Modern.az

ABŞ mətbuatı Azərbaycan diasporunun Türkiyəyə yardımından YAZDI

ABŞ mətbuatı Azərbaycan diasporunun Türkiyəyə yardımından YAZDI

13 Fevral 2023, 15:14

ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan “The Jewish Press”də “İnsanlığın sərhədləri yoxdur” sərlövhəli məqalə dərc olunub. 

 

Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın baş vermiş fəlakətli zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan diasporunun qardaş Türkiyəyə yardımına həsr etdiyi məqalədə qeyd olunub ki, güclü zəlzələdən sonra Azərbaycan diasporu zəlzələdən zərər çəkənlərə dəstək olmaq üçün əlindən gələni edir. 

 

İsrail Dövlətindəki əsas azərbaycanlı yəhudi təşkilatlarından biri olan “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası öz üzvlərini Türkiyədə zəlzələdən zərər çəkənlərə kömək etmək üçün səylərini əsirgəməyən Azərbaycan Diasporuna Dəstək Fonduna ianə verməyə çağırıb. Bu çağırışa “Kanal 24” ün rəhbəri Səadət İsrailov Şükürova da qoşulub. Yəhudi və türk dünyası arasında yaxınlaşmanı, xüsusilə də Azərbaycan-İsrail dostluğunu və möhkəm əlaqələrini təbliğ edən Dona Qrasiya Diplomatik Mərkəzinin baş direktorunun özü mərhum ərinin xatirə kimi saxladığı bütün qış geyimlərini Türkiyədə zərərçəkənlərə göndərib.

 

Məqalədə ABŞ-dakı Azərbaycan diasporunun bir çox qurumlarının, o cümlədən Meyn Azərbaycan Cəmiyyətinin Türkiyəyə kömək üçün ianə etdiyi qeyd olunub. Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov bildirib ki, cəmiyyət adından ianə toplamağa çağırır: “Mən bunları Bostona çatdıracağam, orada Azərbaycan diasporu çatdırılma işini həyata keçirir. Bütün bunlar Türkiyəyə gedəcək. Çoxlu dostlarımız işimizə öz töhfələrini verirlər. Evimə ianə gətirən ilk şəxs yəhudi idi. Bu, məni çox sevindirdi. Mən çoxlu elektron ismarıclar və məktublar alıram. Mənə hər yerdən zənglər gəlir. Mənə deyirlər ki, Dubayda çoxlu ianə toplayan yerli azərbaycanlılar var. Həqiqətən dəstək olan bir çox icmalar var. İnsanlığın sərhədləri yoxdur.”

 

Türkiyə xalqının kədərini qəlbən bölüşdüyünü ifadə edən müəllif Azərbaycan və İsrail diasporlarının qardaş türk xalqına dəstək verən icmalar sırasında olmasından qürur duyduğunu bildirib,  böyük və güclü dövlət kimi Türkiyənin bu dəhşətli faciənin öhdəsindən gələcəyinə, bütün çətinlikləri dəf edib tərəqqiyə doğru irəliləyəcəyinə inamını ifadə edib.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: 

 

//aze.media/humanity-has-no-borders/

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi