Modern.az

Gürcüstan azərbaycanlıları da yardım kampaniyasına qoşulub - FOTOLAR

Gürcüstan azərbaycanlıları da yardım kampaniyasına qoşulub - FOTOLAR

Diaspor

14 Fevral 2023, 18:00

Gürcüstan azərbaycanlıları Türkiyəyə yardım kampaniyasına qoşulub.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

 

Marneuli rayonunda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) icraçı direktoru Orxan Pirverdiyev qardaş Türkiyənin Tbilisidəki səfirliyini ziyarət edib.

 

Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbaya başsağlığı verən icraçı direktor Gürcüstan azərbaycanlılarının türk xalqının kədərinə şərik olduqlarını bildirib, səfirlikdə açılmış başsağlığı kitabına ürək sözlərini yazıb.

 

“Gürcüstan azərbaycanlıları sizinlədir!” və “Sənin ayağına dəyən daş bizim ürəyimizi ağrıdır, Türkiyə!” kampaniyası çərçivəsində toplanan humanitar yardım Türkiyə səfirliyinə təhvil verilib. GAİM rəhbərliyi yardım kampanıyasına dəstək verən Gürcüstan azərbaycanlılarına minnətdarlığını bildirib.

 

Öz növbəsində “Alyans” Gənclər Mərkəzi də zəlzələ bölgəsinə humanitar yardım yola salıb.

 

Gürcüstanda fəaliyyət göstərən 24News.ge xəbər portalı da Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı humanitar yardım kampaniyasına qoşulub. Portalın təşkilatçılığı ilə zəlzələnin baş verdiyi ilk saatlardan etibarən elan edilmiş yardım kampaniyasında fəal iştirak edən Gürcüstandakı azərbaycanlıların köməyi ilə 5078 lari dəyərində uzun müddət saxlanılması mümkün olan qida məhsulları, 3255 lari dəyərində 3 generator, 550 lari dəyərində 25 elektrik qızdırıcısı və 900 lari dəyərində 10 çadır alınaraq Türkiyənin Gürcüstandakı səfirliyinə təhvil verilib.

 

Qeyd edək ki, vətəndaşların çoxsaylı müraciətləri əsasında portal yardım kampaniyasını davam etdirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır