Modern.az

“Azərbaycan diasporu Fransada böyük işlər görür” - Jerom Lamber

“Azərbaycan diasporu Fransada böyük işlər görür” - Jerom Lamber

29 Noyabr 2022, 15:43

“Azərbaycan diasporu Fransada kiçik olmasına baxmayaraq, böyük işlər görür”.

 

Bunu Modern.az-a açıqlamasında Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası rəhbəri Jerom Lamber deyib.

 

Fransa Senatının Azərbaycan əleyhinə hazırladığı qətnamənin qəbuledilməz olduğunu söyləyən fransız siyasətçi soydaşlarımızın ötən gün keçirdiyi aksiyaya dəstəyini ifadə edib.

 

“Azərbaycan diasporu aqressiv erməni lobbisi qarşısında fəal işlər görür. Amma biz Fransadan bu məsələdə birtərəfli mövqe görürük. Fransa Azərbaycanın öz ərazisi üzərində tam suverenlik hüququ olan beynəlxalq hüququ müdafiə edərək sülhlə maraqlanmalıdır. Amma təəssüf ki, Fransa hökuməti və qanunverici orqanı erməni diasporunun qurbanına çevrilib.

 

Fransa Milli Assambleyasınında Azərbaycan əleyhinə qətnamənin dünən və bu gün gündəlikdən çıxarılması Azərbaycan diasporunun uğurudur”, - deyə Jerom Lamber vurğulayıb.

 

Xatırladaq ki, ötən gün Azərbaycan diasporunun üzvləri erməni lobbisinin oyuncağına çevrilmiş Fransa Senatının ölkəmizə qarşı sanksiyalar tətbiq olunmasına dair qərəzli qətnamə layihəsinə etiraz olaraq, Fransa Milli Assambleyasının qarşısında mitinq keçiriblər. Aksiya iştirakçıları fransız deputatlardan ədalətli olmağı, terrora yox deməyi, eləcə də regionda sülhün bərqərar olmasına töhfə verə bilmədikləri halda, ən azından neytral qalmağı, xalqlar arasına nifaq toxumu səpməməyi tələb ediblər.

 

Etirazçılar “Ədalət tələb edirik!”, “Terrorizmə YOX deyirik!”, “Milli Assambleya ədalətli olmalıdır!”, “Cənubi Qafqazda sülhün bərqərar olması üçün Fransa neytral olmalıdır!”, “Erməni terrorizminə son qoyun!”, “Erməni yalanlarına uymayın!”, “İkili standartlara son qoyun!” və “Təcavüzkar ölkəni dəstəkləməyin!” kimi şüarlar səsləndiriblər.

 

Diaspor fəalları əllərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamları, Xocalı soyqırımını əks etdirən fotoşəkillər, amansızlıqla qətlə yetirilmiş dinc azərbaycanlı qadın və uşaqların fotolarını nümayiş etdiriblər. Daha sonra soydaşlarımız bəyanat qəbul ediblər. Azərbaycan əleyhinə qətnamə layihəsinə etiraz edən diaspor üzvləri bəyanatı Fransa Milli Assambleyasına təqdim ediblər. 

 

Azərbaycan diaspor fəallarının haqlı etirazlarından sonra Fransa Milli Assambleyası bədnam qətnamə layihəsini dünən və bu gün keçirilən iclaslarında gündəliyindən çıxarıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır