Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Cenevrədə çalışan və yaşayan Azərbaycan icmasının üzvləri, burada təhsil alan tələbələr və daimi nümayəndəliyin əməkdaşları iştirak edib. Tədbirə, həmçinin fəxri qonaq qismində Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndələr qatılıblar.
Daimi nümayəndə Qalib İsrafilov çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə soydaşlarımızı təbrik edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın imza atdığı tarixi Zəfəri dövlətimizin, xalqımızın, eləcə də dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların birlik, həmrəylik və qürur rəmzinə çevrilib. Səfir Q. İsrafilov Azərbaycanın Böyük Zəfərinin Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdığını və bu reallığın sülh, təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsi üçün imkanlar açdığını bildirib. Daimi nümayəndə Azərbaycanın beynəlxalq arenada fəal dövlətlər sırasında olduğunu qeyd edərək BMT və digər beynəlxalq platformalarda yürütdüyü xarici siyasət prioritetləri, ölkəmizin Qoşulmama Hərəkatının sədri qismində Hərəkat çərçivəsində həyata keçirdiyi uğurlu işlərdən danışıb.
Eyni zamanda Q.İsrafilov Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyindən bəhs edərək digər üzv dövlətlər ilə birgə ölkəmizin təşkilatın beynəlxalq müstəvidə yeri və rolunun gücləndirilməsində səylər göstərdiyini və qardaş dövlətlərin səfirlərinin tədbirdə iştirakının bunun bariz nümunəsi olduğunu bildirib.
Tədbirin bədii hissəsində soydaşımız Mariya Xan Xoyskayanın rəhbərliyi altında Cenevrədə fəaliyyət göstərən və üzvləri Cenevrədə yaşayan azərbaycanlıların övladlarından ibarət “İrs” rəqs ansamblı tərəfindən Azərbaycanın xalq rəqsləri nümayiş olunub.
Tədbir Azərbaycan mətbəxinin ləziz təamlarından ibarət bayram süfrəsi ilə başa çatıb.