Modern.az

Diaspordan mina problemi ilə bağlı müraciət 

Diaspordan mina problemi ilə bağlı müraciət 

23 May 2023, 20:44

İsveçrədə fəaliyyət göstərən diasporumuz Azərbaycanın mina problemi ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, İsveçrə Azərbaycanlılarının Dostluq, Mədəniyyət və Həmrəylik Assosiasiyasının sədr müavini Ələkbər Əliyevin adından beynəlxalq təşkilatlara ünvanlanmış bəyanatda 2020-ci ildə Ermənistan ilə Azərbaycan arasında 44 günlük müharibə erməni işğalına son qoyulması ilə nəticələnsə də, ümumi dil tapmaq və tərəflər arasında mübahisəli məsələlərdə razılıq əldə etmək üçün unikal imkan yaradan proses bir sıra çətinliklərlə üzləşib. Buna misal olaraq hazırda Azərbaycanın minalarla və partlamamış silah-sursatla ən çox çirkləndirilmiş ölkələrdən birinə çevrildiyi göstərilib. İşğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində yüzlərlə Azərbaycan vətəndaşının, o cümlədən dinc sakinlərin həlak olduğu, yaralandığı, infrastruktura və ətraf mühitə böyük ziyan dəydiyi vurğulanıb. Ərazinin minalardan təmizlənməsi prosesinin uzun illər çəkə biləcəyi, göstərilən beynəlxalq dəstəyin bu prosesə töhfələr verəcəyi diqqətə çatdırılıb.

 

Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrini Azərbaycana verməkdən imtinası məqsədyönlü hərbi cinayət adlandırılıb. Vurğulanıb ki, bu, mümkün qədər çox insanın ölümünə səbəb olmaq, ən əsası, azərbaycanlıların öz evlərinə qayıtmaları prosesini uzatmaq məqsədi daşıyır.

 

Bəyanatda bəzi beynəlxalq təşkilatların və qrupların müharibədən sonra Azərbaycan ərazilərində mina basdırmaq cəhdinə görə həbs olunmuş Ermənistan hərbi diversantlarını müharibə əsirləri kimi müdafiə etmək cəhdləri pislənilib.

 

Mülki insanların ölümünə səbəb olan hər partlayışı “sülh təşəbbüsünə açılmış atəş” kimi qiymətləndirən soydaşlarımız beynəlxalq ictimaiyyəti bu dəhşətli problemin həlli naminə Azərbaycanı tam dəstəkləməyə çağırıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır