Modern.az

Diasporun Ermənistana göndərdiyi milyonlar necə “yoxa çıxıb” - ARAŞDIRMA

Diasporun Ermənistana göndərdiyi milyonlar necə “yoxa çıxıb” - ARAŞDIRMA

Diaspor

22 Dekabr 2022, 09:24

Ermənistan dövləti müstəqilliyini əldə edəndən bəri onun ən böyük dayağı xaricdəki erməni diasporu hesab olunur. Sirr deyil ki, bu illər ərzində iqtisadi baxımdan vəziyyəti heç də yaxşı olmayan, resurslarla zəif təmin olunan yoxsul Ermənistan dövlətinin işğalçılıq siyasəti nəticəsində regiondakı böyük layihələrdən təcrid olunması onun maliyyə imkanlarını daha da daraldıb.

 

İran-Ermənistan sərhədindəki nəfəslikdən və Rusiyanın dəstəyindən başqa Ermənistanı ayaqda saxlayan, I və II Qarabağ müharibəsində, eləcə də işğal dövründə ölkəni maliyyə vəsaiti ilə təmin edən, Qarabağdakı separatçı qurumu bəsləyən, Azərbaycan ərazilərində qanunsuz olaraq məskunlaşdırma siyasətini həyata keçirmək üçün sosial infrastruktur, tikinti və inşaat, abadlıq-quruculuq layihələrini icra edən məhz erməni diasporu olub.

 

Lakin son illərdə diasporun müxtəlif ölkələrdəki erməni icmasından toplanan ianələr hesabına formalaşan maliyyə vəsaitlərindən heç də “vicdanlı” şəkildə istifadə olunmaması barədə xeyli faktlar ortalığa çıxıb. Burada diaspor təşkilatlarının yığılan pulun bir hissəsini mənimsəməsindən tutmuş, Ermənistan hakimiyyətinin göndərilən pulu məqsədlərdən yayındırmasına qədər xeyli maxinasiyalardan danışmaq olar.

 

Təsadüfi deyil ki, erməni diasporu nümayəndələri və rəsmi İrəvanın təmsilçiləri zaman-zaman bir-birini xəyanətdə, oğurluqda və korrupsiyada ittiham ediblər. Toplanan vəsaitin müəyyən faizinin diaspor təşkilatları tərəfindən saxlanılması və şəxsi məqsədlər üçün istifadə edilməsi ilə bağlı iddialar Paşinyan hakimiyyətinə qarşı əks-ittihamlarla müşayiət olunub.

 

Məsələn, diaspor vəsaitlərinin toplandığı ən böyük fond hesab olunan, ermənilər arasında “Ximnadram” kimi tanınan “Hayastan” ümumerməni fondu haqqında xeyli korrupsiya faktları müxtəlif dönəmlərdə mətbuata sızıb və böyük qalmaqallar yaşanıb.

 

Belə ki, 2019-cu ilin sonunda Ermənistanın Auditorlar Palatası “Hayastan” ümumerməni fondunun fəaliyyətində 190 min dollar (89 mln. 942 min dram) məbləğində dələduzluq edildiyini aşkarlamışdı. 2018-ci ilin iyununda isə fondun ovaxtkı direktoru Ara Vardanyan səlahiyyət həddini aşaraq külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinərək həbs edilmişdi.

 

Xüsusi qeyd etmək lazımdır ki, burada heç də xırda məbləğlərdən söhbət getmir. İndiyə qədər toplanan və oğurlanmaq ehtimalı olan maliyyə vəsaitinin ümumi həcmi barədə təsəvvürün formalaşması üçün sadəcə 1 telemarafonda yığılan məbləğə diqqət yetirmək kifayətdir.

 

2021-ci ilin noyabrında “Hayastan” ümumerməni fondunun ABŞ-ın Los-Anceles şəhərində keçirdiyi növbəti telemarafonda 12 milyon 351 min dollar həcmində ianə yığılıb. Marafonun gedişində ABŞ-dakı ermənilərdən 7 milyon 861 min dollar, Fransadan 3 milyon 990 min dollar, Kanadadan isə 500 min dollar vəsait toplanıb.

 

Nəzərə alsaq ki, bu, sadəcə 1 marafonda yığılan puldur və onlarla, hətta yüzlərlə belə marafon keçirilir, onda hansı miqyasda problemdən söhbət getdiyini anlamaq olar. Onu da bilmək lazımdır ki, telemarafonlar diasporun maliyyə toplamaq üçün istifadə etdiyi yeganə üsul deyil və digər vasitələrlə də davamlı şəkildə böyük pullar yığılır.

 

2021-ci ilin aprelində Ermənistanın baş naziri Nikol Paşinyan II Qarabağ müharibəsində hərbi vəziyyətlə bağlı yığılan vəsaitdən danışarkən bildirmişdi: “Hökumət hərbi vəziyyətlə bağlı xərclərlə əlaqədar təxminən 120 milyard dram ayırıb. Bu məbləğin 52 milyard dramı fond tərəfindən köçürülüb”.

 

Paşinyanın sözlərinə görə, 1992-ci ildən 2020-ci ilin sentyabrına qədər “Hayastan” ümumerməni fondu vasitəsi ilə 247 milyon dollar toplanıb. O həmçinin qeyd edib ki, son 28 ildə Ermənistanda və Qarabağda layihələrin həyata keçirilməsi üçün 247 milyon dollar toplanıb, 44 günlük müharibə zamanı isə 212 milyon dollarlıq ianə yığılıb. Başqa sözlə, 28 il ərzində toplanan pulun 70%-dən çox həcmində vəsait 44 gündə toplanıb.

 

Bu vəsaitin xərclənməsi ilə bağlı böyük skandal yaşanmışdı. Pulun hamısının qoyulan məqsədlər üçün xərclənməsinə dair əsaslı şübhələr diasporun Paşinyan hökumətinə etimadını sarsıtmışdı. Fondun həmin dönəmdə icraçı direktoru olmuş Haykak Arşamyan Paşinyanın şəxsi göstərişi ilə 52,7 milyard dramın (104 milyon ABŞ dolları) dövlət büdcəsinə köçürüldüyünü təsdiqləmiş, həmin köçürmələrin 9 əməliyyat vasitəsilə yerinə yetirildiyini açıqlamışdı. Amma o qeyd etmişdi ki, Ermənistanın Maliyyə Nazirliyində sözügedən 9 əməliyyatdan yalnız 2-nin sənədləri var, 7 köçürmə ilə bağlı sənədlər isə yoxdur.

 

Bundan sonra Ermənistanın sabiq prezidenti, o dövrdə fondun Himayədarlar Şurasının sədri olmuş Armen Sarkisyan fondun icraçı direktoruna məktub yazaraq baş verənlərə görə izahat tələb etmişdi. Arşamyan maliyyə nazirinə, o isə Paşinyana məktub yazmışdı.

 

 

Hələ Paşinyanın bu açıqlaması diaspor və Ermənistan hakimiyyəti arasında başqa problemlər də yaratmışdı. Belə ki, fondun nizamnaməsində yığılan vəsaitin yalnız xeyriyyə niyyəti daşıdığı və sadəcə humanitar məqsədlərlə istifadə oluna biləcəyi qeyd edilib. Diqqətə çatdırılıb ki, yığılan vəsait Ermənistanın dövlət büdcəsinə köçürülsə belə, başqa məqsədlərlə - hərbi xərclərin qarşılanması üçün istifadə oluna bilməz. Diaspor nümayəndələri Paşinyanın bu açıqlaması ilə sirri agah etdiyini və beynəlxalq miqyasda təşkilatın imicini zədələdiyini, bütövlükdə erməni diasporunun nüfuzunu yerlə yeksan etdiyini bildirirdilər.

 

Ümumiyyətlə, bu cür faktlar diaspor təşkilatlarına ianə köçürən xaricdəki sıravi erməniləri də pis vəziyyətdə qoyur. O da məlumdur ki, ABŞ-da, Qərbi Avropada və başqa ölkələrin müvafiq qanunvericiliyində xeyriyyə təşkilatlarına ianə köçürən vergi ödəyiciləri həmin məbləğdə vergidən azad olunublar. Lakin belə faktlardan sonra ianə köçürən xeyli şəxs haqqında vergidən yayınma maddəsi ilə cinayət işi açılıb.

 

“Hayastan” fondu ilə bağlı korrupsiya faktları nüfuzlu “National Interest” nəşrinin səhifələrində də özünə yer tapa bilib. Nəşr fondun fəaliyyətə başladığı ilk dövrlərdən bəri korrupsiya ilə məşğul olması barədə yazırdı. Eyni zamanda vurğulayaq ki, həm Ter-Petrosyanın, həm də Koçaryanın hakimiyyət illərində də oxşar olaylar baş verib. 1992-ci ildə fond yaradılanda ona Ter-Petrosyana yaxın şəxs olan Manuşak Petrosyan başçılıq edib. O, həmin dövrdə xeyli sərvət toplayıb, o cümlədən dəbdəbəli evlər, mağazalar və restoranlar şəbəkəsi yaradıb. 2007-ci ildə fond Göyçə gölünün sahilində yerləşən “Kaputak Sevan” kurortunda həyata keçirilən tikinti layihəsini maliyyələşdirib. Sözügedən obyekt Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryana məxsus olub. Yazıda fondun adı çirkli pulların yuyulmasında da hallanıb. Bildirilib ki, Ermənistan və 30 il ərzində Azərbaycanın işğal altında olan Qarabağ regionu beynəlxalq təftişin aparılmadığı “boz zona” kimi uzun müddət fondun hüquqdan kənar və qeyri-qanuni əməlləri üçün meydana çevrilib.

 

 

Azərbaycan daim erməni diasporunun bu cür çirkin addımları ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmağa çalışıb. Hətta ötən ilin dekabrında Misirin Şarm Əl Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına tərəf dövlətlərin Konfransının 9-cu sessiyası keçirilərkən, sessiya çərçivəsində dekabrın 14-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə "İanə toplanması fəaliyyətlərinin korrupsiya və digər cinayətkarlıq məqsədləri üçün sui-istifadəsi" adlı xüsusi tədbir təşkil olunub. Burada çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev qeyri-kommersiya təşkilatları və xeyriyyə fondları tərəfindən həyata keçirilən ianə toplanması fəaliyyətinin böhran vəziyyətlərində olan insanlara humanitar dəstək istiqamətində əhəmiyyətli rol oynadığını, bununla belə, bu cür fəaliyyətlərə məhdud nəzarətin yekunda onların bəzilərinin korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi cinayətkarlıq məqsədləri üçün sui-istifadə edildiyini bildirib. O, Azərbaycanın oxşar problemdən əziyyət çəkdiyini qeyd edərək, iştirakçıların diqqətini ötən il Vətən müharibəsi dövründə erməni diaspor təşkilatları tərəfindən təşkil edilmiş qanunsuz ianə toplanması kampaniyalarına yönəldib.

 

Görünür, həm Ermənistan hakimiyyəti, həm də diaspor təşkilatlarının cinayətləri hələ davam edəcək. Nə qədər ki, xaricdəki erməni icmalarının nümayəndələri təbliğata məruz qalaraq öz pullarını “vətənin xilasına” ayıracaqlar, beyni yuyulmuş ermənilərin ianələri korrupsionerlərin tilovunun qarmağına ilişəcək...

 

Modern Təhlil Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir