Modern.az

Qarabağa qovuşan güneylilərin dünyaya yayılan azadlıq səsi...

Qarabağa qovuşan güneylilərin dünyaya yayılan azadlıq səsi...

Diaspor

29 Noyabr 2022, 10:58

İranda yaşayan soydaşlarımız hər bir azərbaycanlının diqqət mərkəzindədir. Xüsusilə Azərbaycandan kənarda yaşayan həmvətənlərimiz cənublu qardaş və bacılarımızın haqq səsini dünyaya çatdırmaq, onların hüquqlarını müdafiə etmək üçün aktiv iş aparırlar. Güneyli soydaşlarımızın əsas istəklərindən biri də azad olmuş Qarabağı görmək, oranın gözəlliyinin şahidi olmaqdır. İllərdir sərhəddən Qarabağ torpaqlarına həsrətlə baxan qardaşlarımız indi azad edilən ərazilərə baş çəkərək, qələbəmizin sevincini yaşayırlar.

 

Belə ki, Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçılar, İran azərbaycanlılarının insan hüquqları müdafiəçiləri – “Ərk” İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizli və yazıçı, tədqiqatçı, jurnalist Maşallah Rəzmi Ağdam şəhərində səfərdə olublar. 

 

Onlar ermənilərin işğal dövründə Ağdamda törətdiyi vəhşilikləri öz gözləri ilə görüblər. Pənahəli xanın İmarət Kompleksini, Ağdam Mədəniyyət Evini, Cümə məscidini və Ağdam Şəhidlər xiyabanını ziyarət edən soydaşlarımız Qarabağın gözəlliyinə bir daha şahid olublar.  

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə azad Qarabağa təşrif buyuran güneyli hüquq müdafiəçiləri ermənilərin məzarlıqlarda törətdikləri vandallıq aktını öz gözləri ilə görüblər. Onlar Ağdamla yanaşı, Şuşa və Füzuliyə də baş çəkəcəklər.

 

Qeyd etdiyimiz kimi, Azərbaycandan kənarda yaşayan vətəndaşlarımız cənublu qardaşlarımızın haqq səsinə dəstək verirlər. Hətta dünyanın böyük ölkələrində qabaqcıl media orqanları Azərbaycan diasporunun səyi nəticəsində güneyli azərbaycanlıların azadlıq mübarizəsini dünya ictimaiyyətinə çatdırırlar.

 

Elə bu yaxınlarda ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan “The Jewish Press”də “Müstəqil Güney Azərbaycan davası” sərlövhəli məqalə dərc olunub. 

 

Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə qeyd olunub ki, son günlər Güney Azərbaycanın Təbriz və digər şəhərlərində azərbaycanlılar “Azadlıq, Ədalət, Milli Hökumət”, “Qadınlara azadlıq” və “Bütün xalqlara azadlıq” şüarlarını səsləndirərək, milli mübarizə aparırlar.

 

İranda hələ də səngiməyən etirazlara səbəb cari ilin sentyabr ayında etnik kürd olan Məhsa Əmininin hicab qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən döyülərək öldürülməsi olub. Molla rejiminin amansız təqibləri ilə üz-üzə qalan onlarla dinc sakin aksiyalarda dünyasını dəyişib. Etnik Azərbaycan türkü Hədis Nəcəfinin vəhşicəsinə öldürülməsindən sonra etirazlar daha da şiddətlənərək, azadlıq mübarizəsinə çevrilib. Bütün bu hadisələrin fonunda güneyli soydaşlarımız əmindirlər ki, onlar tək deyillər, dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar öz qardaş-bacılarına sonadək dəstək verməyə hazırdırlar. 44 günlük Vətən müharibəsində xalq, millət olaraq bir yumruq olduğumuz kimi, bu gün dünya azərbaycanlıları Cənubi Azərbaycanın azadlığı uğrunda vahid mövqedən çıxış edirlər.

 

Xaricdə fəaliyyət göstərən diaspor nümayəndələrimiz İrandakı aksiyalarda öldürülən soydaşlarımızın haqqını tələb edirlər. Əlbəttə, bu işdə Diaspor Komitəsinin səylərini xüsusi vurğulamaq lazımdır. Komitənin təşəbbüs və idarəçiliyi ilə dünya azərbaycanlıları qonşu ölkədə baş verən hadisələrə səssiz qalmayaraq, güneyli soydaşlarımızın güc mənbəyinə çevriliblər.

 

“The Jewish Press”də dərc edilən məqalədə o da qeyd olunub ki, etirazçılar Şimali Azərbaycanla birliyə doğru irəliləyəcək, Avropa Şurasına qoşulacaq, Qərb dəyərlərini qəbul edəcək, eyni zamanda bölgədə sülh və sabitliyə öz töhfəsini verəcək müstəqil Güney Azərbaycanın qurulmasını arzulayırlar. Nəticədə zəifləyəcək molla rejimi ölkə əhalisinin 35%-ni təşkil edən azərbaycanlılardan bölgədə sabitliyi pozmaq üçün istifadə edə bilməyəcək.

 

Güney Azərbaycan türklərinin müstəqillik iddiasının güclü olduğunu vurğulamağa ehtiyac yoxdur. 1940-cı illərin ortalarında milli hökumət başçısı Cəfər Pişəvərinin rəhbərliyi ilə güney azərbaycanlıların şah istibdadına son qoyulmasından sonra demokratik idarəçiliyin çiçəkləndiyi qısa bir müstəqillik dövrü yaşanıb. 

 

Bir ildən az müddətdə İran hökumətinin əvvəlki iyirmi ildə etdiyindən daha çox iş görmüş Pişəvəri Təbriz Dövlət Universitetini təsis edib, orta məktəblər, milli teatr, milli filarmoniya və çoxsaylı kitabxanalar açıb. Bununla da Güney Azərbaycan türklərinin bu gün geriyə - 1945-ci ilə həsrətlə baxdıqlarına və yenidən azadlığa qovuşmaq istədiklərini bir daha yada salırıq.

 

Sözügedən məqalədə Güney Azərbaycan türklərinin farslara bənzəmədiyini, onların sonuncularla eyni dildə danışmaması, eyni tarix və mədəniyyəti paylaşmaması ilə əsaslandıran müəllif əmindir ki, soydaşlarımızın vətəni İranın bir hissəsi olmamalıdır. Birinci Dünya müharibəsindən sonra Quzey və Güney Azərbaycanın müstəqillik tələb etdiyinin diqqətə çatdırıldığı məqalədə Şeyx Məhəmməd Xiyabaninin 1920-ci ildə Tehranda mərkəzi hökumətə qarşı üsyana rəhbərlik etdiyi, lakin üsyanın böyük qəddarlıqla yatırıldığı, istedadlı natiq və demokratiya sevdalısı Xiyabaninin qətlə yetirildiyi barədə məlumat verilib.

 

Xüsusilə vurğulanıb ki, dünyada azadlığı dəstəkləyən hər bir ölkə Güney Azərbaycanın müstəqilliyini dəstəkləməlidir. Azərbaycanlılar farslar tərəfindən işğal edilərək İran imperiyasına zorla daxil edilsələr də, öz milli kimliklərini, dillərini, mədəniyyətlərini, mətbəxlərini və dövlətçiliyin bütün digər cəhətlərini qoruyub saxlayıblar. Sovetlərdən azad olmuş quzeyli qardaşları kimi, güney azərbaycanlılar da İranın boyunduruğundan azad edilməlidir. İndi quzeyli qardaşlar da güneyli qardaşlarının azadlığı üçün həm daxildə, həm də xaricdə mübarizə aparır.

 

Bu gün həm ermənilərlə, həm də İranın molla rejiminə qarşı informasiya savaşında ön sıralarda yer alan dünya azərbaycanlılarının güneyə ünvanladığı əsas mesaj belədir: siz tək deyilsiniz, biz sizinləyik!

 

Bu şüar həm də bütöv Azərbaycana doğru ilk addımların səsidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var