Modern.az

Xaricdəki azərbaycanlılara hücum: Obalı olayı ilk deyil - FAKTLAR

Xaricdəki azərbaycanlılara hücum: Obalı olayı ilk deyil - FAKTLAR

Diaspor

22 May 2023, 15:20

Xəbər verdiyimiz kimi, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Əhməd Obalı və oğlu Dəniz ABŞ-da hücuma məruz qalıb. Hadisə onun Azərbaycandan yaşadığı ABŞ-a geri qayıtmasından 1 gün sonra baş verib.

 

İlkin versiyaya görə, hücum İran kəşfiyyatı tərəfindən təşkil olunub. Hadisə zamanı Obalının barmaqları qırılıb, eyni zamanda onun boynunu qırmağa cəhd ediblər, bu səbəbdən qolları və barmaqları işləmir.

 

Obalılara sui-qəsd edən 6 nəfərin yeri müəyyən edilərək, ABŞ polisi tərəfindən  saxlanılıb. Ehtimal olunur ki, İran xüsusi xidmət orqanlarına ABŞ-dakı erməni diasporunun nümayəndələrindən ibarət dəstə kömək edib. Hazırda faktla bağlı araşdırma aparıldığından detallar mətbuata açıqlanmayıb.

 

Obalıların üzləşdiyi cinayət ilk belə hadisə deyil. Zaman-zaman ölkə xaricində yaşayan azərbaycanlıların hücumlara məruz qalması, Azərbaycan diasporunun fəal kəsimindən olan şəxslərin döyülməsi və digər xarakterli təxribatlar barədə xəbərlər mətbuatda yayılır.

 

 

Modern.az son illərdə baş vermiş belə hadisələrlə bağlı media səhifələrində kiçik araşdırma edib.

 

2016-cı ilin Aprel döyüşlərindən sonra Fransanın paytaxtı Parisdə yerləşən Ermənistan səfirliyi qarşısında dinc etiraz aksiyası keçirən azərbaycanlılara qarşı erməni diasporu tərəfindən hücum təşkil olunub. Belə ki, 20-dən artıq maskalı ermənilərdən ibarət bir qrup ekstremist dəmir çubuqlar, şüşə, ammonium (kimyəvi maddə ) və digər küt alətlərlə silahlanaraq 200-dən artıq azərbaycanlı, Azərbaycanın dostları və beynəlxalq hüquq tərəfdarlarına qarşı zorakılıq tətbiq edib.

 

Fransadakı erməni vəhşiliyini əks etdirən görüntüləri təqdim edirik:

 

 

Parisdə 2019-cu ilin fevralında Azərbaycanın Fransadakı səfirliyi və YUNESKO yanında daimi nümayəndəliyinin Xocalı soyqırımı ilə bağlı "San-Eustache" kilsəsində keçirdiyi tədbirə də ermənilər tərəfindən hücum edilib. Tədbir başlamazdan əvvəl kilsəyə daxil olaraq təşkilatçılara və qonaqlara vulqar söyüşlərlə hücum edən, özlərini “FRA Nor-Seround” erməni gəncləri adlandıran şəxslərin bir qismi Ermənistandakı Daşnaksütyun Partiyasının Avropa təmsilçiləri olub.

 

Eyni ilin aprelində Avstriyanın Litsen şəhərində azərbaycanlı gənclərə xəsarət yetirilib. Bir qrup erməni etnik zəmində gənclərə hücum edib. Nəticədə əlbəyaxa dava düşüb, qeyri-bərabər güc qarşısında azərbaycanlı gənclər yüngül xəsarət alıblar. Ermənilər hadisə yerindən qaçıblar.

 

2020-ci ilin iyulunda yaşanan Tovuz hadisələrindən sonra erməni diasporunun azğın addımlarının daha da geniş vüsət alması müşahidə olunub. Belə ki, Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunun binasının önündə azərbaycanlılarla ermənilər üz-üzə gəliblər. Yarım milyon erməninin yaşadığı və baş nazir Nikol Paşinyanın “erməni diasporu”nun paytaxtı adlandırdığı Los-Ancelesdə Qarabağ həqiqətlərinin obyektiv şəkildə təqdim olunması yerli erməni lobbisini narahat edib. Ermənilər bu səbəbdən təxribata əl atıblar. ABŞ polisi yüzlərlə erməninin toplaşdığı ərazidə təhlükəsizliyi təmin etməyə çalışsa da, aksiya insidentsiz ötüşməyib. Qarşıdurma zamanı azərbaycanlılar arasında bir neçə nəfər yaralanıb.

 

Hücum zamanı ermənilər buzlu su butulkaları, daşlar, taxta dəyənək, parkovka konusu, çəkic və digər alətlərdən istifadə ediblər. İnsident nəticəsində 20-yə yaxın azərbaycanlı fiziki zorakılığa məruz qalıb, o cümlədən 7 azərbaycanlı (bir qadın da daxil olmaqla) və bir polis məmuru bədən xəsarətləri alıb, onlardan dördü tibbi müalicə alıb. Bir nəfər ikinci dərəcəli beyin silkələnməsi diaqnozu ilə evdə üç həftə müalicə olunub.

 

Hadisədən sonra ermənilər azərbaycanlıları döydüklərini nümayiş etdirən videoları sosial şəbəkədə xüsusi fəxr hissi ilə paylaşıb, etnik türklərin və azərbaycanlıların ünvanlarını tapmaqda kömək edənlərə 500 ABŞ dolları mükafat təklif edib, azərbaycanlı hamilə qadınların qətlə yetirilməsinə dair çağırış ediblər.

 

 

Həmin dövrdə Belçikadakı erməni diasporunun dəstələri də azərbaycanlı fəallara qarşı hücumlar təşkil edib. Hətta hadisə ilə bağlı 17 nəfər Belçika polisi tərəfindən saxlanılıb.

 

Həmçinin Tovuz hadisələrindən sonra  Rusiyanın paytaxtı Moskvada ermənilərlə azərbaycanlılar arasında toqquşmalar olub. Şəhərin Bratislavsk küçəsində ermənilər azərbaycanlılara hücum edib. Daha bir hadisə Yeni Moskvada, “Salarevo” metrostansiyasının yaxınlığında qeydə alınıb. Toqquşma zamanı hər iki tərəfdən onlarla insan iştirak edib.

 

Bu ilin mayında Los-Ancelesdəki hadisələrdə cinayət əməli sübuta yetirilmiş bəzi ermənilərə Kaliforniya məhkəməsi tərəfindən hökm oxunub.

 

Hovanes Sukasyana etirazçıya hücum etdiyinə görə, Ştat Cinayət Məcəlləsinin 422.6-cı maddəsinin “a” bəndinə əsasən azərbaycanlıya qarşı nifrət cinayəti törətməkdə ittiham olunub:

 

- 12 ay şərti azadlıqdan məhrum etmə növündə cinayət məsuliyyəti - bu müddət ərzində məhkum hər hansı, hətta kiçik cinayət törətsə, məhkəmənin hökmü ilə qalan müddəti həbs yerlərində çəkməyə məcbur ediləcək;

 

- 90 saat ictimai iş;

 

- 20 saatlıq qəzəbi idarə etmə təlimi;

 

- Hücumun qurbanına bütün tibbi və digər xərclərin ödənilməsi;

 

- Əlavə olaraq, 1000 ABŞ dolları məbləğində cərimə ödənilməsi;

 

- Bir qayda olaraq, məhkumun qərarın qüvvədə olduğu müddətdə ştatın ərazisini tərk etməsi qadağandır.

 

Bundan əvvəl isə Erik Hakobyana mitinq zamanı hökumət rəsmisinə hücum etdiyinə görə: Ştat Cinayət Məcəlləsinin 242-ci maddəsinə əsasən 12 ay müddətinə azadlıqdan məhrum etmə növündə cinayət məsuliyyəti, əgər bu müddət ərzində məhkum hər hansı, hətta azyaşlı cinayət törətdikdə, məhkəmənin hökmü ilə yerdə qalan müddəti cəzaçəkmə müəssisəsində çəkməyə məcbur edilir:

 

- Silahların əldə edilməsi, saxlanması və/və ya gəzdirilməsinin qadağan edilməsi;

 

- Hücumun qurbanına bütün xərclərin ödənilməsi.

 

Göründüyü kimi, erməni diasporunun əməlləri heç də həmişə cəzasız qalmır. Şübhəsiz ki, İranın xüsusi xidmət orqanları ilə erməni diasporunun əməkdaşlığı şəraitində güneyli ictimai-siyasi xadim Əhməd Obalıya qarşı törədilmiş cinayət də müvafiq araşdırmalardan sonra öz hüquqi qiymətini alacaq və hadisəni törədənlər layiq olduqları cəzanı alacaqlar.

 

Modern Təhlil Qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!