Modern.az

“İsrail-Azərbaycan əlaqələrinin genişlənməsi qarşısıalınmazdır” – Sabiq nazir

“İsrail-Azərbaycan əlaqələrinin genişlənməsi qarşısıalınmazdır” – Sabiq nazir

7 Fevral 2023, 14:44

İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq, Azərbaycanla bağlı İsrail mediasında maraqlı açıqlamaları ilə yadda qalan Ayub Kara növbəti dəfə ABŞ və qlobal yəhudi mediasının diqqətini özünə çəkib.

 

Sabiq nazirin ABŞ-ın geniş oxuyucu kütləsinə malik populyar nəşri “Jewish News Syndicate”də “İran terroruna baxmayaraq, İsraillə Azərbaycan arasında əlaqələr genişlənir” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə Azərbaycanın Tehrandakı səfirliyinə edilən və səfirliyin mühafizə xidməti rəisinin qətli ilə nəticələnən mənfur hücumun Azərbaycanın İsraillə dostluğuna hər hansı xətər yetirmək iqtidarında olmadığını vurğulayan müəllif qeyd edib ki, hücumdan sonra İsrailin müdafiə naziri Yoav Qallant azərbaycanlı həmkarı Zakir Həsənovla telefon danışığında “ölkələr arasında mövcud əlaqələrdən razı qaldığını” ifadə edib.

 

Müəllifə görə, kimin dost, kimin düşmən olduğunu yaxşı anlayan azərbaycanlılar bilirlər ki, 2020-ci il Vətən müharibəsi zamanı İsrail Azərbaycana mühüm hərbi və humanitar yardım göstərsə də, Arazın o tayında yaşayan soydaşları ana dillərində təhsil almaq imkanından məhrumdurlar. Azərbaycanlılar dərk edir ki, yalnız Tehrandakı səfirliyə deyil, Londondakı Azərbaycan səfirliyinə edilən hücumun arxasında da İran dayanır. Belə ki, İranda azərbaycanlılar sistematik olaraq təzyiqlərə məruz qalırlar və terroru dəstəkləyən dövlət olan İran keçmişdə digər ölkələrin səfirliklərinə də hücumlar edib. İsrailli politoloq hər şeyə rəğmən, azərbaycanlıların heç zaman molla rejiminin terroruna təslim olmayacağına və İsraillə dost münasibətlərindən əl çəkməyəcəyinə inamını ifadə edib.

 

Qeyd olunub ki, Təl-Əvivdə Azərbaycan səfirliyinin açılmasına bütün azərbaycanlılar sevinir. Belə ki, bu yaxınlarda 19 azərbaycanlı deputatdan ibarət qrupun Knessetin 30 üzvünə ünvanladığı məktubda qeyd olunur: “Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində İsrailin Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyi yüksək qiymətləndirir və heç vaxt unutmayacaq. Təəssüf ki, Azərbaycanın müharibədəki qələbəsinə, regional siyasətdə, hərbi sahədə və iqtisadiyyatda, eləcə də beynəlxalq müstəvidə gücünə heç də hamı sevinmir. Bəzi ölkələr buna həsəd aparır. Son zamanlar İran İslam Respublikasında anti-Azərbaycan ritorikasının sərtləşməsi, İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər bunu əyani şəkildə nümayiş etdirir, İranın əsl mahiyyətini ortaya qoyur. Azərbaycana qarşı davam edən təxribatlar və artan təhdidlər fonunda dəstək mesajlarınız bizi sevindirir və ruhlandırır”.

 

Müəllif İsrail Knessetinin bir qrup deputatının Azərbaycan parlamentinə göndərdiyi cavab məktubuna da diqqət çəkib: “Azərbaycan Respublikasının İsraildə səfirliyinin açılması münasibətilə təbrik məktubunuza görə Sizə ürəkdən təşəkkür edirik. İsraildə səfirliyin açılması ikitərəfli münasibətlərimizdə yeni mərhələnin başlanğıcını göstərir və əməkdaşlığımızın yeni müstəvidə reallaşdığına bariz sübutdur. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Azərbaycan və İsrail regionda və qlobal miqyasda baş verən proseslərlə bağlı eyni mövqedən çıxış edir, ölkələrimiz üzləşdiyi problemlərin həlli ilə bağlı hər baxımdan qarşılıqlı dəstək nümayiş etdirir”.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//www.jns.org/opinion/relations-between-israel-and-azerbaijan-are-expanding-despite-iranian-terror/

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi