Modern.az

Azərbaycanlı skripkaçı “Florida Keys” müsabiqəsində

Azərbaycanlı skripkaçı “Florida Keys” müsabiqəsində

Diaspor

16 Mart 2023, 16:53

Nyu-York şəhərindəki məşhur “Carnegie Hall” mədəniyyət mərkəzinin “Weill” konsert salonunda keçirilən VIII “Florida Keys” beynəlxalq musiqi müsabiqəsinin qala-konsertində Çexiyada təhsil alan istedadlı gənc skripkaçı Canel Nəcəfli də iştirak edib.

 

Qeyd edək ki, “Florida Keys” müsabiqəsində ikinci yer tutduğu üçün qala-konsertdə çıxış etməyə dəvət olunan azərbaycanlı gənc musiqiçi məşhur “Weill” salonunun səhnəsində görkəmli bəstəkarımız Fikrət Əmirovun “Məhəbbət rəqsi” əsərini ifa edib. Canel Nəcəfli həm də Fikrət Əmirovun əsərinin parlaq ifasına görə diploma və Əmirovlar ailəsinin xüsusi mükafatına layiq görülüb.

 

20 yaşlı həmyerlimiz bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş qala-konsertdə çıxış etmək çox məsuliyyətli və şərəfli olub. “Həmin axşam çox özəl və gözəl idi. Xarici iştirakçıların ifasında Azərbaycan əsərlərini dinləmək zövq verirdi”, - deyə skripkaçı öz təəssüratlarını bölüşüb.

 

Qeyd edək ki, bu il Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi (qiyabi) və Çexiyanın Pilsen Konservatoriyasının 4-cü kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Canel Nəcəfli üçün uğurlu başlayıb. O, Gənclər və İdman Nazirliyi tərəfindən “2023-cü ilin gənci” mükafatına layiq görülüb, xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında solo konsertlə çıxış edib. “Çox qürurlu və sevincliyəm. Çünki builki uğurlarım xalqımız üçün çox əlamətdar ildə – “Heydər Əliyev ili”ndə baş verib”, - deyə musiqiçi vurğulayıb.

 

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində işğaldan azad edilmiş Şuşanı ziyarət edən ifaçı həyatda ən böyük arzusuna çatıb. O,  Şuşa qalasının qarşısında “Sarı gəlin”, Cıdır düzündə isə “Ay Laçın” xalq mahnılarını skripkada ifa edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz pozuldu - Saxlanılanlar var - ANBAAN GÖRÜNTÜLƏR