İsrail mətbuatı İranın bölgədə artan təcavüzündən yazdı

İsrail mətbuatı İranın bölgədə artan təcavüzündən yazdı

Diaspor

31 Mart 2023, 15:58

Azərbaycan, İsrail və Türkiyə üçtərəfli bloku əhalisinin 40%-ni etnik azərbaycanlılar təşkil edən İranı hücum etməzdən əvvəl iki dəfə düşünməyə vadar edə bilər. 

 

Tanınmış israilli siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham bu barədə ölkəsinin geniş oxucu kütləsinə malik populyar “İsrael National News” qəzetində dərc olunmuş məqaləsində yazıb.

 

“İranın təcavüzü davam edir” sərlövhəli məqalədə müəllif bu yaxınlarda Yunanıstan polisinin yəhudi restoranı da daxil olmaqla, ölkədəki yəhudilərə qarşı hücumlar planlaşdıran İran terror şəbəkəsinin iki üzvünü həbs etməsi ilə yanaşı, İslam Respublikasını mütəmadi tənqid edən azərbaycanlı deputat Fazil Mustafanın evinin yaxınlığında güllələnməsi faktına diqqət çəkib.

 

İsrailli politoloqun fikrincə, Yerusəlimlə Tehran arasındakı gərginliyin dərin kökləri var. Belə ki, İsraili “Kiçik Şeytan”, Amerikanı isə “Böyük Şeytan” adlandıran ayətullahlar İsrail Dövlətini məhv etmək üçün nə qədər vaxt lazım olduğunu hərfi mənada hesablayırlar. Üstəlik, bu günlərdə Azərbaycanın Tel-Əvivdə səfirliyinin açılmasının qəti əleyhinə olan molla rejimi yəhudi dövləti ilə isti münasibətlərinə görə Bakını “cəzalandırmaq”da israrlıdır.

 

Siyasi məsələlər üzrə müxtəlif ekspertlərin fikirlərinin yer aldığı məqalədə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti ölkəsini xeyli gücləndirib, o cümlədən Bakının beynəlxalq enerji bazarında sabit mövqeyi Azərbaycanı görkəmli oyunçuya çevirib. Burada həlledici rolu İkinci Qarabağ müharibəsindəki qələbə və Qərbin enerji resursları ilə təmin edilməsi oynayıb. Bundan əlavə, İran Azərbaycanın İsrail və ABŞ hökumətləri ilə sıx münasibətlərindən narahatdır. Bu səbəbdən molla rejimi ölkəmizə qarşı böhtan kampaniyasına rəvac verib. Belə ki, Azərbaycanın İran mətbuatında formalaşdırılan neqativ imici ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq cəhdi kimi yozula bilər. Bu strategiya Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin uğurlu həlli kimi nailiyyətlərini kiçiltmək, Türkiyə və İsrail kimi ölkələrlə strateji tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini minimuma endirməyə hesablanıb.

 

Eyni zamanda diqqətə çatdırılıb ki, son hadisələr Azərbaycan üçün ən böyük təhlükənin İrandan gəldiyini bir daha sübut edir. Belə ki, bu gün İran Ermənistanın sərhədlərini qorumaq adı altında Azərbaycana qarşı düşmən addımlarını bəyan edir, Azərbaycana Qarabağ bölgəsində əməliyyat keçirməyə mane olur və ölkəmizlə sərhəddə davamlı hərbi təlimlər keçirir. Azərbaycan onu hər baxımdan dəstəkləyən Türkiyə və İsrail kimi müttəfiqlərə malik olmasa, ayətullah qaragüruhu ölkəmizə hücum etməkdə bir an belə tərəddüd etməyəcək.

 

Məqalənin sonunda belə bir fikir irəli sürülür ki, İranın bölgədə artan təcavüzü şəraitində ən doğru seçim Azərbaycan, İsrail və Türkiyə arasında üçtərəfli blokun yaradılması olardı. İkinci Qarabağ müharibəsi zamanı bu üç ölkə sübut etdi ki, onlar arasında əməkdaşlıq həqiqətən də bölgəyə mühüm dəyişikliklər gətirə bilər. Ona görə də Azərbaycan öz milli təhlükəsizliyini təmin etmək üçün İsrail-Türkiyə əlaqələrinin gücləndirilməsini hədəfləyən platforma formalaşdıra və bu platformadan İrana qarşı rıçaq kimi istifadə edə bilər.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: //www.israelnationalnews.com/news/369416

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hücüm: Rusiyanın bu şəhərləri vurulur