Modern.az

Dünya azərbaycanlılarının elm xadimləri bir arada - FOTO

Dünya azərbaycanlılarının elm xadimləri bir arada - FOTO

9 Dekabr 2022, 14:20

Dekabrın 9-da İstanbulda “Dünya Azərbaycanlılarının elm xadimlərinin görüşü” mövzusunda tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə baş tutub.

 

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.

 

Görüşə Rusiya, ABŞ, Kanada, Yaponiya, Almaniya, Avstriya və digər ölkələr olmaqla ümumilikdə 19 dövlətdən 25 iştirakçı qatılıb.

 

Tədbirdə çıxış edən Diaspor Komitəsinin sədri Fuad Muradov dünya alimlərinin Azərbaycana dəstəyinin vacibliyini vurğulayaraq bildirib ki, işə sistemli yanaşmaq üçün alimlərimizin birgə fəaliyyəti istiqamətdə yaradılacaq təşkilatın gələcəkdə atacağı addımlarla bağlı elm adamlarının qərar verməsi vacibdir.

 

Qeyd edilib ki, bu iş heç bir dövlət qurumu və ya təşkilat tərəfindən deyil, sadəcə alimlərin irəli sürdüyü qərarlar əsasında müəyyən edilməlidir. Elm adamları təşkilatın ümumi formalaşması, fəaliyyət istiqamətləri və bölmələri üzrə qərarlar qəbul etməlidirlər. Azərbaycan dövləti isə öz növbəsində verilən bu qərarlara dəstəyini göstərəcək. Bu işin əsas istiqaməti və məsuliyyəti də alimlərin fəaliyyətindən ibarət olmalıdır.

 

Tədbirdə çıxış edən TADEF-in sədr müavini Pərviz Məmmədzadə ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlıları və Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan bəhs edib, hazırda bu qayğının dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini deyib. Azərbaycan diasporunun fəaliyyətlərinə toxunan çıxışçı komitənin fəaliyyət istiqamətlərinin genişləməsinə toxunub, eləcə də təmsil etdiyi qurumun gördüyü işlər barədə məlumat verib.

 

Görüş məqsədlərin konsepsiyaya uyğun olaraq nəzərdən keçirilməsi, iştirakçıların rəy və təkliflərinin dinlənilməsi ilə əsas müzakirə mövzularının və formatının müəyyənləşdirilməsi üzrə işçi qrupların formalaşması əsasında davam edib. Mövzu ilə bağlı alimlərin məruzələri dinlənilib.

 

Mərasimdə 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

 

Tədbirin sonunda işçi qruplarının rəy və təkliflərinin ümumiləşdirilərək qarşılıqlı və ətraflı yekun müzakirəsi, tövsiyələr və atılacaq gələcək addımların müəyyənləşdirilməsi, görüşün protokolunun, o cümlədən növbəti tədbir və görüşlərin vaxtının dəqiqləşdirilməsi kimi məqamları əhatə edən qətnamənin qəbulu gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir