Modern.az

Diasporumuzun 2022-ci ili - Ukraynadan Şuşayadək...

Diasporumuzun 2022-ci ili - Ukraynadan Şuşayadək...

3 Yanvar 2023, 16:02

Etnik-milli məzmun daşıyan diaspor çox mürəkkəb təyinata malikdir. Milli özünüdərk, etnik təhlükəsizlik və beynəlxalq fəaliyyət amilini özündə cəmləşdirən diaspordan düzgün istifadə edilməzsə, maraqlı qüvvələr diasporu öz məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə edə bilərlər. Ona görə də strategiya düzgün qurulmalıdır ki, bundan siyasi məqsədlər üçün yox, xalqlararası dostluğun yaranmasında vasitə, sosial ya­xınlaşma, doğmalaşma faktoru kimi istifadə edilsin.

 

Diasporun hərtərəfli inkişafı üçün həm mövcud olduğu ölkənin, həm etnik vətənin, həm də beynəlxalq təşkilatların qayda-qanunlarına uyğun müvafiq stra­tegiya qəbul olunmalıdır. Ötən il Azərbaycan diasporunun qarşıya qoyduğu hədəflər də bundan qaynaqlanırdı. Geridə qoyduğumuz il ölkəmiz üçün düşərli olduğu qədər, diasporumuz üçün də uğurlu və tarixi hadisələrlə yadda qaldı.

 

Modern.az ötən il diaspor tarixində yaşanan hadisələrin xronologiyasını təqdim edir:

 

Rusiya-Ukrayna müharibəsindən üzüağ çıxan Azərbaycan diasporu

 

Artıq 11 aydan çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsi Ukraynada yaşayan digər millətlərin nümayəndələri ilə yanaşı, azərbaycanlıları da ciddi narahat edir. Müharibəyə qədər Ukraynada yaşayan azərbaycanlıların sayı beş yüz min nəfərdən çox idi. Bu qədər insanın taleyi, onların təxliyəsi, təhlükəsiz ərazilərdə yerləşdirilməsi, qidalanma və digər problemlərin həlli vacib idi.

 

Azərbaycan dövləti müharibənin ilk günündən hərəkətə keçərək, Ukraynadakı soydaşlarımıza kömək əlini uzatdı. Bu işdə üzərinə böyük məsuliyyət düşən Azərbaycan diasporu müharibənin odlu-alovlu günlərində həmvətənlərimizin yardımına yetişdi. Ukraynanın müxtəlif bölgələrində fəaliyyət göstərən diaspor təşkilatları səfərbər olunaraq, azərbaycanlıların döyüş bölgələrindən çıxarılmasında əsl fədakarlıq nümayiş etdirdi. 

 

Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov diaspor təşkilatlarının Ukraynadakı müharibə zamanı fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.  

 

Baş katibin sözlərinə görə, müharibə başlayandan bəri Ukraynada fəaliyyət göstərən diaspor təşkilatları Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə burada yaşayan azərbaycanlıların əsas dayaq məntəqələrinə çevrilmişdi:

 

“Müharibə başlayan ilk günlərdən Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarının qarşısına qoyduğu əsas məsələlər soydaşlarımızın təxliyəsi, onlara humanitar yardımın çatdırılması, Ukraynada vuruşan azərbaycanlıların vəziyyətinin diqqətdə saxlanılması və digər məsələlər idi. Bütün bu işlər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilirdi. Biz artıq müharibə başlayandan bir neçə gün sonra azərbaycanlıların digər sərhəd ölkələrə - Moldova, Polşa, Slovakiya və Macarıstana təxliyəsinə başlamışdıq. Müharibə başlayandan bəri minlərlə azərbaycanlı Ukraynadan təxliyə olunub. Təxliyə işləri Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Ukrayna Azərbaycanlıları Konqresinin sədri, UAR-ın həmtəsisçisi Oleq Krapivinin və Ukrayna Azərbaycanlıları Radasının birgə fəaliyyəti nəticəsində mümkün olub”.

 

Ceyhun Məmmədov vurğulayıb ki, azərbaycanlıların ən çox təşkilatlandığı ölkələrdən biri məhz Ukraynadır:

 

"Biz bunu münaqişə yaşanan zaman əyani şəkildə gördük. Ukraynanın elə şəhərləri var ki, orada iki-üç təşkilat, mədəniyyət mərkəzi, Azərbaycan məktəbi fəaliyyət göstərir. İndi də Rusiya-Ukrayna müharibəsi zamanı görürük ki, bizim təşkilatlar necə yüksək səviyyədə çalışır. Ukrayna Azərbaycanlıları Radasına (UAR) daxil olan, Diasporla İş üzrə Dövlət Komitəsinin koordinasiyası ilə birlikdə hərəkət edən insanlar necə böyük fədəkarlıqlar göstərib, böyük işlər görürlər.

 

Bu günə qədər minlərlə soydaşımızın təxliyəsi həyata keçirilib. Hər gün yüzlərlə insan vətənə təxliyə edilib, yerdə qalanları qida və qalmağa yerlə təmin olunub. Bu işlərin hamısı Ukraynanın müxtəlif bölgələrində yerləşən diaspor təşkilatları ilə birgə həyata keçirilib.

 

İlk günlər ərzində bizə 500-ə yaxın zəng olurdu. Bunların hamısını səbrlə cavablayırdıq. Qarşımıza çıxan ən böyük problemlərdən biri vətəndaşların sənədlərinin qaydasında olmaması idi. Ya sənəd yoxdur, ya zamanı bitib, ya da itirib. Ancaq çalışırdıq ki, problemləri tez həll edək. Hər gün təqribən 150-200 nəfəri dəmiryol vağzalına yönləndirirdik. Martın 4-dən etibarən qatarlar pulsuz işlədiyinə görə Kiyevdə əsasən soydaşlarımızı dəmiryol vazğalına yönləndiririk. Oradan da qərb bölgələrinə gedirdilər.

 

Azərbaycan tərəfindən Ukraynaya edilən yardımlarını diqqətdə saxlamaq lazımdır. İlk dəfə olaraq Azərbaycan Prezidenti tərəfindən 5 milyonluq humanitar yardım və tibbi yardım maşınlarının pulsuz yanacaqla təmin edilməsi Ukraynaya edilmiş real yardım idi.

 

Ukrayna Azərbaycanlıları Radasının regionlarda olan nümayəndələri müharibə başlayan ilk gündən bu günə qədər Ukrayna xalqının yanındadır və bütün proseslərdə yaxından iştirak edir. Eləcə də Komitənin Ukraynaya tibbi və humanitar yardımlarına da diqqət yetirmək lazımdır. Bundan başqa döyüş şəraiti zamanı vəfat edən soydaşlarımızın nəşinin ailələrinə çatdırılması çətin olsa da, həyata keçirildi”.

 

Xaricdəki soydaşlarımızın Zəfər Qurultayı

 

Ötən ilin yayında Azərbaycan daha bir uğurlu tədbirə ev sahibliyi etdi. Dünya Azərbaycanlılarının V Zəfər qurultayı çox müvəffəqiyyətlə və yüksək səviyyədə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirildi. Tədbirdə 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsi iştirak edirdi.

 

Məhz Dünya Azərbaycanılarının Şuşada keçirilən Zəfər Qurultayında diaspor təşkilatlarımız qarşısında ciddi tapşırıqlar qoyuldu. Prezident İlham Əliyev Qurultayda öz nitqində bir çox məsələlərə toxundu və dünya azərbaycanlıları üçün postmünaqişə dövrünə uyğun yol xəritəsini cızdığını bildirdi. Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi bütün dünyada yaşayan soydaşlarımızda böyük inam və ruh yüksəkliyi yaratdı deyə bilərik. 

 

Qeyd edək ki, Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. 2006-cı il martın 16-da dünya azərbaycanlılarının ikinci, 2011-ci il iyulun 5-6-da üçüncü, 2016-cı il iyu­nun 3-4-də dördüncü qurultayları ke­çirilib. Hər bir qurultayda Azərbaycan diaspor təşkilatlarının keçdiyi inkişaf yolu, əldə olunan nailiyyətlər, qarşı­da duran mühüm vəzifələr müəyyən edilib. Bundan başqa 2018-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə yeni “Strateji Yol Xəritəsi” işlənib hazırlanıb. 

 

Son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurası, 12 ölkədə 18 Azərbaycan evi (Tallin, Varşava, Budapeşt, Brüssel, Zalsburq Barse­lona, Köln, Berlin, Münhen, Kiyev, Odessa, Ankara, İğdır, Qahirə, Sa­loniki, Tbilisi, Marneuli və Qardabani şəhərləri) yaradılıb. 

 

Diaspor tarixində digər vacib məqam isə Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin keçirilməsi oldu. 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Şuşa ili” çərçivəsində 2022-ci ilin 2-8 avqust tarixlərində Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi yüksək səviyyədə keçirildi.

 

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsinin proqramına Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxil edilmişdi.

 

Gənclər ilk növbədə Tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, bu mühüm platforma ətrafında bir araya gələrək, Azərbaycanla bağlarını daha da möhkəmləndirib, ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək və yeni dostlar qazanmaq imkanları əldə ediblər.

 

Diasporla İş üzrə Dövlət Komitəsi eyni zamanda xaricdə yaşayan soydaşlarımızın işğaldan azad olunmuş ərazilərə səfərlərini də təmin edib. Belə ki, yüzlərlə soydaşımız Qarabağa səfər edib. 

Onların arasında İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvani də olub. Onun ailə üzvləri ilə birlikdə Qarabağa ilk səfəri işğaldan azad edilmiş Füzuli rayonundan başlayıb.

 

Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə gerçəkləşən səfər zamanı qonağa Füzuli şəhər mərkəzinin və məscidin dağıntıları nümayiş etdirilib. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı rayon ərazisində dağıdılmış tarixi, mədəni və dini abidələr, törədilmiş ekoloji terror, post-müharibə dönəmində aparılan yenidənqurma və tikinti işləri barədə qonağa ətraflı məlumat verib.

 

“Qarabağa səfərim arzu olaraq qalırdı. İndi isə mən buradayam. İnanılmazdır, mən Qarabağ bölgəsinə səfər edirəm. Ermənilərin burada törətdikləri dəhşətlidir. Amma eyni zamanda biz belə tikilini də görürük (hava limanını nəzərdə tutur). Bu tikinti işləri regionun simasını tamamilə dəyişir. Mən burada olduğuma görə çox xoşbəxtəm”, - deyə İrəvan xanının varisi təəssüratlarını bölüşüb.

 

Qeyd edək ki, 1974-cü ildə Tehranda anadan olan Əmir Əli Sərdari İrəvani 2003-cü ildən Almaniyada yaşayır. Alman avtomobil sənayesində araşdırma və inkişaf sahəsində mühəndis kimi çalışır, eyni zamanda etnoqraf və tarixçi kimi də tanınır. O, yerli və beynəlxalq ictimaiyyətə İrəvan xanlığı haqqında dolğun məlumatların çatdırılmasında kifayət qədər fəallıq göstərən şəxslərdəndir.

 

Ötənn il diaspor tarixində digər mühüm məqam Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor qurumlarının rəhbərlərinin Bakı-Şuşa forumu olub. İki gün davam edən forumun ilk günü Bakıda, son günü isə Şuşada keçirilib.

 

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren, Türk Dövlətləri Təşkilatı baş katibinin müavini Yerjan Mukaş, Macarıstanın milli siyasət üzrə dövlət katibi Arpad Yanos Potapi, Qırğız Respublikasının Prezidenti yanında Dövlət dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanybek Osmonaliev, Özbəkistan Nazirlər Kabineti yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq münasibətləri Komitəsinin sədri Rustambek Kurbanov, Qazaxıstanın “Otandastar” Fondunun Beynəlxalq şöbəsinin müdiri Kalybek Koblandin, Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinin rəisi Kemal Köprülü iştirak ediblər.

 

Forumda dünyadakı türk diasporlarının inteqrasiyasına yönəlmiş mühüm layihələr, TDT-yə üzv ölkələr arasında mədəni-humanitar əməkdaşlığın dərinləşməsi, diaspor qurumları arasında işbirliyinin vacibliyi, vətəndən kənarda yaşayan türk icmalarının ana dilində təhsil almaq imkanlarına malik olması və digər vacib mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

 

Tədbir çərçivəsində Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın müvafiq qurumları arasında anlaşma memorandumları imzalanıb.

 

Ümumilikdə isə Bakı-Şuşa forumu türk ölkələri diasporlarının birləşməsi istiqamətində mühüm addım kimi  qiymətləndirilə bilər. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, 2022-ci ildə Azərbaycan həqiqətlərini dünyaya yaymaq, Ermənistanın törətdiyi cinayətlərin ifşa olunması üçün onlarla ölkədə dinc aksiyalar təşkil olunub, eyni zamanda informasiya cəbhəsində düşmənə sarsıdıcı zərbələr vurulub.

 

Heç kimə sirr deyil ki, diaspor fəaliyyəti kifayət qədər çətin və məsuliyyətli missiyanı özündə əks etdirir. Fərqli ölkələrdə yaşayan, fərqli düşüncəyə sahib, hətta siyasi görüşləri belə müxtəlif olan insanları bir araya gətirmək, onların arasında koordinasiya yaratmaq olduqca mücərrəd proses kimi qiymətləndirilir. Lakin Diasporla İş üzrə Dövlət Komitəsinin uğurlu fəaliyyət strategiyası, Azərbaycan diasporunu birləşdirən ali dəyərlər bütün bu çətinliklərin öhdəsindən gəlməyə imkan verir.

 

Bu gün fəxrlə deyə bilərik ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, soydaşlarımız birlik, həmrəylik nümayiş etdirir, Azərbaycanın dövlət maraqlarını müdafiə edir, xalqımızın adət-ənənələrini qoruyub saxlayırlar.

 

 

 

Aysel Məhərrəm

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda dərc olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir