Modern.az

Türk dünyasının diasporları BİRLƏŞİR – Şuşadan yeni hədəflərə doğru...

Türk dünyasının diasporları BİRLƏŞİR – Şuşadan yeni hədəflərə doğru...

Diaspor

22 Dekabr 2022, 19:00

20-21 dekabr tarixlərində Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu işə keçirilib. Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə baş tutub. Bakı ilə yanaşı Şuşada təşkil olunan tədbirdə 2023-cü il üçün diaspor üzrə birgə fəaliyyət planının və fəaliyyət strategiyasının müzakirəsi aparılıb. 

 

İki gün davam edəm forumda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren, Türk Dövlətləri Təşkilatı baş katibinin müavini Yerjan Mukaş, Macarıstanın milli siyasət üzrə dövlət katibi Arpad Yanos Potapi, Qırğız Respublikasının Prezidenti yanında Dövlət dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanybek Osmonaliev, Özbəkistan Nazirlər Kabineti yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq münasibətləri Komitəsinin sədri Rustambek Kurbanov, Qazaxıstanın “Otandastar” Fondunun Beynəlxalq şöbəsinin müdiri Kalybek Koblandin, Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinin rəisi Kemal Köprülü iştirak ediblər.

 

Diaspor Komitəsinin sədri Fuad Muradov bildirib ki, Türk Dövlətləri Təşkilatının ərsəyə gəlməsinə gedən yolun məhz 2009-cu il Naxçıvan Zirvə Görüşündən başlaması təsadüfi deyil. Onun sözlərinə görə, Prezident İlham Əliyevin dediyi kimi, canı və qanı bir türk ölkələri ilə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan, diaspor məsələlərinə məsul qurumların üzərinə düşən vəzifə dünya türklərinin vahid yumruq kimi bir hədəfə vurmağı bacaran ümumtürk diasporunda birləşməsinə öz töhfəsini verməkdir.

 

“Azərbaycan fikir adamları, siyasət, elm və mədəniyyət xadimləri ilə həmişə Türk dünyasına öz layiqli töhfələrini verib və bundan sonra da verəcəkdir. Dünya türklərinin yumruq kimi birləşərək ümumtürk diasporunu yaratması diaspor məsələlərinə məsul qurumların əsas məqsədlərindən biri olmalıdır”, - deyə F.Muradov çıxışında vurğulayıb.

 

Komitə sədri əlavə edib ki, Azərbaycan fikir adamları, siyasət, elm və mədəniyyət xadimləri ilə həmişə Türk dünyasına öz layiqli töhfələrini verib və bundan sonra da verəcək. Dünya türklərinin yumruq kimi birləşərək ümumtürk diasporunu yaratması diaspor məsələlərinə məsul qurumların əsas məqsədlərindən biri olmalıdır.

 

Önəmli fikirlərin səsləndirildiyi forumda dünyadakı türk diasporlarının inteqrasiyasına yönəlmiş mühüm layihələr, TDT-yə üzv ölkələr arasında mədəni-humanitar əməkdaşlığın dərinləşməsi, diaspor qurumları arasında işbirliyinin vacibliyi, vətəndən kənarda yaşayan türk icmalarının ana dilində təhsil almaq imkanlarına malik olması və digər vacib mövzular ətrafında da fikir mübadiləsi aparılıb. Ardınca Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın müvafiq qurumları arasında anlaşma memorandumları imzalanıb.

 

Daha sonra Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərləri Beynəlxalq Bakı-Şuşa Forumu öz işini dekabrın 21-də Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada davam etdirib.

 

Forumun əhəmiyyəti barədə Modern.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Bakı-Şuşa forumu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birliyinin nümunəsi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, TDT ölkələrinin əsas hədəfi diaspor müstəvisində də birliyin təmin olunması, vahid mövqedə birləşməkdir.  

 

 

“Bakı-Şuşa Forumuna TDT üzvü olan Qazaxstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və Türkiyə kimi dövlətlərin nümayəndələri ilə yanaşı, təşkilatda müşahidəçi qismində iştirak edən Macarıstan və Şimali Kipr Türk Respublikasının da yüksək səviyyəli nümayəndələri qatılıb. İştirakçı dövlətlərin yüksək səviyyəli təmsilçiləri forumun birinci iclasında ikitərəfli və çoxtərəfli müqavilələr imzaladılar. Bu, tarixi hadisədir. Forum sözügedən dövlətlərin diasporlarının birləşməsinə yönələn ilk və güclü addım oldu. Bir sözlə, əminliklə deyə bilərik ki, türk dövlətlərinin diasporları bir yumruq kimi birləşərək fəaliyyət göstərəcək”, - deputat söyləyib.

 

Məlahət İbrahimqızı vurğulayıb ki, ikigünlük forum Prezident İlham Əliyevin “bir millətin iki diasporu ola bilməz” fikrinin təzahürüdür:

 

“Prezident İlham Əliyevin tarixi kəlamı var. O kəlamı heç vaxt unutmamalıyıq. Dövlət başçısı deyib ki, "bir millətin iki diasporu ola bilməz”. Cənab Prezidenti bu fəlsəfi, uzaq hədəfə istiqamətlənən fikri Türkiyə və Azərbaycan diasporlarının Gülüstan sarayında keçirilən birinci forumunda söyləyib. Sözügedən ifadə bütün Türk Dövlətləri Təşkilatına üzv ölkələrə aiddir. Bu ifadə türk dövlətləri diasporlarının fəaliyyətində “yol xəritəsi” oldu. Belə ki, TDT üzvü dövlətlərinin maraqlarına zidd olan məsələlərə qarşı diasporlar birgə mübarizə aparacaq. Azərbaycana, türk dünyasına, eləcə də türkofobiya və islamafobiyaya qarşı birgə fəaliyyət göstəriləcək. Mən bunu çox yüksək dəyərləndirirəm. Əminəm ki, bundan sonra diasporumuzun institutlaşması daha güclü və mütəşəkkil olacaq".

 

Deputat onu qeyd edib ki, diaspor məsələləri üzrə dövlət qurumlarının rəhbərlərinin birgə bəyanatı xalqlarımız və ölkələrimiz arasında mədəni-humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə və genişlənməsinə təkan verəcək.

 

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin diasporlarının yaxınlaşması və əməkdaşlığı istiqamətində bir sıra mühüm addımlar atılıb. Belə ki, bütün türk diasporları üçün birgə fəaliyyət strategiyasının müəyyənləşdirilməsi ilə yanaşı, əksər üzv dövlətlərin diaspor işlərinə cavabdeh qurumları arasında memorandumlar imzalanıb, qurum rəhbərlərinin qarşılıqlı səfərləri və görüşləri keçirilib, Bakıda və Bursada üzv dövlətlərin diaspor qurumları arasında təcrübə mübadiləsi proqramları, Berlin və Nyu-Yorkda türk diasporları üçün potensialın gücləndirilməsi proqramları həyata keçirilib.

 

Bundan əlavə, dünyanın müxtəlif ölkələrindən diaspor təşkilatları, iş adamları, elm adamları və digərlərinin də iştirakı ilə Bakıda və Bursada Türk Diaspor Forumları keçirilib və illik birgə fəaliyyət planları ilə türk diasporlarına istiqamət vermək təcrübəsinin əsası qoyulub. Bu zəmində 44 günlük müharibə zamanı türk dünyası tərəfindən göstərilən informasiya dəstəyi Azərbaycan həqiqətlərinin dünyada təbliği, Azərbaycana qarşı yönəlmiş təxribatların qarşısının alınmasında böyük rol oynayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir