Modern.az

Strasburqda Heydər Əliyevin yubileyinə həsr olunan musiqi gecəsi - FOTOLAR

Strasburqda Heydər Əliyevin yubileyinə həsr olunan musiqi gecəsi - FOTOLAR

13 May 2023, 14:37

Fransanın Strasburq şəhərində yerləşən Musiqi və Konqres Sarayında müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə klassik konsert gecəsi keçirilib.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Komitənin dəstəyi və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Avropa Şurasının rəsmiləri, Strasburqdakı diplomatik korpusun, yerli ictimaiyyətin, akademik dairələrin təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.


Konsertdən öncə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış ediblər. Bildirilib ki, unudulmaz şəxsiyyət Heydər Əliyev bütün ömrü boyu xalqına və vətəninə xidmət edib. Xalqımızın taleyüklü anlarında məsuliyyəti üzərinə götürərək Azərbaycanı tərəqqi və inkişaf yoluna çıxarıb, müasir Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyinin təmin olunması naminə yorulmadan çalışıb. Məhz Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunduğu, üzvlükdən öncə 1997-ci ildə Avropa Şurasının dövlət və hökumət başçılarının II Zirvə Görüşündə müstəqil Azərbaycan dövlətini ulu öndərin təmsil etdiyi yada salınıb. Azərbaycan xalqının öz görkəmli övladının xidmətlərini unutmadığı, xatirəsini ehtiramla yad etdiyi nəzərə çatdırılıb.

 

Klassik musiqi gecəsində Bakı Kamera Orkestrinin müşayiəti ilə Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və xalq artisti Yeganə Axundova çıxış ediblər. Tanınmış musiqiçilərin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət zəngin musiqi proqramı təqdim olunub. Orkestri dirijor, əməkdar artist Fuad İbrahimov idarə edib. 

 

Alqışlarla qarşılanan konsert proqramı vokalçı Orxan Cəlilovun ifasında Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı ilə yekunlaşıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir