Modern.az

ABŞ-da çempion olan idmançımız: “Diaspor bizə dəstək verir”

ABŞ-da çempion olan idmançımız: “Diaspor bizə dəstək verir”

11 Mart 2023, 17:07

Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızı daim diqqət mərkəzində saxlayır, onların uğur qazanması üçün əlindən gələni əsirgəmir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir soydaşımız dövlətin dəstəyinə güvənir və müxtəlif sahələrdə Vətənimizi qürurla təmsil edir. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü işlər göz önündədir. Komitənin səmərəli fəaliyyəti nəticəsində soydaşlarımızın digər müstəvilərdə olduğu kimi, idman sahəsində də uğurlarına şahidlik edirik. Belə tədbirlərdən biri uzaq Amerikada baş tutub.

ABŞ-da yaşayan idmançı soydaşlarımız Ohayo ştatının Kolambus şəhərində keçirilən “Arnold Sports Festival” beynəlxalq yarışında böyük uğur qazanıblar.

Məlumat üçün bildirək ki, 2-5 mart 2023-cü il tarixində baş tutan yarış zamanı ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində yaşayan Gündüz İsmayilov “Powerlifting, bench press” üzrə birinci yeri tutaraq, qızıl medala layiq görülüb.

Qeyd edək ki, Gündüz İsmayılov bu yarışa Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə qatılıb.

Amerikadakı Armrestlinq Federasiyasının rəhbəri İsmayıl Quliyev də əfsanəvi aktyor və idmançı Arnold Çvartsneggerin təsisçisi olduğu yarışın bu kateqoriyasında qalib gələrək, qızıl medal qazanıb. Mirtaleh Aslanov və Elsevər Xasıyev isə “Armwrestling” üzrə müvafiq olaraq I və III yerləri tutaraq, qızıl və bürünc medallara sahib olublar.

“Arnold Sports Festival” beynəlxalq turnirinin qalibi olan Mirtaleh Aslanov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan diasporu xaricdə yaşayan idmançılarımıza daim dəstək verir.

“Biz peşəkar idmançılarıq, müqavilə əsasında sponsorla çalışırıq. Sponsorlar lazım olan maddi dəstəyi verir. Diaspor da bizə dəstək verir. Biz diasporun mənəvi dəstəyini hər dəfə ehtiyacımız olanda hiss etmişik. Sonuncu yarış bizim üçün çox önəmli idi. Turnirdə Azərbaycan qol güləşini iki idmançı təmsil edirdi. Mən və dostum, şəxsi məşqçim Elsevər Xasıyev yarışda iştirak etdik. Bundan öncə finala gəlsəm də, uduzurdum. Bu dəfə ilkə imza ataraq qızıl medal qazandım. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”,  - deyə çempion idmançımız vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir