Modern.az

Təbriz bu il həmrəyliyimizin SİMVOLUDUR

Təbriz bu il həmrəyliyimizin SİMVOLUDUR

1 Yanvar 2023, 10:14

Sabah Dünya azərbaycanlıları Həmrəylik Gününü və Yeni ili qeyd edəcəklər. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu ildə Naxçıvanla İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun müddət bir-birinə həsrət qalan soydaşlarımızın Arazın hər iki sahilində sərhəd yürüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı-bu taylı azərbaycanlıların həftələrlə Arazboyu gecə-gündüz birləşmək şüarı Azərbaycanı bütövləşdirməyə cəhd idi.

 

Həmrəylik günü ayrı düşən bir millətin birləşmək istəyinin simvolik nişanıdır.  Bir sözlə, bu günün yaranmasında cənublu soydaşlarımızın da rolu böyükdür. Təsadüfi deyil ki, 2020-ci il Vətən müharibəsi zamanı güneyli soydaşlarımız İranın təxribatlarına qarşı çıxaraq, doğma Qarabağın azad olunması xəbərinə ürəkdən sevinir, Azərbaycanın qələbəsini bayram kimi qeyd edirdilər.

 

Bu ilin sentyabrından İranda başlayan etirazlar fonunda Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın molla rejiminin amansız təqidlərinə qarşı mübarizəsinə nəinki Azərbaycan vətəndaşları, eləcə də dünyanın dörd bir yanında məskunlaşan soydaşlarımız səssiz qalmadılar. Güneyli qardaş-bacılarımızın etirazlarına dəstək məqsədilə bir çox ölkələrdə aksiyalar təşkil olundu. Aksiyalarda cənublu həmyerlilərimizin tək olmadıqları, bütün azərbaycanlıların onların yanında olduqları bəyan edildi. Güneydə baş verən hadisələr həm də onu göstərdi ki, bu il Təbriz dünya azərbaycanlılarının həmrəylik simvolu kimi xatırlanacaq.

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Modern.az-a bildirib ki, ötən illər ərzində dünya azərbaycanlılarının həmrəylinin gücləndirilməsi və təşkilatlanması istiqamətində çox ciddi addımlar atılıb. 

 

Onun sözlərinə görə, Prezident İlham Əliyev İranda, Amerikada, Avropada, Rusiyada, eləcə də dünyanın digər ölkələrində yaşayan azərbaycanlıların sevgisini, etimadını qazanıb, hər bir soydaşımızın güvənc yerinə çevrilib. Deputat, həmçinin qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının birliyinin təmin olunmasında vacib rol oynayır.

 

“44 günlük Vətən müharibəsi zamanı dünya azərbaycanlılarının, eləcə də güneyli soydaşlarımızın cənab Prezidentin ətrafında sıx birləşdiyini gördük. Müharibənin ən qızğın vaxtında onların Cəbrayılda Xudafərin körpüsünün azad olunmasına ürəkdən sevinmələrinin şahidi olduq. Ardınca Prezidentin birinci xanım Mehriban Əliyeva ilə Xudafərin körpüsünə səfər etməsinə verilən reaksiyalar bizi sevindirdi. İrandakı bütün azərbaycanlıların Prezidentə göstərdiyi həmrəylik və sevgi hamımızı qürurlandırdı. Bundan əlavə, son vaxtlar İranda baş verənlərlə bağlı cənab Prezident də öz mövqeyini ortaya qoyub və ciddi mesajlar səsləndirib. Bu, həm də onu göstərir ki, güneşli soydaşlarımız daim diqqətdədir, onlar tək deyillər. Bu mənada hesab edirəm ki, Təbrizi həmrəyliyin simvolu kimi dəyərləndirmək olar”.

 

M.İbrahimqızı əlavə edib ki, Dünya Azərbaycanlılarının həmrəyli daha da güclənir:

 

“Azərbaycan Respublikasında 10 milyon azərbaycanlı olmasına baxmayaraq, dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla azərbaycanlı var. Elə 40 milyona yaxın azərbaycanlı İrandadır. Biz dünya azərbaycanlılarının ildən-ilə həmrəyliyinin daha da inkişaf etdiyinin şahidiyik. Bu da möhtərəm Prezidentin onlara bəslədiyi böyük sevgidən qaynaqlanır. Bu, həm də qarşılıqlı etimad, qarşılıqlı hörmət və həmrəylikdən qaynaqlanır. Bizim həmrəyliyimiz daha da möhkəmlənir. Beləliklə, qarşımızda heç bir güc dayana bilməyəcək”.

 

Milli Məclisin deputatı Kamran Bayramov isə bildirib ki, Həmrəylik Günü dünyanın hər bir ölkəsində, eləcə də, İranda yaşayan azərbaycanlıların milli bayramıdır. Onun sözlərinə görə, cənab Prezidentin apardığı siyasətin əsasını azərbaycanlıların hüquqlarının qorunması təşkil edir:

 

“Prezidentin siyasətinin əsas istiqaməti dünyanın hər nöqtəsində yaşayan soydaşlarımızın tarixi, mədəni, dil, din bağlılığının qorunub, hərtərəfli dəstəklənməsidir. Azərbaycan bu istiqamətdə öz siyasətini davam etdirməlidir. Bunun çox böyük faydası var. Dünyanın bir çox ölkələrində azərbaycanlılar yaşayır. Hər bir azərbaycanlı yaşadığı yerdə Azərbaycanın milli maraqlarını qorumalı, vətənə bağlılığı itirməməlidir. Cənab Prezidentin çıxışları da məhz bu siyasətə köklənib”.

 

Kamran Bayramov xatırladıb ki, Prezident İlham Əliyev çıxışlarında Güney Azərbaycandakı soydaşlarımızın hüquqları məsələsinə geniş yer ayırıb:

 

“Orada azərbaycanlıların hüquqları sıxışdırılır. Azərbaycan dili və mədəniyyətinə təzyiqlər olur. Cənab Prezidentin bu məsələləri dilə gətirməsi düşünürəm ki, güneyli soydaşlarımızda ruh yüksəkliyi yaradacaq. Təbrizin, ümumilikdə güneyli soydaşlarımızın Azərbaycana çox böyük bağlığı var. 44 günlük Vətən müharibəsində də bunun şahidi olduq. Belə olan halda Təbriz bu il həmrəyliyin simvolu kimi dəyərləndirilə bilər. Bu da həmrəylik üçün çox önəmlidir”.

 

 

 

Turqay Musayev

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda dərc olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir