Modern.az

ABŞ mətbuatı Prezidentin Qərbi Azərbaycan icması üzvləri ilə görüşündən YAZDI

ABŞ mətbuatı Prezidentin Qərbi Azərbaycan icması üzvləri ilə görüşündən YAZDI

18 Yanvar 2023, 16:03

 

 

ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan “The Jewish Press”də “Azərbaycan Prezidenti Türkiyəyə dəhliz açmaq üçün ərazi ədalətini tələb edir” sərlövhəli məqalə dərc olunub.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə qeyd olunub ki, bu yaxınlarda Qərbi Azərbaycanın bir qrup ziyalısı ilə görüşən Azərbaycan Prezidenti İlham Əliyev 1918-ci ildə tarixi Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsini qınayıb: “Əgər kimsə hesab edirdi ki, 1918-ci ildə İrəvanı Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan özümüzü sığortalamış ola bilərdik, bax, Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi, xəyanət idi. Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan”.

 

Məqalədə Odri Altştadın qələmə aldığı “Azərbaycan türkləri” kitabına istinadən qeyd olunub ki, 1897-ci ildə İrəvanda 77.491 azərbaycanlı, 58.148 erməni yaşayıb, habelə GünAZ TV-nin rəhbəri, güney azərbaycanlı jurnalist Əhməd Obalıya da iqtibas edilib: “İrəvan İrəvan xanlığının tərkibində olub. İndiki Ermənistanda əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edib. Bu insanlar öz vətənlərinə qayıtmalıdırlar. O cümlədən 1893-cü ildə İrəvan sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edib, 57 faiz azərbaycanlı olub”.

 

Müəllif onu da diqqətə çatdırıb ki, 1828-ci ildə Azərbaycanın ikiyə bölünməsindən sonra İran ermənilərinin Rusiyaya, Arazın şimalındakı müsəlman icmasının isə cənuba köçə bilməsi barədə razılıq əldə edilib. Bundan istifadə edən Rusiya erməniləri kütləvi şəkildə İrəvana və Qarabağa yerləşdirməklə sözügedən ərazilərdə əhalinin etnik tərkibini dəyişməyə nail olub.

 

İsrailli politoloq bildirib ki,1890-cı illərin sonlarından azərbaycanlıların öz torpaqlarından məcburi deportasiyasında ifadə olunan etnik təmizləmə prosesi başlayıb, son nəticədə İrəvan, Zəngəzur və digər Azərbaycan ərazilərində Sovet Ermənistanı yaradılıb. 1925-ci ildən sonra Qarabağ və Zəngəzurda əhalinin milli tərkibi dəyişib. Məqalədə Azərbaycan Prezidentinin Qərbi Azərbaycanın, yəni indiki Ermənistanın yerli əhalisini təmsil edən qərbi azərbaycanlılarla görüşündə onlara öz tarixi vətənlərinə qayıdacağı mesajını verdiyi vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı