Modern.az

Dünyanın dörd bir yanında Novruz coşqusu - FOTOLAR 

Dünyanın dörd bir yanında Novruz coşqusu - FOTOLAR 

Diaspor

22 Mart 2023, 16:50

Türkdilli ölkələri başda olmaqla dünyanın müxtəlif yerlərində Novruz bayramı qeyd olunur. Dünyanın dörd bir yanında yaşayan Azərbaycan icmaları da Novruz bayramını yüksək səviyyədə qeyd edirlər. 

 

Modern.az müxtəlif ölkələrdə keçirilən Novruz bayramı tədbirlərini təqdim edir.

 

Qazaxıstanın Türküstan vilayətindəki “Karvansaray” turist kompleksində Novruz bayramı münasibətilə türk xalqlarının mədəniyyət festivalı keçirilib. Bu tədbirdə Azərbaycan da təmsil olunub.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan guşəsində xalqımızın qədim taixini, zəngin mədəniyyətini, milli adət-ənənələrini və mətbəxini əks etdirən nümunələr nümayiş etdirilib.

 

Guşəni ziyarət edənlərə milli mətbəximiz, süfrə mədəniyyətimiz barədə ətraflı məlumat verib və Azərbaycan icması adından qazax xalqının Novruz bayramı münasibətilə təbrik edilib.

 

Festival türk dövlətlərindən olan bütün nümayəndələrin müxtəlif təamlar, o cümlədən Azərbaycan milli təamlarının düzüldüyü eyni süfrə arxasına keçməsi ilə yekunlaşıb. Süfrə arxasında çıxış edən rəsmilər türk dünyasının bütövlüyündən və həmrəyliyindən danışıb, Novruz bayramını türk xalqlarını birləşdirən ən böyük milli adət-ənənələrdən biri adlandırıblar. Onlar bütün türk dövlətlərinə, o cümlədən Azərbaycana böyük sevgilərini ifadə ediblər.

 

Bundan başqa Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində yaşayan Azərbaycan icması da Novruz bayramı münasibətilə tədbir keçirib.

 

Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı və Dağıstan Respublikasının Milli Siyasət və Dini İşlər Nazirliyinin dəstəyi ilə Rus Dram Teatrının binası qarşısında baş tutan tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, dini, ictimai təşkilatların, təhsil müəssisələrinin münayəndələri və əcnəbi tələbələr iştirak ediblər.  

Qeyd edək ki, çoxmillətli regionda bu bayram xüsusi məhəbbət və ehtiramla qarşılanır.

 

Bayram şənliyi müxtəlif yaradıcı kollektivlərin və artistlərin çıxışı ilə davam edib.

 

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanda da Novruz bayramına həsr olunmuş təntənəli şənlik keçirilib. Kazandakı Novruz şənliyində Azərbaycan diasporu fəal iştirak edib.

 

Azərbaycan guşəsində ölkəmizin tarixini, mədəniyyətini, ədəbiyyatını və Novruz bayramını əks etdirən kitablar, jurnallar, broşürlar, milli geyimlər, musiqi alətləri, xalçalar, milli mətbəx nümunələri və suvenirlər nümayiş etdirilib. “Tatarıstanda Novruz: tarix və müasirlik” broşürü yerli ictimaiyyətin böyük marağına səbəb olub. Qonaqlara Azərbaycan tarixi, mədəniyyəti, Novruzun mənşəyi və Azərbaycanda bu bayramın geniş şəkildə qeyd olunması barədə ətraflı məlumat verilib.

 

Azərbaycan diasporunun fəallarının canlandırdığı Novruz qəhrəmanları Kosa, Keçəl və Bahar qızı uşaqları və qonaqları əyləndiriblər. Azərbaycanın dövlət bayraqlarını dalğalandıran fəallarımız müxtəlif millətlərdən olan insanları bir araya toplayaraq “Yallı” milli rəqsimizin sədaları altında bərabər halay çəkiblər. 

 

Tədbir çərçivəsində “Novruz gözəli” gözəllik və istedad müsabiqəsinin final mərhələsi keçirilib. Azərbaycanı təmsil edən Səbinə Qasımova “KavkazStyle” xalq rəqs ansamblı ilə birgə xoreoqrafik nömrə ifa edib və “Miss Charm” adını qazanıb.

 

Paytaxt Moskvada Novruz bayramı böyük təntənə ilə qeyd edilib.

 

Rusiyanın Moskva vilayətinin Puşkin şəhər dairəsində ilk dəfə olaraq “Moskva vilayətində Novruz” mövzusunda millətlərarası bahar bayramı keçirilib.

 

Bayram tədbiri Dostluq Evi Millətlər Şurasının həmsədri, “Moskva azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” ictimai təşkilatının Puşkin bölməsinin sədri Mahir Miriyev, Dostluq Evi Millətlər Şurasının həmsədri, "Atamanın ruhu" Kazak Yaradıcılıq Birliyi Şurasının sədri Yelena Ssas, Puşkin şəhər dairəsinin yerli tatar milli-mədəni muxtariyyətinin sədri Dinara Akçurina və “Stroitel” Mərkəzi Mədəniyyət Evinin milli-mədəni qarşılıqlı əlaqə sektorunun müdiri Tatyana Klyuçnikovanın birgə təşkilatçılığı ilə baş tutub. 

 

Tədbirdə Moskva vilayətinin rəsmi şəxsləri, vilayət Dumasının deputatları, Azərbaycan diasporunun, müxtəlif icmaların, yerli vətəndaş çəmiyyətinin nümayəndələri, Puşkin şəhər dairəsinin sakinləri, Moskva şəhərindən və Moskva vilayətlərindən gələn qonaqlar iştirak ediblər. Qonaqlar arasında “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov, sədr müavini Həşim Əliyev, “Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Elşən İbrahimov, “Moskva vilayətinin Ruza rayonu üzrə Azərbaycan milli-mədəni muxtariyyəti” yerli ictimai təşkilatının sədri Sahib Musayev və başqaları olub. 

 

Çıxış edənlər Novruz bayramının tarixindən, adət-ənənələrindən danışıblar, bayram münasibətilə soydaşlarımızı təbrik edib, xoş arzularını bildiriblər. Qonaqlara Azərbaycan və tatar milli-mədəni muxtariyyətləri üzvlərinin hazırladıqları Novruz şirniyyatları paylanılıb, uşaqlar üçün əyləncəli oyunlar keçirilib. 

 

Tədbirin bədii hissəsində müxtəlif yaradıcılıq kollektivlərinin, o cümlədən “Qarabağ” instrumental rəqs ansamblının ifasında rəngarəng konsert proqramı təqdim edilib.

 

Ukraynada müharibə olmasına baxmayaraq, paytaxt Kiyevdə də Novruz tonqalı alovlandırılıb. Kiyevdə yaşayan Azərbaycan icmasının Novruz bayramına həsr olunmuş tədbiri keçirilib.

 

Ukrayna Azərbaycanlıları Radasının və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan bayram tədbiri Kiyev şəhər dövlət administrasiyası tərəfindən dəstəklənib. 

Bayram iştirakçılarını parlaq milli geyimlərdə Novruzun əsas qəhrəmanları – Bahar qız, Dədə Qorqud, Keçəl və Kosa qarşılayıb. 

 

Ukraynada yaşayan azərbaycanlılar öz milli adət-ənənələrini ehtiramla qoruyub saxlayırlar və müharibənin getməsinə baxmayaraq, bu il də Novruz bayramını təntənə ilə qeyd edirlər. Sonra Ukrayna və Azərbaycan xalqlarına sülh və əmin-amanlıq içində yaşamaq arzulanıb.

 

Bayram tədbiri meydanda ənənəvi Novruz tonqalının alovlandırılması ilə yekunlaşıb.

 

Okeanın o tayında da baharın gəlişi yüksək şəkildə qeyd olunub.

 

Belə ki, ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Nyu-Yorkda yaşayan özbək, tacik, pakistanlı, iranlı, yəhudi, ukraynalı, belaruslu, Latın Amerikalı və digər icmalardan olan ailələr iştirak ediblər. 

 

Tədbir zamanı uşaqlar rəmzi tonqalın üzərindən atılıb, yumurtanın boyanması qaydası ilə tanış olub, Novruza xas əyləncəli oyunlarda iştirak ediblər. Uşaqlara Novruz şirniyyatları, valideynlərə isə Azərbaycanın milli mətbəxi haqqında kitablar hədiyyə edilib.

Tədbirin bədii hissəsində mərkəzin şagirdləri Azərbaycan rəqslərini təqdim ediblər.

 

Bayram şənliyi valideynlərin, uşaqların və qonaqların böyük həvəslə qoşulduqları “Yallı” milli rəqsinin ifası ilə başa çatıb.

 

Qeyd edək ki, “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzi 10 ildir Nyu-Yorkda fəaliyyət göstərir. Mərkəzin müxtəlif layihələri əsasında Azərbaycanın məşhur futbolçusu Anatoli Banişevski adına futbol turniri, uşaqlar ücün Novruz şənliyi, “İpək Yolu” festivalı, “Azərbaycana məhəbbətlə” rəsm sərgisi, ABŞ-dakı müxtəlif icmalar üçün Azərbaycan rəqsləri üzrə ustad dərsləri və seminarlar təşkil edilir. 

 

Hər il konsertlərdə, festivallarda və müsabiqələrdə fəal iştirak edən mərkəz Azərbaycan mədəniyyətini və incəsənətini ABŞ-da təbliğ etmək, habelə ənənələri qorumaq, digər icmaların diqqətini Azərbaycanın parlaq mədəni irsinə cəlb etmək məqsədinə xidmət edir.

 

Fillippində yaşayan azərbaycanlılar da Maniladakı Beynəlxalq Məktəbdə ilk dəfə təşkil edilən Novruz şənliyində iştirak ediblər.

 

Soydaşlarımızın təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində Novruz bayramına və adət-ənənələrinə aid suvenirlər və milli mətbəx nümunələri nümayiş etdirilib. Qonaqlara bayramın tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Milli geyimli soydaşlarımızın ifasında Azərbaycan rəqsləri təqdim olunub.

 

Eyni zamanda Litvanın Klaypeda şəhərində yaşayan Azərbaycan icmasının Novruz bayramına həsr olunmuş tədbiri keçirilib.

 

“Azəris” cəmiyyətin təşkilatçılığı ilə Milli Mədəniyyət Mərkəzinin 100 nəfərlik zalında baş tutan bayram şənliyində yəhudi, tatar, ukrayna, alman və Latviyadan olan cəmiyyətlərin sədrləri iştirak ediblər. 

 

Bədii hissədə Novruzun qəhrəmanları Kosa və Keçəl çıxış edib, Azərbaycanın milli musiqiləri və rəqsləri ifa edilib. 

 

Tədbir iştirakçıları Novruz şirniyyatlarına və milli mətbəx təamlarımıza qonaq edilib.

 

Bayramın sonunda mərkəzin həyətində tonqal alovlandırılıb. Onun ətrafında halay çəkən qonaqlar daha yaxşı gələcəyə ümidlə tonqalın üzərindən atılıblar.

 

İsveçrə azərbaycanlıları da Novruz bayramı münasibətilə bir araya gəlib.

 

Azərbaycanlı icmasının üzvləri Dr. Tural Əliyev və İrana Novruzovanın təşəbbüsü və təşkilatçılığı ilə Vintertur şəhərində baş tutan tədbirə Vintentur, Sürix, Soloturn, Bazel, Bern, Bel/Bienne, Sant Qallen, Aarau, Şafhauzen, Vil, Baden və digər şəhərlərdən yüzə yaxın soydaşımız və dost icmaları təmsil edən qonaqlar qatılıb. 

Görüşdə İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Əkbər Gəncə, Koordinasiya Şurasının üzvü Cövdət Aras və başqaları çıxış ediblər. Bildirilib ki, belə tədbirlər İsveçrə azərbaycanlılarının şəbəkələşməsinin dərinləşməsi baxımından zəruridir və bu istiqamətdə öz töhfəsini verəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin Vyana şəhərində Azərbaycan icması ilə keçirdiyi görüşdə səsləndirilmiş əsas ideya və fikirlər barədə İsveçrədə yaşayan azərbaycanlıların məlumatlandırılmasının önəmi nəzərə çatdırılıb. Çıxış edənlər azərbaycanlıları fəal və həmrəy olmağa, əməkdaşlığı genişləndirməyə, vətənimiz Azərbaycanın ətrafında sıx birləşməyə çağırıblar. 

 

Görüşün rəsmi hissəsindən sonra Novruz şənliyi keçirilib. “Azərbaycanın Dostları” Birliyinin nəzdindəki “Buta” rəqs qrupunun xoreoqrafiya müəllimi Sona Əliyevanın milli rəqslərimizi məharətlə ifa etməsi, müxtəlif əyləncəli oyunların keçirilməsi, soydaşlarımızın övladlarına hədiyyələrin paylanması böyük sevinclə qarşılanıb.

 

Görüş birlik və həmrəylik rəmzi olan “Yall” rəqsinin bərabər ifa edilməsi ilə yekunlaşıb.

 

Afinada da Novruz bayramı qeyd edilib.

 

Yunanıstanın paytaxtı Afinada Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

 

Ölkəmizin Yunanıstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Anar Huseynov diaspor nümayəndələrini və səfirlik əməkdaşlarını Novruz bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bildirib ki, ümumbəşəri dəyərləri, xalqımızın çoxəsrlik ənənələrini, milli-mənəvi irsə bağlılığını əks etdirən bayramın hər il ölkə səviyyəsində təntənəli şəkildə keçirilməsi gündən-günə çiçəklənən ölkəmizdə xalqımızın öz ənənələrinə sadiqliyinin bariz nümunəsidir. Dünya azərbaycanlılarının həmrəyliyinin rəmzi olan Novruz bayramının xaricdə yaşayan soydaşlarımızın tarixi vətənlərinə bağlılıq hisslərini gücləndirdiyi və ölkəmizin milli maraqları baxımından birgə fəaliyyətə təşviq etdiyi vurğulanıb.  

 

Tədbirin bədii hissəsində yunan rəqqasların ifasında Azərbaycanın “Sarı gəlin”, “Gənclik”, “İncəlik”, “Naz eləmə”, “Uzundərə” və “Qaytağı” milli rəqsləri təqdim olunub. 

 

Tədbir iştirakçıları milli mətbəximizin ləziz təamlarına və Novruz şirniyyatlarına qonaq edilib.

 

Barselonadakı Azərbaycan həftəsonu məktəbinin növbəti dərsi isə Novruz bayramına həsr olunub.

 

İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin nəzdindəki Azərbaycan həftəsonu məktəbinin növbəti dərsi Novruz bayramına həsr olunub.

 

Barselonadakı Azərbaycan Cəmiyyətinin və Barselona Azərbaycan Evinin təşkilatçılığı ilə açıq havada baş tutan dərs zamanı şagirdlərə Novruz bayramı və adət-ənənələri barədə məlumat verilib, bayrama xas şirniyyatların hazırlanması və yumurtaların boyanması qaydaları izah edilib. 

Bayram münasibətilə alovlandırılan tonqalın üzərindən atlanmaq uşaqlara və valideynlərinə sevincli anlar yaşadıb.

 

“Paris Azərbaycan Evi” də maraqlı Novruz şənliyi təşkil edib.

 

Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə şənlik keçirilib.

 

Bayram tədbiri Fransada Azərbaycanın Dostları Assosiasiyasının, ölkəmizin Fransadakı səfirliyinin dəstəyi və “Paris Azərbaycan Evi”nin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycanın Fransadaki səfiriliyinin, UNESCO yanında daimi nümayəndəliyinin əməkdaşları, gənc həmvətənlərimiz, valideynlər və fransız ailələri iştirak ediblər. 

 

“Paris Azərbaycan Evi”nin sədri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva şənlik iştirakçılarını salamlayıb. Bildirib ki, “Paris Azərbaycan Evi” ənənəvi olaraq tarixi vətəndən uzaqda yaşayan azərbaycanlı və qarışıq ailələrin övladlarına milli adət-ənənələrimizi aşılamaq, milli kimliklərini və tariximizi xatırlatmaq məqsədilə silsilə bayram şənlikləri və digər tədbirlər təşkil edir. Belə tədbirlərin gənc nəslin vətənə bağlılığının və milli adət-ənənələrimizə marağının daha da artırılmasında böyük əhəmiyyət kəsb etdiyi vurgulanıb. 

 

Sonra milli geyimli uşaqlar Novruz ənənələrinə uyğun olaraq yumurta bəzəmək, yumurta döyüşdürmək və bayram şirniyyatlarının hazırlanma qaydaları ilə tanış olublar. Gənc soydaşımız Səma qonaqlara “Uzundərə”, “Naz eləmə” və “Nəlbəki” rəqslərini nümayiş etdirib. Uşaqlar və valideynlər milli musiqi sədaları altında rəqs ediblər.

 

Şənliyin sonunda qonaqlar müxtəlif milli atributlarla, ləziz şirniyyat nümunələri ilə bəzədilmiş bayram süfrəsinə dəvət olunublar. Tədbir hər kəsin böyük marağına səbəb olub.

 

Şənlik çərçivəsində xalqımızın qədim tarixini, zəngin mədəniyyətini və milli adət-ənənələrini əks etdirən sərgi təşkil olunub.

 

Son olaraq Varşavada da Novruz bayramı qeyd edilib.

 

Polşanın paytaxtı Varşavada yaşayan Azərbaycan icmasının Novruz bayramına həsr olunmuş tədbiri keçirilib.

 

Varşava Azərbaycan Evinin və Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə rəsmi qonaqlar və üç yüzə yaxın soydaşımız iştirak edib.

 

Sonra tədbirdə bayram tonqalı yandırılıb. Tonqal ətrafında milli musiqilərimiz və rəqslərimiz ifa olunub. Tədbir Novruza xas şirniyyatların paylanması və əyləncəli oyunlarun keçirilməsi ilə davam edib.

 

 

 

 

Aysel Məhərrəm

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda dərc olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!