Azərbaycanlı elm xadimləri İstanbulda görüşüb - FOTOLAR

Azərbaycanlı elm xadimləri İstanbulda görüşüb - FOTOLAR

Diaspor

9 Dekabr 2022, 16:24

Türkiyənin İstanbul şəhərində Dünya Azərbaycanlı Alimlərin Forumuna hazırlıq görüşü (Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü) keçirilib.

 

Modern.az xəbər verir ki, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

 

Tədbiri açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşün əhəmiyyətinə diqqəti cəlb edib və Dünya Azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə yaşayan azərbaycanlı alimlərin qüvvələrinin birləşdirilməsi ilə bağlı tövsiyəsini xatırladıb. Bildirib ki, məhz həmin tövsiyədən sonra xaricdə yaşayan azərbaycanlı alimlərin görüşlərinin keçirilməsi, onların potensialının Azərbaycanın xeyrinə istifadə olunması yolları ilə bağlı müzakirələr aparılıb. “Böyük hədəflər müəyyənləşdirilib. Bugünkü tədbirdə həmin hədəflərə bütün təfərrüatı ilə aydınlıq gətiriləcək. Dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin, xalqımızın haqq səsinin çatdırılması, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın öz haqları uğrunda mübarizəsinə digər ölkələrdə yaşayan həmvətənlərimiz, xüsusilə elm xadimləri öz töhfələrini verməlidirlər. Bu mənada sizin təşkilatlanmağınız və fəaliyyətinizi koordinasiya etməyiniz xüsusi əhəmiyyət kəsb edir”, - deyə Komitə sədri nəzərə çatdırıb.  

 

14 ölkədən (Türkiyə, ABŞ, Fransa, Kanada, Almaniya, Avstriya, Qazaxıstan, Qırğızıstan, Rusiya, Gürcüstan, Cənubi Koreya, Estoniya, İsveç, Misir) 20 alimin iştirak etdiyi tədbirə dörd ölkədən (Çin, Yaponiya, Oman və Səudiyyə Ərəbistanı) azərbaycanlı elm adamı onlayn formatda qoşulub.

 

Ölkəmizin Zəfər Gününə həsr olunmuş videoçarxın nümayiş olunmasından sonra tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə alimləri salamlayıb və görüşün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

 

Türkiyə Elmlər Akademiyası Şurasının üzvü, Sabahattin Zaim Universitetinin rektoru  Prof.Dr. Ahmet Cevat Acar dünyadakı türk və azərbaycanlı həkimlərin ortaq çalışmalarının əhəmiyyətindən və bu gün daha vacib olmasından danışıb. 

 

Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin rəhbəri Ülkər Səttarova beynəlxalq elmi layihələrin Azərbaycana gətirilməsi və gənc alimlərin formalaşdırılması işinə bugünkü toplantının töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Münhendəki Helmholtz Mərkəzinin (Hesablama Biologiyası İnstitutu) professoru, Humboldt mükaftı alan ilk azərbaycanlı alim, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyev görüşün əhəmiyyətindən danışmaqla yanaşı, Nobel mükafatı laureatı, Cənubi Kaliforniya Universitetinin Dana və Devid Dornsayf kimya kafedrasının müdiri, Amerika və İsrailin tanınmış alimi Arye Varşelin (Arieh Warshel) tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub. Arye Varşel İstanbul toplantısı iştirakçılarına uğurlar arzulayıb, gələn il keçirilməsi nəzərdə tutulan xaricdə yaşayan azərbaycanlı alimlərin forumunun keçirilməsini vacib təşəbbüs adlandırıb və Dünya Azərbaycanlı Alimlərin Forumuna dəvəti qəbul etdiyini bildirib.   

 

Kanadanın Ontario ştatının Vaterloo Universitetinin sabiq prezidenti, mexanika mühndisliyi üzrə professor Ferudin Həmdullahpur “Sürətlə dəyişən dünyamızda Elm/sənət-Cəmiyyət-İqtisadiyyat Üçbucağı: ali təhsilin yeri və rolu” mövzusu üzrə təqdimatla çıxış edib. 

 

Tədbirdə konsepsiyaya uyğun olaraq görüşün məqsədləri nəzərdən keçirilib, iştirakçıların rəy və təklifləri dinlənilib, əsas müzakirə mövzularının və formatının müəyyənləşdirilməsi üzrə İşçi qrupları formalaşdırılıb. 

 

Dünya Azərbaycanlı Alimlərin Forumunun keçiriləcəyi ölkənin və məqsədəuyğun vaxtın seçilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq