Modern.az

Fransa Milli Assambleyası qondarma qətnaməni gündəlikdən çıxardı

Fransa Milli Assambleyası qondarma qətnaməni gündəlikdən çıxardı

28 Noyabr 2022, 21:46

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan diasporunun üzvləri erməni lobbisinin oyuncağına çevrilmiş Fransa Senatının ölkəmizə qarşı sanksiyalar tətbiq olunmasına dair qərəzli qətnamə layihəsinə etiraz olaraq, Fransa Milli Assambleyasının qarşısında mitinq keçiriblər.

 

Aksiya iştirakçıları fransız deputatlardan ədalətli olmağı, terrora yox deməyi, eləcə də regionda sülhün bərqərar olmasına töhfə verə bilmədikləri halda, ən azından neytral qalmağı, xalqlar arasına nifaq toxumu səpməməyi tələb ediblər.

 

Etirazçılar “Ədalət tələb edirik!”, “Terrorizmə YOX deyirik!”, “Milli Assambleya ədalətli olmalıdır!”, “Cənubi Qafqazda sülhün bərqərar olması üçün Fransa neytral olmalıdır!”, “Erməni terrorizminə son qoyun!”, “Erməni yalanlarına uymayın!”, “İkili standartlara son qoyun!” və “Təcavüzkar ölkəni dəstəkləməyin!” kimi şüarlar səsləndiriblər.

 

Diaspor fəalları əllərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamları, Xocalı soyqırımını əks etdirən fotoşəkillər, amansızlıqla qətlə yetirilmiş dinc azərbaycanlı qadın və uşaqların fotolarını nümayiş etdiriblər.

 

Daha sonra soydaşlarımız bəyanat qəbul ediblər. Azərbaycan əleyhinə qətnamə layihəsinə etiraz edən diaspor üzvləri bəyanatı Fransa Milli Assambleyasına təqdim ediblər. 

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan diaspor fəallarının haqlı etirazlarından sonra Fransa Milli Assambleyası bədnam qətnamə layihəsini bugünkü iclasın gündəliyindən çıxarıb.

 

Sözügedən qətnamə hələlik Assambleyanın sabahkı iclasının gündəliyinə də daxil edilməyib. Sənədin müzakirə olunub-olunmaması hazırda sual altındadır. 

 

Görünür, Azərbaycan diasporunun etirazlarından sonra Fransa Milli Assambleyası ermənipərəst mövqeyə əsaslanan qətnamənin müzakirəsini hələlik təxirə salmağı planlaşdırır.

 

Xatırladaq ki, bu gün keçirilən etiraz aksiyasında Fransa ilə yanaşı, Böyük Britaniya, Niderland, İsveçrə, Macarıstan, Belçika, Polşa və digər Avropa ölkələrindən gələn yüzlərlə soydaşlarımız iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir