Modern.az

Nə şimallı, nə də cənublu... - Biz azərbaycanlıyıq!

Nə şimallı, nə də cənublu... - Biz azərbaycanlıyıq!

5 Dekabr 2022, 11:04

Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, bizi müqəddəs ad birləşdirir - azərbaycanlı! Bu şərəfli adın ətrafında milyonlarla insan cəmləşib.

 

Bu gün dünya azərbaycanlılarının əsas amalı yalnız bir istiqamətə yönəlib - vətənimizi müdafiə etmək, haqq səsimizi beynəxalq ictimaiyyətə çatdırmaq...

 

44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonra dünyada həm də qalib xalqın nümayəndələri kimi tanınır, qəbul olunuruq... Artıq şimallı, cənublu demədən özümüzü azərbaycanlı kimi təqdim etməyin qürurunu yaşayırıq. Bu, həm də milli oyanışın təzahürü hesab oluna bilər. 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı hesab edir ki, dünya azərbaycanlıları milli oyanış dövrünü yaşayır:

 

“Dünyanın harasında doğulub, boya-başa çatmasına baxmayaraq, hər bir Azərbaycan türkü haralı olduğu soruşulanda "mən azərbaycanlıyam" deyir.  Biz xaricə səfərlərimiz zamanı bunun şahidi olmuşuq. Bu gün 50 milyonluq azərbaycanlının vətəni Azərbaycan, lideri İlham Əliyevdir. Bu amil azərbaycanlılar üçün qürur mənbəyidir. Bu gün hər bir azərbaycanlının özünü məhz milli identifikasiyada təqdim etməsi milli oyanışdan irəli gəlir. Bunu açıq şəkildə müşahidə edirik”.

 

Onun sözlərinə görə, bu gün soydaşlarımızın arzusu Azərbaycanı bütöv görməkdir:

 

"Bu məsələ cənab Prezidentin diqqətindədir. Ölkə başçısı çıxışlarında dəfələrlə mühüm mesajlar verib. Hətta Qərbi Azərbaycanla bağlı çıxışlarında İrəvanın, Göyçənin tarixi Azərbaycan torpaqları olduğunu dilə gətirib. Bu, həqiqətən də, belədir. Həmin ərazilər ermənipərəst qüvvələr tərəfindən zorla bizdən qoparılıb. Bu gün cənab Prezidentin vahid, bütöv Azərbaycan ideyası bütün azərbaycanlılar üçün qürur mənbəyidir. Artıq mən cənubi, yaxud qərbi azərbaycanlıyam sözləri öz aktuallığını itirib. İndi hər kəs özünü vahid və bütöv Azərbaycanın bir parçası sayır və özünü yalnız azərbaycanlı kimi təqdim edir”.

 

Məlahət İbrahimqızının fikrincə, bu işdə Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü işlər yüksək qiymətləndirilməlidir:

 

“Fuad Muradovun rəhbərliyi altında Diaspor Komitəsi, komitənin ayrı-ayrı ölkələrdəki təmsilçiləri xaricdə yaşayan azərbaycanlıların həmrəyliyinin gücləndirilməsi istiqamətində çox böyük işlər görür. Cənab Prezidentin diaspor qarşısında qoyduğu şərtləri layiqincə yerinə yetirirlər. Bunu onların həyata keçirdiyi layihələr açıq şəkildə göstərir”.

 

 

Milli Məclisin deputatı Elman Nəsirov da bildirib ki, bu gün Azərbaycan Prezidentinin "mən 50 milyonluq Azərbaycan xalqının Prezidentiyəm" ifadəsi özünü doğruldub. Onun fikrincə, azərbaycanlılar yaşadıqları ölkələrdə siyasi amilə çevrilməlidir:

 

"Bu, cənab Prezidentin diaspor qarşısında qoyduğu vəzifələrdəndir. Yeri gəlmişkən, diaspor təşkilatları bu vəzifəni uğurla həyata keçirə bilir. Mən onların fəaliyyətini yaxından izlədiyim üçün bunu əminliklə deyə bilərəm. Müəyyən tədbirlər keçirir, diaspor fəaliyyətinin güclənməsi istiqamətində effektiv işlər görürlər. Cənubi Azərbaycanda yaşayan soydaşlarımız da daim diqqət mərkəzindədirlər. Azərbaycan dövləti və siyasi liderimiz dəfələrlə, xüsusilə də son dövrlər onların hüquqlarının qorunacağını bildirib. İranın Azərbaycan xalqının fundamental hüquqlarını tapdalaması onun özünün təhlükəsizliyinə də xeyir gətirməyəcək. Onsuz da Prezidentin çıxışından sonra İran hökuməti azərbaycanlıların hüquqlarını tapdalaya bilməyəcək”.

 

E.Nəsirov vurğulayıb ki, hazırda milli kimlik məsələsi ən önəmli amildir:

 

“Bu gün dünyanın demək olar ki, hər yerində azərbaycanlılar yaşayır. Fərqli ölkələrdə yaşamalarına baxmayaraq, güclü həmrəylik nümayiş etdirilir. Bu gün milli kimlik məsələsi daha böyük məna və əhəmiyyət kəsb edir. Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar artıq demir ki, mən Azərbaycan Respublikasından, ya İran İslam Respublikasındanam. Təmaslar zamanı milli, siyasi yetkinlik nümunəsi göstərək azərbaycanlıyıq deyirlər. Bu böyük bir milli oyanışın başladığını göstərir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir