Modern.az

Azərbaycan-Kanada əlaqələrinin güclənməsində diasporun rolu

Azərbaycan-Kanada əlaqələrinin güclənməsində diasporun rolu

15 Aprel 2023, 10:06

Azərbaycan və Kanada arasında əlaqələr müxtəlif sahələr üzrə inkişaf edir. Ölkələrimizin iqtisadi, mədəni, tibbi, elmi və digər sahələrdə əldə etdiyi müsbət dinamika siyasi müstəvidə də təmasların möhkəmlənməsinə təkan verir. Sözsüz ki, əlaqələrin güclənməsində Kanadada yaşayan azərbaycanlıların rolu böyükdür. Bu ölkədə məskunlaşan soydaşlarımızın fəal üzvü olduqları diaspor təşkilatlarının və şəbəkələrin hökumətlə qurduğu əlaqələr, onların aktiv fəaliyyəti bu gün Kanadanın regiona, ən əsası ölkəmizə qarşı münasibətinin sağlam olmasında mühüm əhəmiyyət daşıyır.

 

Belə ki, bu yaxınlarda azərbaycanlılarla Kanada hökumətinin XİN rəhbəri arasında görüş keçirilib. Kanadanın xarici işlər naziri Melani Joli Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians - NAC) İdarə Heyətinin üzvlərini qəbul edib.

 

Görüş zamanı Kanadanın azərbaycanlı icmasının fəaliyyəti və siyasi fəallıq prioritetlərindən söz açılıb. Nazir Azərbaycanla Ermənistan arasında tezliklə sülhün əldə edilməsi səylərini dəstəklədiyini bildirib. Görüş zamanı Azərbaycan-Ermənistan arasında münasibətlər və Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyəti də müzakirə edilib. 

 

 

NAC İdarə Heyətinin üzvləri Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanıldığını, bu ərazilərdəki əhalinin qovulduğunu və azərbaycanlıların yaşadığı bütün yaşayış məntəqələrinin dağıdıldığını kanadalı nazirin diqqətinə çatdırıblar. 

 

Eyni zamanda 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi və bölgədə yeni reallıqların yarandığı qeyd edilib. İşğaldan azad edilmiş ərazilərdə dağıntının miqyası, habelə Ermənistan tərəfindən kütləvi minalanmanın həyata keçirilməsi səbəbindən hələ də məcburi köçkünlərin öz doğma torpaqlarına qayıda bilməməsindən söz açılıb. NAC-in təşəbbüsü ilə Kanada dövləti tərəfindən Qarabağda minatəmizləmə işləri üçün 400 000 dollar vəsaitin ayrılmasına görə təşəkkür ifadə edilib. 

 

Onu da bildirək ki, M.Joli Kanadanın Azərbaycan ilə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib. Qeyd edib ki, Kanada beynəlxalq hüququn prinsiplərinə sadiqdir və bütün mübahisələrin hüquq və danışıqlar çərçivəsində həll edilməsinin tərəfdarıdır.  

 

 

Milli Məclisin Azərbaycan-Kanada parlamentlərarası işçi qrupunun üzvü, deputat Kamran Bayramov Modern.az-a açıqlamasında deyib ki, Azərbaycandan uzaqda olmasına baxmayaraq, diasporumuzun Kanadada uğur əldə etməsi sevindirici haldır: 

 

“Kanada Azərbaycanlıları Şəbəkəsinin İdarə Heyətinin üzvləri Kanadanın XİN rəhbəri ilə görüşüblər. Görüş zamanı regionda həqiqətlər barədə geniş məlumat verilib. Eyni zamanda icmanın siyasi fəallığı qeyd olunub. Kanada Azərbaycandan uzaqda yerləşir, amma etnik azərbaycanlılar orada çox aktiv fəaliyyət göstərirlər. Bununla bərabər güclü diaspor təşkilatları qurulubsa, bizim üçün sevindirici haldır. Bu, eyni zamanda güclü Azərbaycan diasporunun formalaşmasından xəbər verir. Bu gün Azərbaycan diasporu lazım olan səviyyəyə qalxıb. Düşünürəm ki, Kanadadakı diaspor nümayəndələrimizin uğurlu addımları digər diaspor nümayəndələrimizə də nümunə olmalıdır". 

 

"Bildirim ki, Kanada dövləti tərəfindən Qarabağda minatəmizləmə işləri üçün ayrılan 400 min dollar o qədər də böyük vəsait deyil. Amma burada əsas məsələ ayrılan maliyyə yox, Kanada rəsmisinin belə müsbət münasibət bəsləməsidir. Bu, böyük məsələdir. Diaspor təşkilatlarımız gələcəkdə fəaliyyətlərini bu istiqamətdə qurmalıdırlar ki, xarici ölkələr regionun problemləri barədə doğru məlumatlı olsunlar", - deputat vurğulayıb.

 

Qeyd edək ki, NAC – Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədi ilə yaradılıb və tam olaraq Azərbaycan icmasının dəstəyi ilə fəaliyyət göstərir.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər