Modern.az

Daşkənddə Azərbaycan icmasının üzvləri ilə görüş keçirildi - FOTOLAR

Daşkənddə Azərbaycan icmasının üzvləri ilə görüş keçirildi - FOTOLAR

Diaspor

24 May 2023, 09:52

Özbəkistanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Heydər Əliyev İli” çərçivəsində Daşkənddə Azərbaycan icmasının üzvləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədr müavini Zafarbek Axmedov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycan icmasının Daşkənd, Buxara, Səmərqənd və digər şəhərlərdən gələn diaspor nümayəndələri iştirak ediblər.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov müasir Azərbaycanın və ölkəmizin diaspor quruculuğunun banisi Heydər Əliyevin tariximizdəki əvəzsiz və misilsiz xidmətlərindən danışıb, “Heydər Əliyev İli” çərçivəsində bütün dünyada müxtəlif xarakterli tədbirlərin gerçəkləşdirildiyini bildirib. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən diaspor quruculuğu, dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısı, Komitənin çoxşaxəli fəaliyyət istiqamətləri, xarici ölkələrdə 20 Azərbaycan Evinin, 15 Koordinasiya Şurasının fəaliyyət göstərdiyi, “Qarabağ”, “Nizami Gəncəvi” və sair adlar altında təşkil olunmuş Azərbaycan həftəsonu məktəbləri, “Heydər Əliyev İli” çərçivəsində bu il Naxçıvanda keçiriləcək Diaspor Gənclərinin IV Yay Düşərgəsi barədə ətraflı məlumat verib, Özbəkistandakı Azərbaycan icmasının yerli cəmiyyətə sıx inteqrasiyasını müsbət qiymətləndirib.

 

Diaspor fəallarından Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov, Daşkənddən İlham Abdullayev, Şahin Rzayev, Həzrət Əli, Mehriban Rəhimova, Səmərqənddən Adilağa Mirzəyev, Buxaradan Kamran Babayev və başqaları çıxış edərək, Heydər Əliyevin Azərbaycan və türk Dünyası qarşısındakı xidmətlərinin unudulmayacağını bildirib, tarixi kökləri olan Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğunu və Özbəkistan hökumətinin soydaşlarımızın hərtərəfli inkişafı üçün şərait yaratdığını vurğulayıb, diaspor fəaliyyətinin gücləndirilməsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər.

 



Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü