsizliklə  bağlı hər hansı proseslərin aparalıb-aparılmaması Azərbaycandan asılıdır. Azərbaycan regionda söz sahibidir. Bu da o deməkdir ki, İran adlanan dövlətin bundan sonra Ermənistan üzərindən, yaxud hansısa terror təşkilatı üzərindən və ya yaratmağa çalışdığı casus şəbəkəsi vasitəsilə Azərbaycana qarşı bu və ya digər şəkildə təxribat aparmaq imkanı olmayacaq. Çünki Azərbaycan dövləti belə fəaliyyətləri cavabsız qoymayacaq".

 

 

Sadiq İsabəylinin sözlərinə görə, Azərbaycan Prezidentinin mesajları çox önəmli və tarixi hadisədir:


"Bu çıxışı ilə artıq üçüncü dəfədir ki, cənab Prezident İlham Əliyev Güney azərbaycanlılarının milli mədəni haqları ilə bağlı açıqlama verir. Budəfəki çıxışında prezident Güney Azərbaycanda yaşayan Azərbaycan türklərini xalq olaraq Azərbaycanın bir hissəsi adlandırdı. Bu çox önəmli hadisədir. Çıxış Azərbaycanın demokratik haqq və azadlıqlara önəm verdiyini, beynəlxalq hüquqda öz əksini tapmış insan hüquqlarının müdafiə olunmasını tələb etdiyini göstərir. Güney azərbaycanlılarla bağlı çıxış buna çox yaxşı nümunədir. Təbii ki, bu, tarixi hadisədir.

 

Mən hesab edirəm ki, Güneydəki azərbaycanlılar apardıqları milli-mədəni mübarizənin necə dəyərləndirilməsini görürlər. Görürlər ki, onların milli-mədəni sahədə apardığı mübarizəni dəstəkləyən, bu istiqamətdə dövlət olaraq əlindən gələni edəcəyini deyən doğma Azərbaycan var. Bu çıxış həm də Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin, milli fəalların illər ərzində apardıqları mübarizənin haqlı olduğunu sübut edir. Bu haqlı mübarizə dünyanın diqqət mərkəzində olacaq. Türk dövlətləri bu mübarizənin müdafiə olunması ilə bağlı aktiv fəaliyyətə keçəcəklər. Belə bir ümidin yaradılmasının özü böyük hadisədir. Bu dəstək prosesinin aparıcı gücünün Azərbaycan olması, Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri üçün çox mühümdür".
 

Sadiq İsabəyli vurğulayıb ki, Prezident İlham Əliyevin bu çıxışı mədəni soyqırımının dayandırılmasına yönəlib:


"43 illik İslam Respublikası Güney Azərbaycanda farslaşdırma siyasəti aparır. Millətin milli kimliyini aradan qaldırmaq üçün hər şey edir. Ana dili qadağan edilib. Fars dili məktəbdə tədris olunmalıdır, amma bağçadan başlayırlar və ailələr məcbur edilir ki, uşaqlarla evdə farsca danışsın. Rejim bu prosesi xüsusi amasızlıqla düşmənçiliklə həyata keçirir. İranda televizyalarda, digər mətbuat vasitələrində Azərbaycan türkləri lağa qoyulur. Elə etməyə çalışırlar ki, Azərbaycan türkləri öz milli kimliklərinə, Vətəninə, tarixinə nifrət etsin. Yəni İranda Azərbaycan türklərinə qarşı bir mənəvi soyqırımı həyata keçirilir. Prezident İlham Əliyevin çıxışı əslində, bu mədəni soyqırımının dayandırılmasına yönəlmişdi.

Cənab İlham Əliyev cənublu, qüzeyli azərbaycanlıları eyni adlandırdı. Bu həqiqətən sevindiricidir.  Bundan sonra İran Güney Azərbaycan türklərinin milli-mənəvi haqlarını basdıra bilməyəcək. Onun tarixini saxtalaşdıra bilməyəcək. İran başa düşməlidir ki, artıq onun qarşısında güclü Azərbaycan dayanıb. Onun qarşısında cənab İlham Əliyev kimi güclü dövlət başçısı dayanıb.  Biz güneylilər bu çıxışı böyük sevinclə qarşıladıq. İnanıram ki, Güney Azərbaycanla bağlı fəaliyyət göstərən milli təşkilatlar, o cümlədən Güney Azərbaycan Azadlıq Təşkilatı bu məsələni dəyərləndirəcək. Verilən mesajları öünün milli və siyasi mübarizəsinin ana xətti seçəcək. Onu milli mübarizəmizin "yol xəritəsi"nə çevirəcək. Bu mənada mən Güney Azərbaycan Azadlıq Cəbhəsi adından cənab  İlham Əliyevə təşəkkürümü bilidirirəm. Onu da qeyd etmək istəyirəm ki, bu mesajlar güneyli azərbaycanlılara böyük mənəvi dəstək olacaq. Həbsdə olan fəallara mənəvi güc və dayaq olacaq. Daha əzmkar mübarizə üçün stimul yaradacaq. Prezidentin bu çıxışı sadəcə alqışlanmalıdır".
 

 

Siyasi Şərhçi Kərim Əsğəri də bildirib ki, Prezident çox önəmli çıxış edib:



"Bu çıxış irəliləyən zamanlarda həm İran-Azərbaycan əlaqələrində, həm də Cənubi Azərbaycan məsələsində "yol xəritəsi" olacaq. Cənab Prezident bu sözlərinin təməlini də anlatmışdı. İran 1991-ci ildən bu yana heç vaxt Azərbaycanla dostyana siyasət aparmayıb. Əksinə, İran həmişə Azərbaycanın əleyhinə çıxıb. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində müsəlman Azərbaycanın yox, xristian Ermənistanın yanında olub.  Bu həm qonşuluğa, həm də İranın konstitusiyasında müsəlmanları dəstəkləmək maddəsinə ziddir. Bunun arxa planı da məlumdur. Cənab Prezident bu məsələyə toxunub. Birinci dəfə Türk Dövlətləri Təşkilatının Səmərqənddəki toplantısında İranın və Cənubi Azərbaycanın adını çəkmədən İrana mesaj verib. İndi isə o, konkret ad çəkərək "Güneydəki azərbaycanlıları qoruyacağıq" dedi.

 

Güney azərbaycanlılarına mesaj verdi ki, Azərbaycan dövləti sizi unutmayıb. Burada ən ciddi mesaj da əlbəttə ki, İrana verildi. Bu çıxışla Prezident bir növ İrana həddinizi aşmayın dedi. Bu, Cənubi azərbabycanlılar, istərsə də, Milli Azadlıq Hərakatı üçün olduqca sevindiricidir. Həmin çıxış güneyli azərbaycanlılarda özgüvən formalaşdıracaq. Cənab Prezident Bütöv Azərbaycan məfkurəsinin aradan qalxmadığını göstərdi. Güneydə və Qüzeydə yaşayan Azərbaycanlılar siyasi olaraq bölünsə də, mənəvi olaraq bölünməyiblər. Gələcəkdə vahid Azərbaycanın olmasını istəyirlər".

 

 

Turqay Musayev

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusunda dərc olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!